İranın XİN başçısı Vyana müzakirələrindən danışdı
Əmir-Abdullahiyan: Nüvə sazişindən kənar tələbləri qəbul etməyəcəyik
İran İslam Respublikasının xarici işlər naziri Vyanada başlayan nüvə danışıqları ilə bağlı ölkənin rəsmi nəşri olan “İran qəzeti”ndə məqalə yazıb.
SəhərAzəri-nin məlumatına əsasən, Qərbi nüvə sazişində verilən “heç bir vədi tutmamaqda” ittiham edən Hüseyn Əmir-Abdullahiyan öz məqaləsində bildirib: "İran xoşməramlılığını nümayiş etdirərək sanksiyaların ləğvi üçün növbəti dəfə danışıqlar aparır. Məqsəd 5 ölkə ilə səmərəli danışıqlara və müsbət razılaşmaya nail olmaqdır. İranın müsbət razılaşma əldə etmək üçün lazımi iradəsi var. İran nüvə sazişindən kənar tələbləri qəbul etməyəcək və bu mövzularda danışıqlar aparmayacaq”.
İranın nüvə proqramının dinc xarakter daşıdığını müdafiə edən Əmir-Abdullahiyan sənaye, ticarət, dənizçilik, kosmos, müdafiə və texnologiya sahələrində işlərinə davam edəcəklərini bildirib.
ABŞ-ın nüvə anlaşmasına qayıtması üçün İranın mənafeyinə uyğun olaraq sanksiyaların tamamilə aradan qaldırılmasının, təminatların verilməsinin və atılan addımların yoxlanıla bilən olmasının vacibliyinə işarə edən dövlət rəsmisi, buna nail olunarsa, İranın da tələblərə əməl edəcəyini vurğulayıb.
Əmir-Abdullahiyan həmçinin nüvə sazişi tərəflərinin lazımi siyasi iradəyə malik olduğu təqdirdə razılaşmanın mümkün olduğunu bəyan edib və yazıb: "ABŞ əmin olmalıdır ki, keçmişin acı təcrübələri yaşanmayacaq. Bu yolla İranın kommersiya tərəfdaşları narahat olmadan İranla daimi ticarət əlaqələrinə girə bilərlər. Bu fürsət pəncərəsi əbədi olaraq açıq qalmayacaq. ABŞ bütün tətbiq olunan sanksiyalar aradan qaldırılmadan nüvə sazişinə qayıtmağın mümkün olmadığını hələ də başa düşmür"