Dek 02, 2021 17:16 Asia/Baku
  • Sərhədlərin dəyişdirilməsi İranın qırmızı xəttidir

İranlı politoloq Tehranda çıxan Etimad qəzeti üçün yazdığı məqalədə Ermənistan-İran sərhədinin dəyişdirilməsini İran İslam Respublikasının qırmızı xətti adlandırdı.

SəhərAzəri-nin məlumatına əsasən, Həsən Behiştipur qəzetin 2 dekabr saylı nömrəsində “İran və Zənəgzur dəhlizi” sərlövhələi məqaləsində yazır:

“Son bir ildə mətbuatın işıqlandırdığı məsələlərdən biri də Ermənistan və Azərbaycan Respublikası arasında mövcud münaqişə ilə bağlı İranın mövqeyidir. Əgər iki tərəf Sovet dövründəki sərhədləri razılaşdıracaqsa, İranın bu məsələdə problemi olmayacaq və bunu tam qəbul edəcək. Lakin Soçi görüşündə əldə edilmiş razılaşmanın son günlər ən çox müzakirələrə səbəb olan üçüncü bəndi Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisi vasitəsilə

əlaqənin təmin olunması məsələsidir. Bu bəndlə bağlı Rusiya mətbuatı iddia edir ki, İrəvan Azərbaycanla Naxçıvan arasında birbaşa marşrutun yaradılması qarşısındakı maneələri aradan qaldırmağa razılıq verib. Bakı isə bildirir ki, Ermənistanla Dağlıq Qarabağ arasındakı Şuşa-Laçın dəhlizi kimi, Ermənistan ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan və ermənilərin hakimiyyət hüquqlarını tətbiq etmədikləri, eni 5 kilometr təyin edilən Zəngəzur dəhlizi Azərbaycan Respublikasına verilməlidir. Burada sual olunur ki, İran İslam Respublikasının dəhliz məsələsi ilə bağlı mövqeyi nədən ibarətdir?”

H.Behiştipur qeyd edir ki, İran Ermənistanla Azərbaycan arasında problemlərin həllini və Sovet dövründən qalan sərhəd xətlərinin müəyyənləşdirilməsini alqışlasa da, İslam Respublikası üçün həyati əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, İranla Ermənistan arasındakı sərhəd strateji və geostrateji sərhəddir. Əgər bu sərhəd dəyişəcəksə, o zaman regionun bütün siyasi coğrafiyası dəyişəcək.

Politoloqun fikrincə, Azərbaycan və Ermənistan respublikaları qarşılıqlı razılaşma əsasında İranın beynəlxalq sərhədlərini dəyişə bilməzlər. Bu prosesdə İran İslam Respublikasının qırmızı xətti beynəlxalq sərhədlərin dəyişdirilməsidir. Çünki mövcud sərhədlər Sovet İttifaqının dağılmasından sonra BMT-nin qətnamələri və Almatı müqaviləsinə uyğun olaraq beynəlxalq hüquq çərçivəsində tanınır və məhz bu sərhədlər əsasında İran və dünyanın digər dövlətləri respublikaların müstəqilliyini tanıyıb.

İranlı politoloq xəbərdarlıq edir ki, Zəngəzur dəhlizində Ermənistanın milli hakimiyyəti təmin olunmazsa və nəticədə İran-Ermənistan sərhədi bağlanarsa, buna həm erməni tərəfi, həm də İran tərəfi qarşı çıxacaqdır.

Teqlər