İran-Azərbaycan əlaqələrində müsbət addımlar atılır
Tehranın qonşuluq siyasəti prioritet olaraq gündəmdədir-TƏHLİL
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin başçısı Hüseyn Əmir-Abdullahiyan Azərbaycan Respublikasına səfərinin yekunları ilə bağlı yazdığı tvittdə Bakı səfərinin məhsuldar olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İranlı nazirin tvittində deyilir: "Bakıya rəsmi səfərdə münasibətlərimizin yeni səhifəsi üzərində razılıq əldə olundu. Cənab İlham Əliyevlə səmimi görüşdə əlaqələrin yaxşı yol xəritəsi hazırlandı. Həmkarım Cənab Ceyhun Bayramov və parlament sədri ilə faydalı fikir mübadiləsi apardıq. Əziz iranlılarla səmimi görüşüm isə səfəri təkmilləşdirdi.
Qonşuluq siyasəti prioritet olaraq gündəmdədir."
Sevindirici haldır ki, son aylarda iki ölkə arasında münasibətlərdə yaranmış bəzi anlaşılmazlıqlara baxmayaraq, Tehran və Bakı arasında münasibətlər sabit inkişaf məcrasına daxil olub.
İran və Azərbaycan Respublikası arasındakı münasibətlər zaman-zaman xarici siyasət və media təlqinlərinin təsiri altına düşsə də, iki ölkənin nəzakətli diplomatiyası bu münasibətlərin uzunmüddətli gərginliyə qurşanmasına imkan verməyib. Ümumiyyətlə İran və Azərbaycan Respublikasının bir-neçə mühüm səbəbə görə bir-birinin münasibətlərinə xüsusi baxışı var.
Birinci səbəb iki müsəlman ölkəsi olaraq güclü dini, mədəni və tarixi yaxınlığıdır.
İkinci səbəb iki ölkənin əlaqələrini inkişaf etdirmək, birgə layihələri inkişaf etdirmək və başa çatdırmaq üçün mövcud imkanlardır.
Elə bu istiqamətdə ötən həftə İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycanın energetika naziri Pərviz Şahbazovla onlayn görüşdə birgə elektrik stansiyasının tikintisinə hazır olduğunu açıqlayarkən, iki bəndin tamamlanması ilə bağlı fəaliyyətlərin davam etdirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Üçüncü səbəb İranın regional gərginliyi azaltmaq üçün diplomatik səyləridir. Qafqaz regionu Ermənistan və Azərbaycan Respublikası arasında uzun müddətdir davam edən münaqişələr və torpaq mübahisələri səbəbindən böhran və gərginliyə meyllidir.
İranın prinsipial mövqeyi qonşu ölkələrin ərazi bütövlüyünü dəstəkləmək və rəsmi coğrafi sərhədlərin dəyişdirilməsinə qarşı çıxmaqdır. İran bu prinsipial mövqedən çıxış edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü qətiyyətlə müdafiə edib və hər zaman bu ölkənin parçalanmasına qarşı çıxıb.
Bu yanaşmalar göstərir ki, iki ölkə arasında münasibətlərdə bəzi məsələlərə görə fikir ayrılıqları olsa da, hər iki tərəfdə qarşıya çıxan maneələri aradan qaldırmaq, Tehran- Bakı əlaqələrini inkişaf etdirmək, anlaşılmazlıqları aradan qaldırmaq üçün ciddi iradə var. İran xarici işlər nazirinin Bakıya səfəri bu prizmadan münasibətlərin inkişafında yeni addım kimi dəyərləndirilməlidir.