İran enerji sahəsində Livanın ehtiyaclarını təmin etməyə hazırdır
İran İslam Respublikasının xarici işlər naziri İranın elektrik və qaz sahələri daxil olmaqla enerji sahəsində Livanın ehtiyaclarını təmin etmək üzrə əməkdaşlığa hazır olduğunu bildirib.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dünən axşam Livan parlamentinin sədri Nəbih Berri ilə görüşüb və onunla ikitərəfli, regional və beynəlxalq səviyyələrdə tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə İran İslam Respublikası prezidentinin digər ölkələrlə əldə olunmuş razılaşmaların icra edilməsi vacibliyinə dair təkidinə işarə edən İranın xarici işlər naziri deyib: İran razılaşmaların qarşılıqlı icrası fonunda bütün sahələrdə, dost və qardaş Livanla iqtisadi-ticari həmkarlıqları genişləndirməyə hazırdır.
Söhbət zamanı Əmir-Abdullahian regional və beynəlxalq hadisələrə də toxunub: Dünyadakı böhranlarda, o sıradan Ukrayna hadisələrində İran İslam Respublikasının mövqeyi, xarici amillərdən təsir almadan, birbaşa və aydındır. Biz istər Əfqanıstan, istər Yəmən, istərsə də Ukraynada müharibəyə qarşıyıq. Eyni zamanda, Qərb ölkələri tərəfindən birtərəfli sanksiyaların tətbiq edilməsi bizim üçün qəbuledilməzdir.
Vyana müzakirələrinin cari gedişatına işarə edən İranın xarici işlər naziri vurğulayıb: İranlı tərəf bu müzakirələrdə yaxşı və dayanıqlı anlaşmaya çatmaqda ciddidir. Bununla yanaşı, müzakirələr prosesinin uzanmasını istəmir və öz qırmızı xətlərindən də keçməyəcəkdir.
Bu görüşdə Livan parlamentinin sədri də ölkəsindəki elektrik çatışmazlığına işarə ilə deyib: İran İslam Respublikasının Livana yanacağın göndərilməsinə dair vədinə əməl etməsindən sonra Amerika Livana lazım olan enerjini təmin etmək və qaz boru kəməri layihəsinə təkan vermək sahəsindəki zahiri səylərinə rəğmən, indiyədək öz vədlərinə əməl etməyibdir.
Ukraynadakı hazırkı hadisələr barədə fikir bildirən Nəbih Berri onu, ən çox zərəri məhz Avropa ölkələrinə yönələn bir Avropa-Avropa böhranı adlandırıb.
Livan parlamentinin sədri həmçinin bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətləri adiləşdirmək üzrə addımlarını tənqid edib. Qeyd edib ki, Livan ərəb xalqlarının amallarının qorunması istiqamətində qəsbkar sionist rejimlə mübarizədə minlərlə şəhid təqdim edib. Belə bir halda, bir qrup ərəb ölkəsi bu amallara arxa çevirib, qeyd olunan rejimlə saziş edibdir.
Nəbih Berri İranı dünyadakı müqavimət cərəyanlarının ilhamvericisi və regiondakı müqavimətin əsas bulağı adlandırıb.