Əmir Abdullahian Çində Pakistan XİN başçısı ilə görüşüb
İranın xarici işlər naziri və onun pakistanlı həmkarı çərşənbə günü Çində görüş keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian və Şah Mahmud Qureyşi bu gün Əfqanıstan qonşularının üçüncü iclası çərçivəsində Çinin Tunsi şəhərində görüşüb, əsas regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.
Əmir Abdullahianın Qətər, Türkmənistan və İndoneziya xarici işlər nazirləri ilə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Əfqanıstanla qonşu ölkələrin xarici işlər nazirlərinin üçüncü toplantısında iştirak etmək üçün siyasi nümayəndə heyətinin müşayiəti ilə dünən Çinə gedib.
Əfqanıstan qonşularının xarici işlər nazirlərinin üçüncü iclası Çinin Anhoy əyalətinin Tunsi şəhərində İran, Pakistan, Çin, Türkmənistan, Özbəkistan, Tacikistan və Rusiyanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilir.
İclas çərçivəsində, həmçinin Əfqanıstan, Qətər və İndoneziyanın xarici işlər nazirləri ilə Taliban nümayəndə heyəti arasında görüşün keçirilməsi də planlaşdırılır.