May 24, 2022 19:43 Asia/Baku
  • Rəisi: Tehran və Məsqət arasında siyasi etimad yeni mərhələyə qədəm qoyur

Prezident Seyid İbrahim Rəisi və Oman sultanı Heysəm Bin Tariq Ali Səid Tehran və Məsqət arasında ticarət həcminin artırılması zərurətinə toxunaraq, bu əlaqələrin siyasi səviyyə qədər irəliləmədiyini və mövcud imkanların tez bir zamanda həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, dünən rəsmi səfər üçün Omana gedən İran İslam Respublikası prezidenti Omanın sultanı ilə görüşüb.

Omanı dost və qardaş ölkə kimi səciyyələndirən prezident Rəisi Tehran və Məsqət arasında əlaqələrin yaxşılaşdırılması üçün müxtəlif imkanların mövcudluğundan danışıb və deyib: “İki ölkə rəsmilərinin əlaqələri artırmaq iradəsi çox mühümdür və hesab edirik ki, bu iradənin reallaşması üçün əhatəli plan təşkil edilərək, gələcək perspektiv hazırlanmalıdır".

Bəzi məsələlərin qısa müddətdə həll oluna biləcəyinə işarə edən Rəisi, əlavə edib: "Omanı dürüst və etibarlı bir dost olaraq görürük və bu gün siyasi etimad yeni mərhələyə qədəm qoyub" .

Oman Sultanı da öz növbəsində bildirib ki, ölkəsi qardaş və qonşu ölkə İrana dostluq əlini uzadır.

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisini Məsqətdə qarşılamaqdan məmnunluq ifadə edən,  Heysəm Bin Tariq Ali Səid, iki ölkənin müasir tarixdəki konstruktiv əlaqələrinə diqqət çəkib.

Ticarət əlaqələrinin səviyyəsinin siyasi əlaqələrdən geri qaldığını deyən Oman Sultanı əlavə edib: “Ticarət həcmimizi artırmaq üçün yeni planlar və proqramlar aktivləşdirilməlidir. Bəzi müqavilələrin uzadılması və yeni müqavilələrin imzalanması da vacibdir'' .

Qeyd edək ki, İran prezidenti Rəisinin Omana bir günlük səfəri çərçivəsində iki ölkə arasında müxtəlif siyasi, nəqliyyat, iqtisadi və turizm sahələrində 12 əməkdaşlıq sənədi imzalanıb.

12 əməkdaşlıq sənədini İranın sənaye, mədən və ticarət, xarici işlər, yol və şəhərsalma nazirləri və Ticarətin Təşviqi Təşkilatının rəhbəri omanlı həmkarları ilə imzalayıblar.

Bu razılaşmalardan ən mühümü İran-Oman Təbii Qaz Boru Kəməri layihəsinin canlandırılması və müştərək Hengam enerji yatağının işlənilməsi ilə bağlı iki ölkənin neft nazirləri arasında əldə edilmiş razılaşmadır.

Teqlər