May 31, 2022 11:16 Asia/Baku
  • Təbriz və Azərbaycanın simvolları əskinaslarda əks olunur

İran parlamentinin Təbrizdən olan deputatı Şərqi Azərbaycana aid simvolların milli valyutada əks olunacağını xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Təbriz, Üskü və Azərşəhr əhalisinin İslam Şurası Məclisindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad deyib ki, Mərkəzi Bank tərəfindən Təbriz və Azərbaycanın rəmzlərinin təsvirləri olan əskinasların dövriyyəyə buraxılmasını elan edib.

Deputat bu gün səhər jurnalistlərə verdiyi açıqlamada Azərbaycanın rəmzləri və qəhrəmanlarının milli və beynəlxalq səviyyədə tanıdılması zərurətinə işarə edərək qeyd edib: "Xoşbəxtlikdən Azərbaycanın rəmzlərindən birinin təsviri ölkənin dövriyyədə olan əskinaslarından birində dərc edilmişdir."

Onun sözlərinə görə, ötən əsrlərdə bu bölgənin ən böyük şairlərinin dəfn olunduğu, Təbrizin və Azərbaycanın ən mühüm rəmzlərindən biri sayılam Məqbərətüş-şüəranın da bu baxımdan nəzərdən keçirildiyini bildirib və əlavə edib: "Bu dəyərli simvolun təsviri 20 min riyallıq əskinasın üzərinə salınıb və həmin əskinasların tezliklə bütün ölkə ərazisində yayılmasına başlanılacaq."

Təbrizli millət vəkili vurğuladı ki, Təbriz və Azərbaycanın rəmzlərinin tətbiqi bu bölgənin imkanlarını tanıtmaqla yanaşı, həm də turistlərin cəlb edilməsində təsirlidir."

Mütəfəkkir Azad qeyd edib ki, 20 min riyallıq əskinasa Azərbaycan rəmzinin salınması bir başlanğıcdır və gələcəkdə digər əskinaslarda və ya İran pasportunun səhifələrində bölgənin digər simvolları da salına bilər.

Mütəfəkkir Azad sonda İran tarixində Təbriz və Azərbaycan əhalisinin milli birlik və siyasi, mədəni və iqtisadi cərəyanlardakı rolunu yüksək qiymətləndirib. 

Teqlər