İran və Venesuela arasında əməkdaşlıq haqqında 20 illik sənəd imzalanıb
İran prezidenti Seyid İbrahim Rəisi və onun venesuelalı həmkarı Nikolas Maduro şənbə günü iki ölkə arasında hərtərəfli strateji əməkdaşlığa dair 20 illik sənəd imzalayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, sənəddə siyasi, mədəni, iqtisadi, neft, neft-kimya, və turizm sahələrində əməkdaşlığa diqqət yetirilir.
Hərtərəfli əməkdaşlığa dair sənəd imzalandıqdan sonra prezidentlər birgə mətbuat konfransında iştirak ediblər.
Bundan əvvəl Maduronu Tehranın şimalındakı Səədabad mədəniyyət kompleksində İran prezidenti qarşılayıb.
Maduro Türkiyə səfərindən sonra cümə günü (10 iyun) İrana gəlib. Bu, onun Tehrana ikinci səfəridir; birincisi təxminən altı il əvvəl baş tutub.
İranın ispandilli Hispan TV telekanalına cümə günü verdiyi müsahibədə Maduro bildirmişdi ki, prezident Rəisi ilə görüşündə gələcək 20 il üçün plan və strategiyalar nəzərdən keçiriləcək.
Venesuela prezidenti iranlı həmkarının dəvəti ilə Tehrana səfər edib.