Rəisi: Ən yaxın münasibətləri İraqla quracağıq
İran prezidenti Seyid İbrahim Rəisi bu gün axşam Tehranda yerləşən Səədabad tarixi-mədəni kompleksində İraqın baş naziri Mustafa Əlkazimini rəsmi surətdə qarşılayıb.
SəhərAzəri-nin məlumatına əsasən, rəsmi qarşılama mərasimində öncə iki ölkənin dövlət himnləri səsləndirilib. Sonra prezidentlər meydanda hazır olan mərasim dəstəsinin önündən keçiblər.
Rəisi və Əlkazimi görüşdən sonra keçirdikləri mətbuat konfransında bu danışıqların nəticələrini şərh ediblər.
Ayətullah Seyid İbrahim Rəisi bu birgə mətbuat konfransında deyib: İran-İraq münasibətləri iki xalqın ortaq inamlarında köklərə malikdir. İki ölkə rəsmilərinin/ əlaqələri bütün sahələrdə genişləndirmək iradəsi var.
O, əlavə edib: Qonşularla əlaqələrin genişləndirilməsi istiqamətində biz İraqı İran xalqına ən yaxın xalq bilirik və ən yaxın münasibətləri İraqla quracağıq. Hal-hazırda qonşu ölkələr arasında İraqla ən yaxın əlaqələrə malikik.
Ölkə prezidenti həmçinin deyib: Sionist rejimin region ölkələrilə münasibətləri normallaşdırmaq üzrə cəhdi heç bir vəchlə bu rejimə təhlükəsizlik yaratmayacaq. Biz və İraq bölgədə sülh və asayişə təkid edirik və bu hədəf regiondakı bütün məsul şəxslərin rol oynamaları fonunda əldə ediləcək. Sionist rejimin münasibətləri adiləşdirməsi və ya əcnəbilərin regionda iştirakı bölgədən bir problemi həll etməyəcək.
Rəisi sonda bildirib ki, İran-İraq əlaqələri regional və qlobal məsələlərdə çox təsirli ola bilər.
O, söyləyib: Biz İraqın çətin günlərində bu ölkənin yanında olmuşuq və həmişə bir-birimizin kənarında olacağıq və bu münasibətlər heç vaxt soyumayacaq. Biz iki ölkə əlaqələrini genişlənməkdə olan əlaqələr hesab edirik. Cənab Əlkaziminin Tehrana səfəri iki ölkə əlaqələrinin inkişafı üçün dönüş nöqtəsidir.
İraqın baş naziri də bu mətbuat konfransında bildiribdir ki, Ərbəin günlərində İmam Hüseyn(ə)-ın ziyarətinə getmək niyyətində olan iranlı zəvvarların ziyarətini asanlaşdırmaq üçün bir zaman çərçivəsinin tənzim edilməsi barədə razılığa gəliblər. O, vurğulayıbdır ki, Ərbəin ziyarət günlərində var güclərilə zəvvarların xidmətində olacaq və onları qarşılayacaqlar.