İyun 27, 2022 19:09 Asia/Baku
  • İran XİN sözçüsü: Nüvə danışıqları bu həftə bərpa olunacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü keçirdiyi son mətbuat konfransında nüvə sazişinin bərpası üzrə ABŞ-la dolayı danışıqların bu həftə bərpa olunacağını və Fars körfəzi ölkələrindən birinin bu danışıqlara ev sahibliyi edəcəyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün xarici siyasət sahəsindəki son prosesləri şərh edərək, ABŞ-ın zalımcasına sanksiyalarının lığvi ilə bağlı danışıqların yeni məkanı barədə əlavə edib: "Danışıqların tarixi və yeri demək olar ki, təsdiqlənib və yekun qərarlar bu gün veriləcək".

Onun sözlərinə görə, Fars körfəzindəki ölkələrdən biri danışıqlara ev sahibliyi edəcək və bu həftə yaxın günlərdə danışıqlar başlayacaq.

Diplomat danışıqların bərpası üçün zəmin yaradan Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrell-in səylərini yüksək qiymətləndirib.

Xətibzadə əlavə edib: "Borrel İrana səfər edərək, ABŞ-ın fikirlərini İran tərəfinə çatdırdı və ABŞ-ın nüvə sazişinə və 2231 saylı qətnaməyə sadiq qalacağına söz verdiyini və İranın maraqlarına zəmanət verdiyini bildirdi".

Eyni zamanda İranın Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, amerikalılar nə ölkələrin suverenliyinə hörmət edirlər, nə də ki, qruplaşmaların terrorçu olması onlar üçün önəmli deyil, onlar üçün təkcə partiya və şəxsi maraqları önəmlidir.

Xətibzadə, həmçinin vurğulayıb ki, qarşıdan gələn danışıqlar dolayı xarakter daşıyacaq və nüvə ölçüləri deyil, sanksiyalarla bağlı həll edilməmiş məsələləri əhatə edəcək və Vyanada əldə olunmuş razılaşmaya heç nə əlavə edilməyəcək və ya çıxarılmayacaq.

Xətibzadə İraqın baş naziri Mustafa Əl-Kazeminin dünənki Tehran səfəri barədə də deyib: "Əl-Kazeminin səfəri əvvəlcədən planlaşdırılmışdır və ikitərəfli əlaqələr və regional inkişaflar çərçivəsində idi".

Xətibzadə daha sonra bildirib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Türkiyəyə gedəcək. Əmir Abdullahian Ankara səfərindən sonra Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Zirvə toplantısında iştirak etmək üçün Türkmənistana gedəcək.

Xətibzadə həmçinin bildirib ki, o, vəzifəsini tərk edir və onu İran İslam Respublikasının Misirdəki Maraqlarının Müdafiəsi İdarəsinin hazırkı rəhbəri Nasir Kənani əvəz edəcək. 

Teqlər