Sen 15, 2022 07:44 Asia/Baku
  • İran Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə dair memorandum imzalandı

İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlüyü ilə bağlı öhdəliklər memorandumu imzalanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Janq Minq ilə görüşündə İranın bu təşkilata daimi üzvlüyünə dair öhdəlik memorandumunu imzalayıb.

Nazir bununla bağlı deyib: “İndi biz müxtəlif iqtisadi, ticarət, tranzit, enerji və... əməkdaşlıqların yeni mərhələsinə daxil olmuşuq.”

Şanxay Əməkdaşlıq Təşkilatı çoxtərəfli siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yaradılmış hökumətlərarası təşkilatdır.

Bu təşkilat 2001-ci il iyunun 15-də Çinin Şanxay şəhərində Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən yaradılıb. Daha sonra bu təşkilata Hindistan və Pakistan da qoşulubdur.

İran İslam Respublikası da Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlüklə bağlı proseslərdən keçir və Səmərqənd görüşündə İranın daimi üzvlüyünün bu təşkilatın başçıları tərəfindən imzalanması nəzərdə tutulub.

Monqolustan, Əfqanıstan və Belarus Şanxayın müşahidəçi üzvləridir.

Əmir-Abdullahiyan bu memorandumu imzaladıqdan sonra bəyanat verərək qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatına aid sənədlər İran İslam Respublikası hökumətinin nümayəndə heyəti tərəfindən bəyənilib və İslam Şurası Məclisinə göndərilib. “Ümid edirik ki, ən qısa zamanda İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüyünün şahidi olacağıq.”, - deyə İranın XİN rəhbəri əlavə edib.

İran İslam Respublikasının xarici işlər naziri çərşənbə günü İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ilə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün Səmərqənd şəhərinə səfər edib.

Tacikistanın paytaxtı Düşənbədə təşkilat liderlərinin əvvəlki iclasında İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlüyü üzv ölkələr tərəfindən dəstəklənmişdi.

Teqlər