Okt 06, 2022 14:31 Asia/Baku
  • Rəisi zəlzələdən zərər çəkənlərə yardımın sürətləndirilməsinə göstəriş verib

Rəisi Qərbi Azərbaycanda zəlzələdən zərər çəkənlərə yardımın sürətləndirilməsinə göstəriş verib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi dünən axşam Qərbi Azərbaycan valisi Məhəmməd Sadiq Mötəmidiyan ilə telefon söhbətində qış fəsli başlanmazdan öncə bu vilayətdə zəlzələdən zərər çəkənlər üçün münasib sığınacağın təmin edilməsi istiqamətində lazımi tədbirlərin görülməsinə təkid edib.

Dünən səhər saatlarında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda Rixter şkalası ilə 5,4 bal gücündə yeraltı təkan baş verib. Tehran universitetinin geofizika institutu yeraltı təkanın yerin on kilometr dərinliyində baş verdiyini bildirib.

Zəlzələ nəticəsində indiyədək 1126 nəfər bədən xəsarəti alıb.

İran prezidenti Qərbi Azərbaycan valisi ilə telefon söhbətində hadisədən zərər çəkmiş insanların müvəqqəti məskunlaşdırılmaları və yardım prosesinin sürətləndirilməsi barədə lazımi göstərişlər verib.

Rəisi həmçinin yardım orqanlarına göstəriş veribdir ki, Qərbi Azərbaycan vilayətində mövcud olan bütün imkan və bacarıqlarlardan istifadə etməklə zəlzələdən zərər çəkənlərin təcili ehtiyaclarının aradan qaldırılmasına səy göstərsinlər.

Zəlzələdən zərər çəkmiş insanların fövqəladə şəkildə məskunlaşdırılmaları zəlzələnin baş verdiyi ilk saatlardan başlanıb. Dövlətin, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepahın, ordunun və səfərbər qüvvələrin imkanları ilə zəlzələdən zərər çəkənlərə yardımın çatdırılması davam edir.

Qərbi Azərbaycan vilayəti rəsmilərinin bildirdiklərinə görə, bu yeraltı təkanda insan tələfatının olmamasının əsas səbəbi, bölgədə yüksək təhlükəsizliyə malik yeni tikililərin mövcud olmasıdır.

Teqlər