Kənani: Almaniya İraq və İran xalqlarına qarşı keçmiş cinayətlərinə görə üzr istəməlidir
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Almaniya xarici işlər nazirinin Bağdaddakı anti-İran bəyanatlarını pisləyib və deyib ki, Almaniya xarici işlər naziri hər şeydən əvvəl ölkəsinin İran və İraqa qarşı keçmiş cinayətlərinə görə üzr istəməli idi.
SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani çərşənbə günü Almaniyanın xarici işlər naziri Annalena Berbokun çərşənbə axşamı Bağdadda İrana qarşı verdiyi bəyanatlara cavab olaraq, bunları pisləyib və deyib ki, Almaniyanın xarici işlər nazirinin İran İslam Respublikasına qarşı əsassız ittihamlar irəli sürməklə ölkəsinin Səddam rejiminə İrana qarşı dəstək verməklə bağlı iyrənc keçmişini, eləcə də İran və İraqın müdafiəsiz mülki şəxsləri və hərbçi qüvvələrinə qarşı istifadə etmək üçün Bəəs rejimini kimyəvi silahlarla təchiz etmək kimi biabırçı cinayətlərini gizlətməyə çalışmaq əvəzinə, hər şeydən əvvəl Almaniya hökumətinin İran və İraq xalqlarına qarşı keçmiş biabırçı davranışına görə üzr istəməsi gözlənilirdi.
O, İraqın ərazi bütövlüyü və birliyinin dəstəklənməsində və bu ölkənin suverenliyinə hörmət edilməsində İranın danılmaz roluna toxunaraq deyib: "Təəssüflər olsun ki, hazırda əlləri İran və İraqın mülki vətəndaşlarının qanına bulanmış çoxlu sayda silahlı separatçı və terrorçu qruplar Almaniyaya sığınıb".
İran Xarici İşlər Nazirliyinin sözçüsü Almaniya xarici işlər nazirinin İrana qarşı açıqlamalarını Almaniya hökumətinin İran İslam Respublikasına düşmən olan silahlı terrorçulara və separatçılara davamlı dəstəyinin göstəricisi, eləcə də iki qonşu İran və İraq arasında münasibətlərə xələl gətirmək üçün səmərəsiz səylərin davamı kimi dəyərləndirib.
O, Almaniyaya tarixdən dərs almağı tövsiyə edib və qeyd edib ki, region hökumətləri və xalqları bəzi qərb ölkələrinin, o cümlədən Almaniyanın müharibəni qızışdıran diktatorları dəstəkləməkdə atdığı addımları heç vaxt unutmayacaqlar.
Almaniyanın xarici işlər naziri Annalena Berbok İraqın paytaxtına səfəri zamanı İranın İraq sərhədi boyunca terrorçuların mövqelərinə raket zərbələri endirməsinin regional sabitliyi riskə atdığını iddia edib.