Bu gün İranda neft sənayesinin milliləşdiyi gündür
İran neft sənayesinin milliləşdirilməsi qanunu 1329-cu günəş ili isfənd ayının on yeddisində milli şura məclisinə təqdim olundu və senat onu həmin ayın iyirmi doqquzunda qəbul etdi.
SəhərAzəri-nin məlumatına əsasən, İran neft sənayesinin milliləşdirilməsi qanununun 1329-cu günəş ili isfənd ayının iyirmi doqquzunda qəbul edilməsi İranıın milli sərmayələrini əcnəbilərin əllərindən xilas etmək istiqamətində İran xalqının mübarizələr, iqtisadi və siyasi tarixində bir dönüş nöqtəsi sayılır.
İranda ilk neft quyusunun yüz ildən çox müddət öncə Xuzistan vilayətində yerləşən Məscidi-Süleyman bölgəsində bir ingilis şirkət tərəfindən kəşf olunduğu zaman, İranın ozamankı hökuməti bu mühüm hadisə barədə heç dərk və məlumata malik deyildi. Amma onu kəşf edənlər yaxşı bilirdilər ki, İranda necə bir sərvət əldə ediblər. Onlar İranın xam neftinin çıxarılması, istehsalı və satışı üzrə istismarçılıq müqavilələri ilə İranda öz müstəmləkə dayaqlarını qurdular.
Xarici şirkətlər illər boyu İran xalqının sərmayəsini qarət etdilər və İranın ozamankı hökumətləri xalqın hüququnun bərpası üçün heç bir səy göstərməyib, həmin məsələyə diqqət yetirmədilər.
Doktor Məhəmməd Müsəddiq ölkədə “neftsiz iqtisadiyyat” təfəkkürünün bünövrəsi olan böyük bir hərəkətə başladı. Həmin dövrdə beynəlxalq şərait elə idi ki, müxtəlif ölkələr, xüsusən Rusiya, İngiltərə və Amerika İran hökumətinə təkliflərlə neft imtiyazı əldə etmək istəyirdilər. İngiltərənin İranın cənub neft mənbələrinin istismarı imtiyazına malik olduğuna görə, ruslar şimal neft yataqlarının imtiyazını əldə etmək niyyətində idilər. Amerikalılar da İranda neft imtiyazı əldə etmək istəyirdilər.
Doktor Müsəddiq xaricilərə neft imtiyazının verilməsi barədə belə deyib: Bir ölkəyə neftin verilməsi bəhanəsilə heç bir digər ölkəyə imtiyaz verilməməlidir, çünki bu haqsız dövr bitmək bilməyəcəkdir.
Müsəddiq dəfələrlə belə bir cəhətə təkid edirdi ki, iranlıların özləri ölkələrinin neft mənbələrini idarə etməlidirlər.
Doktor Müsəddiq Sovet İttifaqının İranın şimal neftinin imtiyazını almaq üzrə təzyiqi ilə mübarizə aparmaq üçün məclisin həmin dövründə bir qanun qəbul etdirdi ki, xarici qüvvələrin İranda olduqları zamanadək hökumətə neft imtiyazı barədə müzakirə aparmaq qadağan olunurdu.
Neft sənayesinin milliləşdirilməsi hərəkəti elə bir şəraitdə formalaşdı ki, İran Yaxın Şərqdə ən iri xam neft istehsalçısı idi və Amerika, Venesuela və sabiq Sovet İttifaqından sonra dünyada dördüncü mötəbər xam neft istehsalçısı sayılırdı.
Doktor Müsəddiqin səylərindən sonra Pəhləvi rejimi onun məclisin on beşinci çağırışında parlamentə gəlməsinə icazə vermədi. Bu dövrdə İngiltərənin tabeliyində olan amillərin məqsədləri bu idi ki, Rza şah dövründə imzalanmış 1933-cü il müqaviləsini məclisin qəbul etməsilə ratifikasiya etsinlər. Amma ümumi fikrin təzyiqi nəticəsində ingilislərin məqsədləri təmin olunmadı və on beşinci məclisin ömrü başa çatdı.
Buna görə, İngiltərənin İranda neft sənayesinin milliləşdirilməsi hərəkətindən narazı olması və İran xalqının bu haqq tələbini pozmaq üzrə səyi tamamilə təbii bir məsələ idi. İngiltərə neft şirkəti indi öz mənafeyini təhlükədə görürdü.
Günəş təqvimi ilə 1320-ci ilin şəhrivər ayından sonra siyasi fəaliyyətlərin genişlənməsi xalqın mübarizəsinin genişlənməsinə, xüsusən onun neft müqaviləsinin vəziyyətinə diqqətinə səbəb olmuşdu.
Doktor Müsəddiq məclisdə və ondan kənarda “neftin milliləşdirilməsi hərəkatı” kimi məşhur olan bu hərəkata istiqamət verirdi.
On altıncı məclis seçkilərində şahın və saray adamlarının bütün saxtakarlıqları və müdaxilələrinə rəğmən, Müsəddiq seçkilərin ikinci etapında məclisə seçildi və bu dövrdə onun rəhbərliyi altında “neft sənayesinin milliləşdirilməsi” layihəsi məclisdə qəbul olundu. Milli şura məclisi əksəriyyət səslə neftin milliləşdirilməsi prinsipini təsdiq etdi və doktor Müsəddiq belə bir siyasi və ictimai atmosferdə bu qanunu isfənd ayının sonuncu günündə senatda da qəbul etdirməyə müvəffəq oldu.