May 18, 2023 15:00 Asia/Baku
  • “Rəşt-Astara dəmir yolunun yaradılmasına dair razılaşma strateji addımdır”

İran İslam Respublikasının prezidenti Rəşt-Astara dəmir yolu ilə bağlı razılaşmanı strateji addım adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranda Rəşt-Astara dəmir yolu hissəsinin yaradılmasına dair sazişin imzalanması mərasimində çıxış edən Seyid İbrahim Rəisi video-əlaqə vasitəsilə tədbirdə iştirak edən Rusiya prezidenti Vladimir Putinə hər iki ölkə arasında əməkdaşlıq mövzusuna ciddi münasibətinə görə təşəkkür edib.

Sazişə əsasən, Rusiya və İran uzunluğu 170 kilometr olan və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini birləşdirən Rəşt-Astara dəmir yolunun layihələndirilməsi və inşasını birgə maliyyələşdirəcək.

İran prezidenti deyib: “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə İran və Rusiya üçün deyil, bütün region ölkələri üçün faydalı olacaq. Şərqi və Cənubi Asiyadan Qafqaza və Şimali Avropaya gedən bu marşrut bütün bu ölkələr arasında dostluğun, sinerjinin, ticarət-iqtisadi əməkdaşlığın təzahürü olacaq”.

Rəisinin sözlərinə görə, Rusiya Federasiyası və bu dəhliz üzərində olan ölkələrin hamısı bilir ki, İran marşrutu ticarət, iqtisadi və tranzit işləri üçün ən ucuz, iqtisadi və ən yaxın marşrutdur.

Sonra söz Rusiya prezidenti Vladimir Putinə verilib. O deyib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması sahəsində qarşılıqlı fəaliyyət Azərbaycan ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Bununla da üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüququ baza yaranacaq.

Rusiya Prezidenti Vladimir Putin Rəşt-Astara dəmir yolunun tikintisini dünya nəqliyyat infrastrukturu üçün mühüm hadisə adlandırıb. O vurğulayıb ki, Şimal-Cənub nəqliyyat arteriyasının bir hissəsi olacaq Rəşt-Astara dəmir yolu yük daşımalarını şaxələndirməyə imkan verəcək.

Qeyd edək ki, Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Bu yol Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək.

 

Teqlər