May 29, 2023 12:58 Asia/Baku
  • Rəisi: İran və Oman əlaqələri ticarət səviyyəsindən investisiya mərhələsinə yüksəlib

İran prezidenti deyib: "İran və Oman arasında əlaqələr kommersiya mərhələsindən investisiya mərhələsinə yüksəlib və iki ölkə liderlərinin regional yaxınlaşmanın gücləndirilməsinə dair birgə baxışları və yanaşmaları müvafiq imkanlarla yanaşı, onların ikitərəfli və regional səviyyədə əməkdaşlığını genişləndirə bilər.

SəhərAzəri- "İran Press"in məlumatına görə, İran prezidenti Seyid İbrahim Rəisi bazar günü günortadan sonra Oman sultanı Heysəm Bin Tariq Ali Səidin səfəri zamanı iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin birgə iclasında bildirib ki, Tehran və Məsqət regional əməkdaşlıq, təhlükəsizlik, sülh və region xalqlarının rifahı ilə bağlı ortaq fikirlərə malikdir.

Prezident Rəisi iki ölkənin müxtəlif sənaye, ticarət, rabitə, müdafiə və təhlükəsizlik məsələləri, avtomobil və dəmir yolları, dəniz nəqliyyatı və tranzit, maliyyə və pul mübadilələri və enerji sektorlarındakı imkanlarını əməkdaşlığın genişləndirilməsi üçün uyğun sahələr kimi qeyd edib və İran və Oman rəsmiləri arasında investisiya əməkdaşlığının artırılması üzrə baş tutan danışıqların nəticələrinə diqqət çəkərək, birgə investisiyaların inkişafına dəstək üçün müştərək fond yaradılması haqqında sazişin yekunlaşmasının zəruriliyini vurğulayıb.

Rəisi, həmçinin iki ölkənin Yəmən və Fələstinlə bağlı ortaq mövqelərinə də işarə edərək, Omanın və xüsusilə də Sultan Heysəm bin Tariqin Yəmən xalqı və fələstinlilərin hüquqlarının təmin edilməsində rolunu yüksək qiymətləndirib və bu rolun qətiyyətlə davam etdirilməsinə çağırıb.

Oman Sultanı Heysəm bin Tariq Ali Səid də bu görüşdə, İran prezidentinin dəvəti və səmimi qəbuluna görə minnətdarlığını bildirib.

O, əlavə edib: "Prezident Rəisinin keçən il Omana səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlərin və regional əməkdaşlığın səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb, ticarət mübadiləsinin həcmi isə iki dəfə artıb, lakin iki ölkənin imkanları və çeşidli və əlverişli sahələrini nəzərə alaraq, biz münasibətlərin arzuolunan səviyyəsindən hələ də uzağıq və hər iki tərəf bu imkanları daha çox səylə aktivləşdirməlidir".

 

Teqlər