Mart 07, 2024 13:44 Asia/Baku
  • İranın müdafiə naziri erməni həmkarı ilə rəsmi görüşdə:

“Qafqaz başqaları üçün rəqabət meydanına çevrilməməlidir”

İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri ermənistanlı həmkarı ilə görüşündə Qafqaz regionunun başqaları üçün rəqabət meydanına çevrilməsini yolverilməz məsələ adlandırıb.

General-mayor Əmir Ərayi Aştiyani deyib: “Təhlükəsizliyi regiondan kənarda axtarmaq əks nəticə verir, bölgəni güc münaqişəsi meydanına çevirir, regionda təhlükəsizlik və sabitliyə daha çox problemlər yaradır. Ona görə də Qafqaz regionunun başqaları üçün rəqabət meydanına çevrilməsinə imkan vermək olmaz”.

Aştiyani həmçinin bütün qonşularla əlaqələrin gücləndirilməsi məsələsinin İran İslam Respublikasının xarici siyasətinin prinsiplərindən biri olduğunu bəyan edərək əlavə deyib: “Ermənistan qonşuluq münasibətlərində xüsusi əhəmiyyət kəsb edir və Ermənistanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr daim inkişaf edib”.

Müdafiə naziri regionda hərtərəfli və sabit sülhün dəstəklənməsini İslam Respublikasının mövqelərindən biri hesab edərək qeyd edib ki, İran İslam Respublikasının qətiyyətli mövqeyi region ölkələrinin ərazi bütövlüyünü və onların bütün əraziləri üzərində suverenlik hüquqlarını dəstəkləmək və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməməsidir. “Qafqaz regionu ilə bağlı da bu siyasətə sadiqik. İki qonşu olan Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların, sabit sülhün və birbaşa əlaqələrin tərəfdarıyıq və bunu Qafqaz regionunun tərəqqisi və inkişafı üçün əsas hesab edirik”, - deyə İranın müdafiə naziri vurğulayıb.

Ermənistanın Müdafiə naziri Suren Papikyan da bu görüşdə İran və Ermənistan dostluğunun tarixi və bir neçə min illik olduğunu bəyan edərək deyib: “Hər iki ölkənin regionda sabitliyə eyni baxışının olması bizim üçün çox önəmlidir. Biz regional inkişaf və təhlükəsizliyi nəzərə almaqla ikitərəfli münasibətləri daha da yaxınlaşdırmağa çalışmalıyıq. Bu istiqamətdə Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi və dostluq əlaqələrinin genişləndirilməsi ilə bağlı İran İslam Respublikasının fikri ilə razıyıq”.

 

Teqlər