İyun 17, 2024 10:01 Asia/Baku
  • Region məsələlərində xarici müdaxilə yolverilməzdir

Tehranda səfərdə olan Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə Qafqaz regionundakı son prosesləri müzakirə edib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib: “Qafqaz regionunda baş verən son hadisələri müzakirə etmək üçün Tehrana səfər edən Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev bazar günü İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə görüşüb”.

Qeyd olunub ki, görüş zamanı Baqiri mühüm regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqelərinin uyğunluğunu qeyd edərək Qafqaz regionunu hər iki ölkə üçün milli maraq və təhlükəsizlik sahəsi adlandırıb və bu sahədə ikitərəfli əməkdaşlığın zəruriliyini vurğulayıb.

Cənab Baqiri həmin görüşdə İran İslam Respublikasının regional məsələlərin sülh yolu ilə həlli barədə prinsipial mövqeyini vurğulayaraq bildirib ki, Qafqaz regionunda baş verən hazırkı proseslərin, xüsusilə xarici müdaxilələrin artmasının əhəmiyyəti və həssaslığı İran və Rusiya rəsmiləri arasında strateji koordinasiya və davamlı məsləhətləşmələri zəruri edir.

Bu baxımdan o, regional məsələlərin həlli, regional əməkdaşlığın və yaxınlaşmanın genişləndirilməsi, Qafqaz regionunda ölkələrin təhlükəsizliyi, sabitliyi və kollektiv maraqlarının təmin edilməsi üçün 3+3 strukturu kimi regional mexanizmlərdən maksimum istifadənin vacibliyini qeyd edib.

Məlumata görə, Xovayev Rusiyanın Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində diplomatik səyləri barədə məruzə edərkən, regiona xarici aktorların müdaxiləsinə qarşı durmaq üçün iki ölkənin rəsmiləri arasında sıx və qarşılıqlı fəaliyyət və koordinasiyaya ehtiyac olduğuna dair mövqeyini şərh edib.