İran rəsmisi sionist rejimin təhdidlərinə cavab verdi
Xərrazi: Hizbullahı bütün vasitələrlə dəstəkləyəcəyik
İslam İnqilabı Rəhbərinin müşaviri bəyan edib ki, işğalçı İsrail rejimi qurudan Livana hücum edərsə, İran bütün vasitələrlə Hizbullahın müdafiəsinə alxacaq.
Aliməqamlı Rəhbərin müşaviri Kamal Xərrazi “Financial Times” qəzetinə verdiyi müsahibədə xəbərdarlıq edib ki, sionist rejim Livan Hizbullahına qarşı genişmiqyaslı hücuma keçərsə, Yaxın Şərq regionu Tehranın və müqavimət cəbhəsinin bu qrupa hər vasitə ilə dəstək verəcəyi bir müharibənin başlama riski ilə üzləşəcək.
Cənab Xərrazi Amerikadan münaqişələrin daha da genişlənməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərməsini istəyib.
Bu ingilis qəzetinin məlumatına görə, İranın genişmiqyaslı qarşıdurma olacağı təqdirdə Hizbullaha hərbi dəstək verib-verməyəcəyi sualına cavab olaraq Xərrazi deyib: “Bütün Livan xalqı, ərəb ölkələri və müqavimət cəbhəsinin üzvləri İsrailə qarşı Livanı dəstəkləyəcəklər”.
İran Strateji Xarici Əlaqələr Şurasının rəhbəri əlavə edib: “Müharibənin bütün regiona yayılması halında, İran da daxil olmaqla bütün ölkələrin burada iştirak etməsi ehtimalı olacaq və belə bir vəziyyətdə Hizbullahı tam dəstəkləməkdən başqa çarəmiz yoxdur”.
Onun sözlərinə görə, Hizbullah reaksiya verəcək qədər güclüdür. Bu səbəbdən İsrail rejiminin hücumları uğursuzluğa düçar olacaq. Bütün Livan xalqı, ərəb ölkələri və müqavimət mehvərinin üzvləri İsrail rejiminə qarşı Livana dəstək verəcəklər.
Aliməqamlı Rəhbərin müşaviri İranın nüvə doktrinasında mümkün dəyişikliklər haqqında da danışıb.
Xərrazi deyib: “Əgər Qərb ölkələri tətik mexanizmindən istifadə edərək Təhlükəsizlik Şurasının əvvəlki sanksiya qətnamələrini geri qaytarsalar, İranın nüvə strategiyasını dəyişdirmək şəklində sərt reaksiya verəcəyi mümkündür. Belə ki, İran öz nüvə doktrinası ilə bağlı qərarlarını Qərb ölkələrinin reaksiyasına uyğun verəcək. Yəni bizim nüvə doktrinamızın dəyişməsi başqalarının qeyri-konstruktiv hərəkətindən asılıdır. İndiyə qədər biz 60% zənginləşdirmədən kənara çıxmaq qərarına gəlməmişik, lakin müxtəlif sentrifuqa maşınları və onların müxtəlif parametrlərindən istifadə edərək təcrübəmizi genişləndirməyə çalışmışıq. Lakin Ali Rəhbərin fətvasına əsasən, biz nüvə silahı yaratmaq istəmirik. Amma İranın varlığına təhlükə yaranarsa, təbiidir ki, biz nüvə doktrinamızı dəyişməliyik”.