Pezeşkian Paşinyanla telefon söhbətdə:
İran beynəlxalq sərhədlərin istənilən dəyişikliyinə qarşıdır
İranın yeni seçilmiş prezidenti deyib: "İran İslam Respublikası bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir və beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşıdır".
Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı İranın yeni seçilmiş prezidenti ilə telefon danışığında Məsud Pezeşkianı prezident seçkilərindəki qələbəsi münasibəti ilə təbrik edib, onun siyasi fəaliyyətində uzun və uğurlu keçmişinə toxunaraq, deyib: "Ayətullah Rəisinin həyatını itirməsinə görə təəssüf hissimi bir daha ifadə etməyi zəruri hesab edirəm. Onun dövründə ölkələrimiz arasında münasibətlər prosesi yaxşı inkişaf etmişdir və Ermənistan şəhid Rəisinin dövründə bağlanmış bütün razılaşmalara sadiqdir".
O, iki ölkə arasında münasibətlərin qarşıdakı dövrdə də dostluq şəraitində qalacağına ümid etdiyini bildirib.
Paşinyan əlavə edib: "İran və Ermənistanın münasibətləri ümumi maraqlar üzərində qurulub və iki ölkənin münasibətləri sadəcə iki qonşunun münasibətləri deyil, əksinə heç bir başqa faktorun təsirinə məruz qalmayan fərqli münasibətlərdir".
Pezeşkian da bu telefon danışığında Ermənistanın baş nazirinə göstərdiyi xeyirxahlıq və təbrik mesajına görə görə təşəkkür edərək, deyib: "Ermənistan İranın qonşuları arasında mühüm mövqeyə malikdir və bu ölkə ilə əlaqələr İslam Respublikasının xarici siyasətində çox önəmlidir. İranın Ermənistanla sərhədi qısa olsa da, ümid və dinc həyat sərhədidir və bizim sizə qarşı prinsipial siyasətimiz toxunulmazdır".
Seçilmiş prezident İran İslam Respublikasının bütün ölkələrin ərazi bütövlüyünə hörmət etdiyini və beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşı olduğunu vurğulayaraq, bəyan edib: "Biz Ermənistan və Azərbaycan Respublikası arasında sülh danışıqlarını dəstəkləyirik və bununla bağlı hər cür yardıma hazırıq".
Pezeşkian İran İslam Respublikasının Ermənistanla götürdüyü öhdəliklərə sadiq qaldığını və əlaqələrin möhkəmləndirilməsini davam etdirməyə hazır olduğunu vurğulayıb və bu ölkə hökumətinin İran iqtisadiyyatının özəl sektor fəallarının Ermənistandakı fəaliyyətinə dəstək verməsini məmnunluq mənbəyi hesab edib.