Əlaqələrin normallaşma prosesi təkmilləşdi
Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib
Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində bu gündən etibarən Azərbaycan Respublikasının Tehrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.
Bu məlumata əsasən, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb.
Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayaraq bildirib ki, İran tərəfi səfirliyin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.
Məlumatda əlavə olunur k, hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür. Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək.