Əks-inqilabçı kanalın iddiası təkzib edildi
İranla Ermənistan arasında gizli hərbi müqavilə imzalanmayıb
İran İslam Respublikasının Ermənistandakı səfiri İran və Ermənistan arasında gizli hərbi müqavilənin imzalanması ilə bağlı xəbərləri təkzib edib.
İSNA-nın məlumatına görə, Mehdi Sübhani bu cür xəbərlərin mənbəyini İran İslam Respublikası haqqında yalan məlumat və qərəzli təhlillər dərc etməkdə keçmişi olan etibarsız media hesab edib.
Diplomat belə xəbərlərin dərc edilməsinin məqsədini İran və region ölkələri arasında dostluq əlaqələrinin inkişaf prosesinə təsir etmək adlandıraraq vurğulayıb: “İran İslam Respublikası Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasını, eləcə də iqtisadi inkişafı dəstəkləyir”.
Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi Ermənistanın İranla 500 milyon dollarlıq silah müqaviləsi imzalaması ilə bağlı şayiələri “xəyali, uydurulmuş məzmun” adlandırıb.
Ermənistan Respublikasının Müdafiə Nazirliyi qeyd edib ki, saxta və yalançı nəşrlərin məlumatları cavablandırılmağa layiq deyil.
Bu şərhlər İran İnternational saytının İran və Ermənistanın 500 milyon dollar dəyərində böyük silah müqaviləsi imzaladığını iddia etməsindən sonraya təsadüf edir.
Qeyd edək ki, İran İnternational kanalı əks-inqilabçı monarxiyaçılara və İsrail rejiminə bağlı kanal olaraq, onların sifarişi ilə İran-Azərbaycan əlaqələrini pozmağı hədəfləyib və onun son şayiəsi də bu çirkin hərəktin davamıdır.
Maraqlıdır ki, sözü gedən kanal yanvar ayınadək Azər-Space peyki vasitəsi ilə də yayımlanırdı, lakin rəsmi Bakı İranla əlaqələrini sahmana salmaq məqsədilə bu təxribatçı kanalın yayımına xitam verdi.