İyulun 28-də
Pezeşkianın prezidentliyinin təsdiqlənməsi mərasimi keçiriləcək
İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın prezidentlik hökmünün islam inqilabının aliməqam rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei tərəfindən qüvvəyə minməsi mərasimi sabah iyulun 28-də yerli vaxtla səhər saat 10-da İmam Xomeyni(r.ə) Hüseyniyyəsində keçiriləcək.
Mərasimdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, dövlət məmurları, hərbi komandanlar, universitet və dini mədrəsələrin rektorları, şəhid ailələrinin nümayəndələri, müxtəlif peşə sahiblərinin nümayəndələri və xarici ölkələrin səfirləri də iştirak edəcəklər.
Mərasim İranın 1-ci telekanalı, Xəbər telekanalı və İran radiosu eləcə də sərhəddaşırı telekanallar o sıradan Səhərazəri TV-dən birbaşa yayımlanacaq.
İran İslam Respublikası konstitusiyasının 110-cu maddəsinin 9-cu bəndinə görə, prezident xalq tərəfindən seçildikdən sonra onun prezidentlik hökmü rəhbər tərəfindən imzalanmalıdır.
Seçilən prezidentin prezidentlik hökmü islam inqilabının aliməqam rəhbəri tərəfindən qüvvəyə mindikdən sonra konstitusiyanın 121-ci maddəsinə görə o, Məhkəmə Hakimiyyətinin sədri və Nigəhban Şurasının üzvlərinin də iştirak etdiyi İslami Şura Məclisinin iclasında and içir.
Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da yerli vaxtla saat 16:00-da keçiriləcək. İran İslam Respublikasının yeni seçilmiş prezidentinin andiçmə mərasiminə müxtəlif ölkələrin başçıları, xarici işlər nazirləri, parlament sədrləri və xüsusi nümayəndələri eləcə də beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.