Pezeşkiyan Makrona xəbərdarlıq etdi
“İsrailin Livana hücumunun ciddi nəticələri olacaq”
İran İslam Respublikasının prezidenti fransalı həmkarına sionist İsrailin Livana hücumunun nəticələri barədə xəbərdarlıq edib.
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığında İsrailin Livana hücumunun ciddi nəticələri ilə bağlı xəbərdarlıq edib.
Pezeşkian bu telefon söhbəti zamanı deyib: “Əgər sionist rejim Livana hücum edərsə, onun üçün ağır nəticələrə səbəb olacaq böyük səhvə yol verəcək”.
Prezidentin sözlərinə görə, İsrail “75 ildən artıqdır ki, Fələstini işğal etməklə bütün beynəlxalq normaları tapdalayıb”.
O, həmçinin Fransa ilə münasibətləri “dürüstlük və qarşılıqlı etimad əsasında” qurmağa hazır olduğunu bəyan edib.
Öz növbəsində Makron Pezeşkianı prezident seçilməsi münasibətilə təbrik edib və İranla Avropa ölkələri arasında münasibətlərin, o cümlədən Fransa ilə ikitərəfli əlaqələrin yaxşılaşmasına ümid etdiyini bildirib.