Avq 26, 2024 12:40 Asia/Baku
  • İraqçi: Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı bizim xarici siyasətimizin prioritetidir

İranın xarici işlər naziri azərbaycanlı həmkarı ilə telefon danışığında Azərbaycan Respublikası ilə dostluq və qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsini İran İslam Respublikasının xarici siyasət prioritetlərindən biri kimi dəyərləndirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cənab Seyid Abbas İraqçi ilə telefonla söhbət edib və onu İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Azərbaycan Respublikasının xarici işlər naziri ölkəsinin İran İslam Respublikası ilə mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərini inkişaf etdirmək istəyinə işarə edib və yeni dövrdə Tehran və Bakı arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Seyid Abbas İraqçi də azərbaycanlı həmkarına təşəkkür edib və Azərbaycan Respublikası ilə qarşılıqlı maraqlara əsaslanan dostluq əlaqələrinin inkişaf etdirilməsini İran İslam Respublikasının xarici siyasət prioritetlərindən biri adlandırıb və iki ölkə arasındakı mövcud imkanlardan daha çox yararlanmanın vacibliyini vurğulayıb. 

Qafqaz regionunda baş verən hadisələrin, eləcə də bir sıra digər beynəlxalq məsələlərin müzakirəsi iki nazir arasında söhbətin digər mövzularından olub.

Tərəflər bir-birini iki paytaxta səfərə dəvət edib və yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsini və iki ölkənin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi, habelə iki ölkənin nümayəndələri arasında regional və beynəlxalq forumlarda əməkdaşlığın davam etdirilməsi yolu ilə ikitərəfli münasibətlərin canlandırılmasının vacibliyini vurğulayıblar.

İranın xarici işlər naziri azərbaycanlı və erməni həmkarları ilə telefon danışığından sonra X platformasındakı səhifəsində yazıb: "Qafqaz regionu İran İslam Respublikası üçün geosiyasi və strateji əhəmiyyətə malikdir. Tarixi, mədəni və coğrafi yaxınlıqlar bu region ölkələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini ikiqat artırıb".

Teqlər