Əmir Səid İrvani:
İran ABŞ seçkilərinə müdaxilə etmir
İran ABŞ seçkilərinə müdaxilə etmir və onlarla bağlı ittihamları rədd edir. Bunu İranın Nyu Yorkdakı BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani bildirib.
Bir gün əvvəl ABŞ-ın təhlükəsizlik qurumları iddia ediblər ki, iyunun sonu və iyulun əvvəlində iranlı hakerlər ABŞ media orqanlarına, eləcə də ABŞ prezidenti Co Baydenin seçki kampaniyası ilə əlaqəli şəxslərə alanların razılığı olmadan elektron məktublar göndəriblər.
"İran İslam Respublikası daxili rəqabətə və ABŞ seçkiləri ilə bağlı qalmaqallara qarışmır, bir neçə dəfə açıq şəkildə qeyd etdiyimiz kimi, İranın ABŞ seçkilərinə müdaxilə etmək motivi və ya niyyəti olmayıb. Bu cür ittihamları qətiyyətlə rədd edirik", İrvani deyib.
İranın BMT-dəki daimi nümayəndəsi əlavə edib ki, əgər ABŞ həqiqətən də həqiqəti üzə çıxarmaq və düzgün aydın cavab almaq istəyirsə, rəsmi olaraq İrana inandırıcı dəlillər təqdim etməlidir. O bu kimi iddiaların təkrarlanmasının ABŞ-ı etibarsız etdiyini deyib.