Yeni müqavilə Tehranla Moskva arasında əməkdaşlıq nümunəsidir
Pezeşkiyan: İran tranzit və qaz qovşağına çevrilir
İran İslam Respublikasının prezidenti ölkəsinin regionda tranzit və qaz habına çevrilməsinə dair razılaşmanı davamlı inkişaf və iqtisadi sıçrayış yaratmaq üçün İran ilə Rusiyanın birgə əməkdaşlığının gözəl nümunəsi adlandırıb.
Məsud Pezeşkiyan ötən axşam Rusiyanın baş nazirini qəbulu zamanı deyib: “İnanırıq ki, İran və Rusiyanın mühüm ortaq layihələri icra mərhələsinə çatarsa, hər iki ölkə üçün qəddar sanksiyalarla mübarizə sahəsində böyük imkanlar yaradacaq”.
Pezeşkiyan həmçinin BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar əsasında regional əməkdaşlığın ABŞ-ın birtərəfliliyi ilə qarşılaşmaq üçün İran, Rusiya və Çin kimi müstəqil ölkələrin güclənməsinə səbəb olduğunu bildirərək əlavə edib: “ABŞ-ın bilavasitə dəstəyi və Amerikanın regionda mövcudluğunun genişlənməsinə zəmin yaratmaq məqsədi ilə sionist rejimin cinayətlərinin artması və gərginlik yaratması region ölkələrinin və xalqlarının maraqları üçün ortaq təhlükə hesab olunur, belə bir məkrli planla mübarizə aparmaq üçün birlikdə düşünmək və daha çox əməkdaşlıq etmək zəruridir”.
Görüşdə Rusiyanın baş naziri də Prezidentlə görüşdən məmnunluğunu ifadə edib, ölkəsinin prezidenti Vladimir Putinin səmimi salamlarını doktor Pezeşkiyana çatdırıb, yeni dünya nizamının bütün dünya ölkələrinin xeyrinə həyata keçirilməsi üçün İran və Rusiya arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Baş nazir həmçinin amerikalıların dəstəyi ilə bölgədə gərginliyin artmasından narahatlığını ifadə edərək deyib: “Amerika dünyanın müxtəlif yerlərində gərginliyin və münaqişənin artmasına dəstək verməklə öz maraqlarını təmin etməyə çalışır. İran və Rusiya da daxil olmaqla regionun müstəqil ölkələri bu cür hərəkətlərin qarşısını almaq üçün əməkdaşlığı sürətləndirməlidir.