İran Haaqa Məhkəməsinə məktub yazdı
İsrail rejiminin cinayətlərinə qarşı təcili tədbirlər görülməlidir
İranın Hollandiyadakı fövqəladə və səlahiyyətli səfiri Hadi Fərəcvənd Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroruna yazdığı məktubda bu hüquqi qurumdan sionist rejimin cinayətlərinə qarşı təcili tədbir görülməsini tələb edib.
İran səfiri bu məktubda Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın sionist rejimin Qəzzədə törətdiyi cinayətlərin araşdırılmasını yüksək qiymətləndirib.
O, daha sonra bu rejimin Livanda minlərlə dinc sakinin ölümünə və yaralanmasına səbəb olan son hücumlarına işarə edərək, bu cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
Fərəcvənd vurğulayıb ki, sionist rejim Amerika və digər ölkələrin dəstəyi ilə Qəzzədə bir ildir ki, soyqırım və müharibə cinayətləri törətməkdə davam edir və hazırda müharibəni Livana qədər genişləndirib. Livanda bu rejimin son zamanlar dinc əhaliyə qarşı törətdiyi cinayətlər insanlığa qarşı cinayətlərin bariz nümunələridir. Bu vəhşi hərəkətlər regionda və dünyada sülh və təhlükəsizliyə ciddi təhdiddir və beynəlxalq ictimaiyyət cəzasızlığa son qoymaq və bu rejimin məmurlarını məsuliyyətə cəlb etmək üçün tez bir zamanda hərəkət etməlidir.
İran İslam Respublikasının səfiri bu məktubun sonunda beynəlxalq ictimaiyyəti insan hüquqları və insan ləyaqəti naminə haqsızlıqlara qarşı birlik nümayiş etdirməyə çağırıb.