“Seçim ancaq Suriya xalqınındır”
İran Xarici İşlər Nazirliyi Suriyadakı hadisələrlə bağlı bəyanat yaydı.
Bəyanatda deyilir:
"İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Suriyadakı son hadisələri nəzərə alaraq, İranın Suriyanın vahidliyinə, milli suverenliyinə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsipial mövqeyini xatırladaraq, vurğulayır ki, Suriyanın taleyini müəyyənləşdirmək və gələcəyi ilə bağlı qərarlar qəbul etmək heç bir dağıdıcı müdaxilə və ya xarici məcburiyyət olmadan təkcə bu ölkə xalqının öhdəliyindədir.
Bu öhdəliyin həyata keçməsi üçün hərbi münaqişələrin tez bir zamanda dayandırılması, Suriya cəmiyyətinin bütün təbəqələrinin iştirakı ilə terror aktlarının qarşısının alınması, milli dialoqların başlanması və bütün Suriya xalqını təmsil edən inklüziv hökumətin formalaşdırılması lazımdır.
İran İslam Respublikası Suriyadakı siyasi prosesləri keçmişdə olduğu kimi BMT-nin 2254 saylı qətnaməsinə əsaslanan beynəlxalq mexanizmləri dəstəkləyir və bu istiqamətdə Birləşmiş Millətlər Təşkilatı ilə konstruktiv qarşılıqlı əlaqəni davam etdirir.
Suriya tarixinin kritik dövrünün yaşandığı belə bir vəziyyətdə, bütün ölkə vətəndaşlarının, digər ölkələrin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də dini müqəddəs məkanların hörmətinin saxlanması, həmçinin diplomatik və konsulluq məkanlarının beynəlxalq hüquq normalarına uyğun qorunması daha çox zəruridir.
İran və Suriyanın xalqları arasındakı münasibətlər uzun tarixə malikdir və həmişə mehribancasına olub və bu münasibətlərin iki ölkənin ümumi maraqlara əsaslanan müdrik və uzaqgörən yanaşması və beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsi ilə davam edəcəyi gözlənilir.
İran İslam Respublikası Suriyanın Qərbi Asiya regionunda mühüm və nüfuzlu ölkə kimi mövqeyini vurğulayaraq, Suriyada təhlükəsizlik və sabitliyin bərqərar olması üçün öz səylərini əsirgəməyəcək. İran bu məqsədlə, bütün təsirli tərəflərlə, xüsusilə regionda olan bütün tərəflərlə məsləhətləşmələrini davam etdirəcək.
Belə ki, İran İslam Respublikası Suriya və regionda baş verən prosesləri yaxından izləməklə yanaşı, Suriyanın siyasi və təhlükəsizlik səhnəsindəki təsirli aktorların davranış və hərəkətlərini nəzərə alaraq, müvafiq yanaşmalar və qərarlar qəbul edəcəkdir.