Pezeşkian:
ABŞ dediklərinə əməl edəcəyini sübut etməlidir
Prezident Pezeşkian İran və ABŞ arasında mümkün danışıqlarla bağlı deyib: "ABŞ dediklərinə əməl edəcəyini sübut etməlidir".
İran prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclası çərçivəsində İranın ABŞ ilə danışıqlar aparıb-aparmayacağı ilə bağlı sualın cavabında deyib: "ABŞ öhdəliklərini yerinə yetirməlidir, sonra biz onlarla danışıqlar apara bilərik".
Pezeşkian çərşənbə axşamı ABŞ-ın NBC kanalı ilə də apardığı müsahibədə də İranla ABŞ iarasında mümkün danışıqlar haqqında deyib: "İran prinsipcə Trampın ikinci administrasiyası ilə dialoqa hazırdır".
O, həmçinin Birləşmiş Ştatların keçmişdə nüvə sazişi ilə bağlı öhdəliklərinə əməl etmədiyini və əsas məqsədinin İran hökumətini devirmək olduğunu bildirib.
İran prezidenti bu müsahibədə qeyd edib ki, məsələ dialoqun özü deyil, dialoqlar nəticəsində ortaya çıxan öhdəliklərdir və bunlara əməl edilməlidir;
"İran böyük dövlətlərlə nüvə proqramını müzakirə etdiyi zaman, biz üzərimizə götürməli olduğumuz bütün öhdəlikləri yerinə yetirdik, amma təəssüf ki, verdiyi vədləri və öhdəliklərini yerinə yetirməyən qarşı tərəf oldu. Bizdə belə bir şübhə var ki, hər nə qədər danışıqlar aparsaq da, onlar problemləri həll etməyə deyil, İran hökumətini devirməyə cəhd edəcəklər", - deyə Pezeşkian vurğulayıb.