İran Ermənistan-Azərbaycan sülh razılaşmasını alqışlayır
İran İslam Respublikası prezidenti və Ermənistanın baş naziri bu gün telefon danışığında Qafqaz regionunda baş verən son hadisələr, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinə dair razılaşma barədə fikir mübadiləsi aparıblar.
Məsud Pezeşkian bu zəngdə Ermənistan və Azərbaycan Respublikası arasında sülh sazişinin əldə olunmasından məmnun olduğunu ifadə edərək, bu mühüm hadisə münasibətilə hər iki qonşu ölkəni və xalqı təbrik edib.
O, qeyd edib ki, İran regionda, xüsusilə də qonşuları arasında, ölkələrin ərazi bütövlüyünü qorumaqla sülh, yaxınlaşma və sabitliyi bərqərar olmasını həmişə alqışlayıb.
İran prezidenti söhbətlərinin başqa bir hissəsində İran İslam Respublikası ilə Ermənistan arasında yaxşı və inkişaf etməkdə olan əlaqələrə işarə edərək, hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin müxtəlif sahələrdə ikitərəfli razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsi üçün əzminin və səy göstərməsinin vacibliyini vurğulayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan da bu telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə razılaşmaya gətirib çıxaran danışıqların gedişatını şərh edərək, bu razılaşmanın əldə olunmasında İranın rolunu və dəstəyini yüksək qiymətləndirib.
O əlavə edib: "Ermənistan bu sazişin həyata keçirilməsi, həmçinin regional əlaqələrin tənzimlənməsi üçün danışıqları və məsləhətləşmələri davam etdirməyə səy göstərəcək və ümid edirik ki, yaxın gələcəkdə bu müqavilənin imzalanması və icrasının şahidi olacağıq".