Apr 17, 2025 17:19 Asia/Baku

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Rusiyaya səfərin bir neçə fərqli məqsəd daşıdığını bəyan edərək, İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin əhəmiyyətini qeyd edib.

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Moskvaya gələrkən deyib: "Bu səfər bir neçə fərqli məqsəd daşıyır. Əvvəlcə Rusiya prezidentinə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin yazılı mesajını çatdıracağam. Bu, son hadisələr və dolayı danışıqlarla üst-üstə düşdü".

O, davam edib: “Biz həmişə Rusiyadakı dostlarımızla nüvə məsələsində yaxından məsləhətləşmələr aparmışıq və indi də Rusiya rəsmiləri ilə eyni məsləhətləşmələri aparmaq üçün yaxşı fürsətdir”.

Əraqçi qeyd edib ki, ikitərəfli münasibətlər müxtəlif məsələləri əhatə edir və hər dəfə də müzakirə edilməli və izlənəcək çoxsaylı mövzular var.

İran xarici işlər naziri bildirib ki, bölgədəki vəziyyət, İsrail cinayətlərinin davam etməsi, Ukrayna məsələsi, bu səfər zamanı baş verən hadisələr müzakirə olunacaq və araşdırılacaq.

Əraqçi İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi haqqında deyib: "Bu müqavilə iki ölkə arasındakı münasibətlərdə çox mühüm müqavilədir və münasibətlərimizin səviyyəsini yüksəldəcək".

İran xarici işlər naziri Seyid Abbas Əraqçi deyib ki, Ali Məqamlı Rəhbərin Rusiya prezidentinə məktubu beynəlxalq və regional hadisələr və ikitərəfli məsələlərlə bağlıdır.