İran-Azərbaycan əlaqələrində dönüş nöqtə:
“Araz-2025” adlı birgə hərbi təlimlər nəyin göstəricisidir?
Mayın 18-dən 21-dək İran İslam İnqilabının Keşikçiləri Korpusu Sepah-ın quru qoşunlarının xüsusi təyinatlı qüvvələri ilə Azərbaycan Respublikası Ordusunun xüsusi təyinatlılarının “Araz-2025” adlı birgə hərbi təlimləri keçirilir.
İranlı hərbçilərə Sepahın Quru Qoşunlarının əməliyyatlar üzrə komandanı, briqada generalı Vəli Mədəni rəhbərlik edir.
İranlı general, Sepahın Quru Qoşunlarının Mirzə Kuçək Xan Xüsusi Təyinatlı Briqadasının bir batalyonunun təlimdə iştirak etdiyini bildirərək deyib: “Sepah Quru Qoşunlarının xüsusi təyinatlı qüvvələri tam texniki təchizata və yüksək səviyyədə ixtisaslaşmış bacarıqlara malikdir və təlim bölgəsinə həmin qüvvələrin və avadanlıqların bir hissəsi gətirilib”.
Təlimlərin mahiyyətinə nəzər saldıqda aydın olur ki, İran və Azərbaycan arasında keçirilən birgə hərbi təlimlər təhlükəsizlik əməkdaşlığı baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, bundan əvvəl də İranla Azərbaycan silahlı qüvvələri bir-neçə dəfə birgə təlim keçirmişlər: 2023-cü ildə keçirilən ortaq koordinasiya manevrləri bunlardan biri olub. Təlimlər sərhəd təhlükəsizliyi, terrorla mübarizə və kəşfiyyat məlumatlarının mübadiləsini əhatə edirdi.
Kiçikmiqyaslı təlimlər əsasən sərhəd qoşunlarının qarşılıqlı əməkdaşlığı, mina təmizləmə və logistika sahəsində olmuşdur.
İkinci təlim Sərhəd təhlükəsizliyi, PUA-lar, quru qoşunları və xüsusi təyinatlı dəstələrin koordinasiyası məqsədilə 2024-cü ilin aprelində Araz çayı boyunca yerləşən sərhəd bölgələrində keçirilib. Burada qarşılıqlı etimadın bərpası mesajı verilib.
Üçüncü təlim 2024-cü ilin oktyabrında İranın şimal-qərb bölgəsi və Naxçıvan yaxınlıqlarında keçirilərək, dağlıq ərazilərdə ortaq müdafiə və hücum manevrləri, kəşfiyyat məlumatlarının mübadiləsi və komanda sistemlərinin sınağı məşq olunub.
Ardınca da İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və Sepah-ın Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə "Araz - 2024" birgə taktiki təlim keçirilib.
Bundan əlavə İran və Azərbaycan Xəzər dənizində dəniz təhlükəsizliyi, balıqçılıq sərhədlərinin qorunması, qaçaqmalçılığa qarşı mübarizə və ekoloji nəzarət sahələrində əməkdaşlıq edir. Və hər iki ölkənin dəniz qüvvələri zaman-zaman qarşılıqlı səfərlər, təlimlər və görüşlər keçirir.
Bütövlükdə Hərbi təlimlər həm regional, həm də beynəlxalq aktorlara iki ölkə arasında koordinasiyanın güclü olduğunu, əlaqələrin strateji səviyyəyə qalxdığını göstərir.