Razılaşma yolu medialardan deyil, müzakirə masasından keçir
İran xarici işlər naziri bildirib ki: Medialar İranla Amerika arasında gözlənilən razılaşma barədə təxminlər etməkdə davam edirlər. Doğrudan da belə bir nöqtədə durduğumuza əmin deyiləm.
Seyid Abbas İraqçı virtual mühitdəki şəxsi hesabında yazıb: İran İslam Respublikası sədaqətlə bütün tərəflərin maraqlarını təmin edəcək diplomatik həll yolunun ardıncadır. Amma bu, bütün sanksiyaları ləğv edəcək və zənginləşdirmə də daxil olmaqla İranın nüvə hüquqlarını reallaşdıracaq razılaşma tələb edir.
Razılaşma yolu medialardan deyil, müzakirə masasından keçir- deyə, İran xarici işlər naziri bildirib.
İran diplomatiya aparatının başçısı sonra bir amerikan medianın avstriyalı kəşfiyyat mənbələrinə istinadla İranın nüvə proqramının durumu barədə yaydığı xəbərə işarə edib: İndi də İran və Amerika diplomatiyası əleyhinə son saxta xəbər barədə. Amerikadakı daxili tənqidçilərə hücum etmək üçün İranın adından bir vasitə kimi istifadə, hətta İsrail üçün belə, dəyərsiz bir hərəkətdir.
Bu istiqamətdə, Amerikanın Foks-Nyus telekanalının iddiasına görə, avstriyalı rəsmilər tərəfindən toplanmış yeni kəşfiyyat məlumatı iddia edir ki, İran uzaq məsafələrə raket atışında istifadə oluna biləcək fəal nüvə silahları proqramını davam etdirməkdədir.
Foks-Nyus-un məlumatında deyilir: Avstriyalı rəsmilər tərəfindən toplanmış bu kəşfiyyat tapıntıları Birləşmiş Ştatların Milli Kəşfiyyat İdarəsi direktorunun ofisinin dəyərləndirməsi ilə təzad təşkil edir.
Amerika Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard mart ayında Birləşmiş Ştatlar Senatının kəşfiyyat komitəsinə belə demişdi: Amerikanın kəşfiyyat camiəsi bu inamda qalmaqda davam edir ki, İran nüvə silahı düzəltmir və İranın Ali Rəhbəri bu ölkənin nüvə proqramının silah mahiyyəti kəsb etməsi icazəsini verməyibdir.