May 31, 2025 13:01 Asia/Baku
  • İranla razılaşma yaxın gələcəkdə mümkündür: Qəzzədə atəşkəsə yaxınıq

ABŞ prezidenti Donald Tramp həmişəki iddialarını təkrarlayaraq, bildirib ki, İranla razılaşma çox da uzaq olmayan gələcəkdə mümkündür.

ABŞ prezidenti Donald Tramp cümə günü Ağ Evdə keçirdiyi mətbuat konfransında Qəzzədə atəşkəslə bağlı ABŞ-ın təklif etdiyi planla bağlı suala cavab olaraq, deyib: "Düşünürəm ki, biz Qəzzə ilə bağlı razılaşmaya çox yaxınıq. Ehtimal üzrə bu barədə sizə gün ərzində və ya bəlkə sabah xəbər veriləcək və bunun üçün şansımız var".

Deyilənlərə görə, ABŞ-ın təklif etdiyi saziş planını İsrail qəbul edib, HƏMAS isə onu nəzərdən keçirir. 

ABŞ prezidenti sonra deyib: "Düşünürəm ki, bizim İranla da saziş bağlamaq şansımız var. Onlar razılaşmanı daha üstün tuturlar. Məncə, bu, çox da uzaq olmayan gələcəkdə baş verə bilər".

Tramp İranla bağlı iddialarını və boş hədələrini təkrarlayaraq, deyib: "İran razılaşma istəyir, ABŞ da hərbi variant istəmir. Biz istəyirik ki, iranlıların təhlükəsiz və uğurlu bir ölkəsi olsun. İranın nüvə silahı olmamalıdır. Bu, çox sadə məsələdir. Mən İranla razılaşmaya nisbətən yaxın olduğumuzu düşünürəm".

ABŞ prezidenti yerli vaxtla çərşənbə günü jurnalistlərə verdiyi açıqlamada İsrailin baş nazirinə danışıqları poza biləcək hərəkətlər barədə xəbərdarlıq edib-etmədiyi ilə bağlı sualın cavabında deyib: "Səmimi olmaq istəyirəm. Bəli mən bunu etdim. Netanyahuya dedim ki, biz razılaşmaya və həll yoluna yaxınıq və İran razılaşma istəyir”.

Bu arada, İranın xarici işlər naziri Seyid Abbas İraqçi Tehran və Vaşinqton arasında razılaşmanın yaxın olmasına dair bəzi media spekulyasiyalarına cavab olaraq, özünün X hesabında yazıb: "Media İran və ABŞ arasında tezliklə razılığın əldə olunması ilə bağlı spekulyasiyalarını hələ də davam etdirir. Mən həqiqətən belə bir nöqtədə olduğumuzdan əmin deyiləm. İran səmimi şəkildə bütün tərəflərin maraqlarına xidmət edən diplomatik həll yolu axtarır. Lakin bu, bütün sanksiyalara son qoyan və zənginləşdirmə də daxil olmaqla, İranın nüvə hüquqlarını təmin edən razılaşmadan asılıdır. Razılaşmaya gedən yol "mediadan deyil, danışıqlar masasından” keçir.