Tranzit koridorlarında iştirak İran üçün əhəmiyyətlidir
Arif: Yol və dəmiryollarının təkmilləşdirilməsinə çalışırıq
İran İslam Respublikasının birinci vitse-prezidenti bəyan edib ki, İran ərazisindən keçən dəhlizlər çərçivəsində yol və dəmiryolların tikilməsi, təkmilləşdirilməsi və inkişaf etdirilməsinin ölkə üçün böyük əhəmiyyəti var.
Məhəmməd Rza Arif ölkənin yol və şəhərsalma üzrə qurumlarının rəsmilərinin iştirakı ilə keçirilən iclasda bununla əlaqədar vurğulayıb: "İran ərazisindən keçən dəhlizlər böyük əhəmiyyət kəsb edir. Bu dəhlizlər çərçivəsində yolların tikintisi və inkişaf etdirilməsi üzrə işlər tezliklə həyata keçirilməlidir. Halbuki bu işlər ötən illərdə həyata keçirilməli idi. Lakin müxtəlif səbəblərə görə, bu işlər hələ də tamamlanmayıb".
Arif bildirib ki, İranın region ölkələri, Avrasiya İqtisadi İttifaqına üzv ölkəklər və digər ölkələrlə müsbət əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduğunu nəzərə alaraq, bürokratik işlərin azaldılması ilə dəhlizlər üzrə layihələr çərçivəsində işlər tezliklə icra olunmalıdır”.
İclasda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq beynəlxalq yükdaşıma bazarında daha çox paya sahib olmaq və yerli nəqliyyatın asanlaşdırılması məqsədilə Şimal-Cənub və Şərq-Qərb dəhlizləri çərçivəsində işlərin təkmilləşdirilməsi üçün yol, dəmiryol layihələrinə ehtiyac duyulan vəsait haqda məlumat verib.
Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. Azərbaycan Respublikası, Belarus, Bolqarıstan, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və Ukrayna bu ölkələr sırasındadır. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.
Hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir.
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.