İyun 12, 2025 10:55 Asia/Baku
  • AEBA qətnamə qəbul edərsə İran dərhal texniki addımlarını atacaq

İran xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini xəbərdarlıq edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarə Heyətində İrana qarşı qətnamə qəbul olunarsa, bu dövlət dərhal cavab tədbirlərini həyata keçirəcək.

Kazım Qəribabadi həmçinin “tətik mexanizminin” aktivləşdirilməsi ilə bağlı hədələrlə əlaqədar sualı cavablandırarkən deyib: "Tətik mexanizmi ilə bağlı demək lazımdır ki, hazırda əslində “Birgə Hərəkət Planı” adlı nüvə razılaşması faktiki olaraq mövcud deyil. Qarşı tərəflər – xüsusən ABŞ və Avropa ölkələri – illərdir öhdəliklərinə əməl etmirlər və bu öhdəliklər dayandırılıb. Hüquqi baxımdan bu ölkələrin BMT Təhlükəsizlik Şurasına məsələni yönləndirmək və əvvəlki sanksiya qətnamələrini bərpa etmək hüquqları yoxdur. Onlar da yaxşı bilirlər ki, bu cür hüquqi əsası olmayan addımlar sırf siyasi və düşmən niyyətli səbəblərlə atılır".

Onun sözlərinə görə, İran İslam Respublikası belə addımlar qarşısında əl-qolu bağlı oturmayacaq. İran qarşıdurma və yeni gərginliklər istəməsə də, lazım gəldikdə milli maraqları çərçivəsində müvafiq cavabları verəcək.