Avq 02, 2025 19:18 Asia/Baku
  • Müsəlmanlar öz imkanlarını bölüşməlidirlər

İran prezidenti Məsud Pezeşkian şənbə günü Lahorda Məhəmməd Nəvaz Şəriflə görüşü zamanı deyib: "Müsəlmanlar öz imkanlarını bölüşməlidirlər".

Məsud Pezeşkian şənbə günü böyük İslam şairi və mütəfəkkiri Məhəmməd İqbal Lahoriyə öz ehtiramını bildirmək üçün Lahor şəhərinə qısa müddətli səfər edib və Pakistan Müsəlman Liqasının sədri Məhəmməd Nəvaz Şərif ilə görüşüb. 

İran prezidenti görüşdə 12 günlük müharibə zamanı Pakistan xalqının dəstəyi və həmrəyliyini yüksək qiymətləndirərək, deyib: "Əgər dünya müsəlmanları birləşsə, sionist rejim müstəqil ölkələri ayrı-ayrılıqda hədəfə ala bilməyəcək. Biz elmi, sənaye və kənd təsərrüfatı imkanlarımızı bölüşməliyik və vahid blok yaratmaqla İslam ümmətinin ehtiyaclarını özümüz təmin etməliyik".

Məhəmməd Nəvaz Şərif də bu görüşdə öz növbəsində sionist rejimin son təcavüzkar hücumlarına toxunaraq, İran xalqının müqavimətini yüksək qiymətləndirib.

O, deyib: “Biz İran İslam Respublikasının yanındayıq və gələcəkdə həmişəkindən daha güclü bu ölkənin yanında dayanacağıq. İran xalqı müqaviməti ilə təkcə vətənini müdafiə etmədi, həm də İrandan yeni və başıuca sima nümayiş etdirdi".

Məhəmməd Nəvaz Şərif əlavə edib: "Bu müqavimət təkcə sionist rejimə ilə qarşıdurma deyildi, qlobal güclərlə şücaətli qarşıdurma idi. İran xalqı öz müqaviməti ilə minillikləri əhatə edən şanlı tarixini yenidən canlandırdı. Biz Pakistanda bu müqaviməti özümüz üçün fəxr və şərəf mənbəyi hesab edirik".