Avq 03, 2025 14:26 Asia/Baku
  • İran və Pakistan arasında hərbi əməkdaşlıq gücləndirilir

Pakistanın müdafiə naziri Xacə Məhəmməd Asif İran İslam Respublikası ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsi və artırılmasının vacibliyini vurğulayaraq, bildirib ki, İslamabad regionda sülh və sabitliyi təmin etmək üçün İranla davamlı tərəfdaşlıq ardıncadır.

Xacə Məhəmməd Asif şənbə günü İslamabadda İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadə ilə görüşündən sonra deyib: "Biz əbədi olaraq qardaş qalacaq iki ölkəyik. Hazırkı görüş İran-Pakistan münasibətlərini daha da gücləndirəcək və bu əlaqələri yeni və daha yüksək səviyyəyə qaldıracaq". 

O, əlavə edib: "Bizim İranla hərbi əməkdaşlığı inkişaf etdirmək, eləcə də ticarət və iqtisadi mübadilənin genişləndirilməsi üçün perspektivimiz var". 

“İran və Pakistan arasında münasibətlər kifayət qədər sabitdir və biz regionda sülhü təmin etmək üçün İranla davamlı tərəfdaşlığın ardıncayıq", - deyə Məhəmməd Asif qeyd edib. 

İranın müdafiə naziri də Pakistan hökumətinə prezident heyətinə göstərilən səmimi qəbula görə təşəkkür edib və İranın qarşılıqlı hörmət, ortaq dəyərlər və qarşılıqlı etimada əsaslanan güclü müdafiə əlaqələri qurmaq istəyini bir daha vurğulayıb.