Dek 09, 2025 16:49 Asia/Baku
  • H.Beheştipur: Münasibətlər yenidən qurulur, yeni əməkdaşlıq formatı yaranır

İranlı politoloq Həsən Beheştipur Xəbəronlayn portalı ilə müsahibədə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin Bakıya səfərinin məqsədini və əhəmiyyətini şərh edib.

Onun sözlərinə görə, son illərdə xüsusilə sionist rejimin İrana qarşı hücumlarında Azərbaycanın torpaq və hava məkanından istifadə edilməsi ilə bağlı iddialar münasibətləri gərginləşdirib. Əlbəttə ki, Bakı bu ittihamları qəti şəkildə təkzib edir və hələlik fakt da yoxdur.

Beheştipur bildirib ki, İsrailin Azərbaycan ərazisindən hücum üçün istifadə etməsi iddiası sübut olunmayıb. Ancaq bu cür əməliyyatlar çox vaxt ev sahibi ölkələrin xəbəri olmadan baş verir; İraqda olduğu kimi.

H.Beheştipur qeyd edib ki, İran və Azərbaycan mədəni, dini, tarixi baxımdan yaxın iki ölkədir. Və son gərginliklərə baxmayaraq, tərəflər münasibətləri bərpa etmək istəyirlər.

O həmçinin deyib ki, İranın Rusiyaya tək quru yolu Azərbaycan üzərindən keçir və Şimal–Cənub nəqliyyat dəhlizi üçün də Azərbaycan keçid nöqtəsidir.

Beheştipur hesab edir ki, keçmişdə müşahidə olunan gərginliklərin böyük qismi yanlış anlaşmalar və informasiya boşluqlarından qaynaqlanır. Bu səbəbdən Əraqçinin səfəri münasibətlərin yenidən qurulması, iqtisadi, tranzit və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq formatlarının yaradılması üçün mühüm addımdır. Xüsusilə də İran, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq İranın milli maraqları üçün həyati əhəmiyyət daşıyır.