Pezeşkian:
Qazaxıstan və Türkmənistana səfər müsbət nəticələr verdi
İran İslam Respublikası prezidenti Qazaxıstan və Türkmənistana üç günlük səfərinin müsbət nəticələr verdiyini bildirərək, deyib: "Bu səfərlər əməkdaşlığın inkişafına və qonşu ölkələrlə müxtəlif sahələrdə dostluq münasibətlərinin möhkəmlənməsinə səbəb olacaq".
Məsud Pezeşkian cümə axşamı Tehrana qayıdarkən Qazaxıstan və Türkmənistana səfərinin nailiyyətlərini belə izah edib: "Dost və qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi bu hökumətin əsas siyasətlərindən biridir. Bu baxımdan, bu səfər zamanı səmərəli müzakirələr apardıq və razılaşmalar əldə etdik. Qazaxıstanla 14 əməkdaşlıq sənədi imzalandı, iş adamlarımız və iqtisadi fəallarımız bu ölkənin tacirləri ilə səmərəli müzakirələr apardılar və yaxşı razılaşmalar əldə edildi. Mədəni və səhiyyə sahələrində də faydalı müzakirələr aparıldı".
Prezident səfərin ikinci mərhələsi və Türkmənistanın Aşqabad şəhərində olması barədə də belə deyib: "Türkmənistanda region ölkələrinin rəhbərləri Sülh və Etimad Sammitində iştirak edirdilər. Türkmənistan lideri və prezidenti ilə ayrı-ayrı görüşlərdə yaxşı danışıqlar apardıq və əvvəlki razılaşmaları nəzərdən keçirdik. Həmçinin sammitdə iştirak edən bəzi prezidentlər və baş nazirlərlə də görüşlərimiz oldu".
Pezeşkian, həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşünə toxunaraq, əlavə edib: "Rusiya prezidenti ilə ölkələrimiz arasında strateji planlar və razılaşmalar barədə ətraflı müzakirə apardıq. Bu razılaşmaları nəzərdən keçirdik və onların həyata keçirilməsi üçün müvafiq nazirlərə tapşırıqlar verildi. Həmçinin Pakistanın baş naziri, İraq prezidenti və Myanmanın baş naziri ilə də qarşılıqlı maraq doğuran məsələlər barədə danışıqlar apardıq".