Mart 16, 2017 17:32 Asia/Baku
  • Mədəniyyət və mədəni hücum - 2-ci hissə
    Mədəniyyət və mədəni hücum - 2-ci hissə

İslam mədəniyyəti və Qərbin mədəni hücumu; Qərbin şeytani qüvvələri - yəni ABŞ və onun quyruqları müsəlman bir xalqın Allahın adı ilə ayağa qalxmasının nə demək olduğunu anlamışlar. Buna görə də İslamdan daha çox qorxur və ona daha çox ədavət bəsləyirlər.

İkinci fəsil: İslam dünyası və mədəni hücum

Birinci hissə: Hegemon güclərin İslam mədəniyyətinə qarşı mədəni mübarizəsinin tarixçəsi

          1- Avropada elmsevərliyin ifrat inkişafı və dini mədəniyyətə qarşı mübarizənin başlanğıcı

          Ən azı iki əsr öncədən dünyada sənaye sivilizasiyası adlı bir proses başlandı. Bu söz mədəniyyətə, inamlara, elmə - hər şeyə dair çoxlu mənaları ehtiva edir. Hazırlığı çox əvvəldən başlansa da, özü ən azı iki əsr öncədən başlayan, bu ad və xüsusiyyətlərə malik olan prosesin bir neçə səciyyəsi vardı: elm və sənayeyə, yeni həyat tərzlərinə və materialist əsaslara malik fəlsəfələrə təmayül. Yəni bu iki əsrdə meydana çıxan düşüncə və fəlsəfələrin əksəri mənəvi və dini təfəkkürün ziddinə olmuşdur. Ən çox şöhrət qazanmış marksizm onlardan biridir. 19 və 20-ci əsrlərdə geniş yayılmış digər fəlsəfi və ictimai cərəyanlar tamamilə, yaxud əsasən materialist, qeyri-dini və ya antidin istiqamətə malik olmuşdur. Bu qeyri-mənəvi və antimənəvi təmayül kiçik nöqtədən başlayıb anbaan artaraq genişlənən bir proses kimi xalqın həyatına, düşüncəsinə, ailəsinə və ictimai münasibətlərinə daxil oldu. Bu elmi prosesin kənarında siyasi qüvvələr də din və mənəviyyata qarşı paralel hərəkətə keçdilər. Bu siyasətlərin bəzisi zahirdə bu fəlsəfələrlə əlaqədar deyildi. Yəqin bilirsiniz ki, bəzi şəxslər hətta ən solçu materialist təfəkkülərin də filosofların deyil, siyasətçilərin düşüncəsinin məhsulu olduğuna inanırlar. Onlara görə bütün bu işlər tamamilə siyasi, həmçinin dünyada günbəgün artan sərvətin, kapitalın və kapitalizmin inkişafına xidmət göstərən iqtisadi işlər idi. Hər halda, siyasətçilər də mənəviyyatla zidd düşdülər və bu qarşıdurma günbəgün artmağa başladı. İslam dini kimi harada mənəviyyat çox idisə, daha çox hücuma məruz qaldı. Dünyanın hər bir yerində İslam düşüncələrinə hücuma keçdilər. Bu hücum İslam dünyasının şərqindən - yəni Hindistandan onun qərbinə - yəni Əlcəzairə qədər hər yerdə həyata keçdi. Fransalılar Əlcəzairə daxil olub İslama qarşı mübarizə apardılar. Hindistanda da ingilislər eyni işi gördülər. Müstəmləkə işində İngiltərə və Fransa rəqib olsalar da, rəqibləri və vurduqları nöqtə bir idi. Onlar dünyada din və mənəviyyatı günbəgün zəiflətdilər, insanları əxlaq və mənəviyyatdan uzaqlaşdırdılar.

          Xristian dünyası da belə oldu, İslam dünyası da. Onlar imanı maddiyyatın ağır məngənəsi arasında əzdilər, zəiflətdilər. Ən azı iki əsrdə dünyada bu proses getdi. Bu kiçik məsələ deyil. Bu maddi proses beləcə sürət və sərtliklə zirvəyə doğru hərəkətə başlayıb, son iki əsrdə günbəgün genişləndi. Cəmiyyətlərdə materialist təfəkkürün, siyasətin və rəftarın bu yüksəlişi ilə eyni zamanda uyğun siyasətləri aparan mərkəzlərin sərvəti, elmi, ixtirası və çeşidli inkişafları da hər gün artdı. Yəni elm sarıdan bugünkü Amerika əlli il öncəki Amerika ilə müqayisəolunmazdır. Avropa da belədir. Onlar pulları, elmləri, ixtiraları və müxtəlif imkanları ilə materializm prosesini gücləndirdilər. Bu yüksələn proses təsəvvürolunmaz həddə çatdıqda sonrakı addım dini, mənəviyyatı və əxlaqı tamamilə məhv etmək idi; yəni bunlara dair bir xatirə belə qalmasın. Bu mənim sözüm deyil. Dünya ədəbiyyatında və elmi-fantastik romanlarda adətən gələcək dünyanı, məsələn əlli ildən sonranı təsvir etməyə çalışırlar. Yazılanların hamısı artıq heç bir mənəvi hissin qalmadığı dünyanı göstərir. Mən bu romanların bəzisini özüm oxumuşam. Atom, kompüter və möhtəşəm kosmik inkişaflardan sonrakı addım nədir? Dünyanın mənəvi və dini düşüncələrdən, onların sözü ilə desək, mövhumatlardan tamamilə uzaqlaşması. Bundan başqa bir şey təsəvvür olunmur.

          Bütün maddi proqnozlar bəşəriyyətin materializmə doğru getdiyini göstərərkən qəfildən İranda din və ruhani hərəkatı başladı. Bu hadisə əvvəldə dünyanın diqqətini çox da cəlb etmədi, lakin analitik və müşahidəçilərin gözlədiyinin əksinə olaraq, həcmi, məzmunu və əhatə dairəsi günbəgün genişləndi və gözlənilmədən partlayışla nəticələndi. O zaman qlobal güclər indiyədək bu fenomeni yanlış dəyərləndirdiklərini anladılar. Buna çarə qılmağa çalışdılar, amma bacarmadılar.

          Bildiyiniz və tarixdə oxuduğunuz kimi, uzun illər idi dünya mənəviyyatdan və dindən uzaqlaşmaqda idi. Bir neçə əsr öncə dünyada bu hərəkət başlamışdı. Əlbəttə ki, bunun səbəbləri var, naməlum bir şey deyil. Sənaye və elm inkişaflarının zirvəyə yüksəldiyi son 200 ildə - aydınlıq və humanizm dövrü adlanan 19 və 20-ci əsrlərdə dünya dinsizliyə və mənəviyyatdan uzaqlaşmağa sarı sürətlə hərəkət edirdi. Bu gedişin bir qədəri təbii və baş verənlərin nəticəsi idi. Bir qədəri isə düşünülmüş və proqramlı şəkildə həyata keçirilirdi. Dünyanın bütün hakim gücləri bu nəticəyə gəldilər ki, dünyada dini məhv etməlidirlər. Bütünlüklə dinin adını yox, zahiri qorunsa da, onun həqiqi və əsl mahiyyətini məhv etmək istəyirdilər. Həqiqi dini inanc yox edilməli idi. Nə qədər pul xərcləndi, nə qədər insan xaincəsinə deyil, inamla dini inancın məhvini bəşəriyyət üçün zəruri bildi. Onlar dünyada, o cümlədən İslam dünyasında mənəviyyatı məhv etmək üçün kitab yazdılar, sənət əsərləri yaratdılar, təbliğat apardılar, güc işlətdilər, pul xərclədilər. Mənəviyyat əleyhinə bütün bu işlərin görüldüyü belə bir dünyanın həssas nöqtəsində isə mənəviyyat və İslam devizi ilə bir hökumət və quruluş meydana çıxdı. Belə bir hökumətin qurulması və on il duruş gətirməsi hələ möcüzənin hamısı deyil, başlanğıcı idi.

          2- Məsihi missionerlərin və Qərb kompaniyalarının İslam cəmiyyətlərinə daxil olması

Siz tarixdən bilirsiniz ki, müstəmləkəçilər Asiyaya, Afrikaya və Latın Amerikasına girmək istəyəndə həmin bölgələrə öz siyasətçilərindən, əsgər və kazaklarından öncə məsihi missionerlərini və müjdəçi qrupları göndərdilər. Onlar qırmızı və qaradərililəri əvvəlcə xristianlaşdırdılar, sonra müstəmləkə kəməndini boyunlarına atdılar, daha sonra isə ev və yuvalarından didərgin saldılar.

          Məsihi təbliğatçılar 2-3 əsr öncədən, ən azı 100 il qabaqdan Afrika və Amerikanın ucqar bölgələrinə gedib meşələrin dərinliyində yerləşən kəndlərdə, hətta adi adamların və tacirlərin getmədiyi yerlərdə təbliğata başladılar. Təəccüblüdür ki, onlar bəzən əhalisinin məsihiləşməsinə heç bir ümid olmayan yerlərə, məsələn, İrana da gəldilər. Bir söhbətdə dedim ki, məsihi təbliğatçılar dəfələrlə İrana gəlmişlər. Onların tarixçəsi mövcuddur. Onlar Nadir şahın dövründən və ondan öncədən məsihiliyi təbliğ etmək üçün öz ev və vətənlərini buraxıb o dövrün nəqliyyat vasitələri ilə İran kimi bir ölkəyə gəlib məsihiliyi təbliğ etmək məqsədi ilə uzun illər qalırdılar.

          Hegemonizmin təcrübəsi belədir ki, İslam harada ciddi olsa, onunla vuruşmağı lazım bilirlər. Qərblilər 17-ci əsrdən müstəmləkə məqsədi ilə müsəlman ölkələrinə daxil olub şirkət, kilsə və digər belə adlarla yavaş-yavaş özlərinə yer açdılar. Onlar o zamandan anladılar ki, İslam cəmiyyəti və İslam dini onları dünyanın bu tərəfinə göndərən müstəmləkəçi məqsədlərə qarşı çıxır, mübarizə aparır. O zamandan onlar üçün çoxlu faktlar qarşıya çıxdı. Hindistan uzun illər İngiltərənin vilayətlərindən biri sayılırdı; özü də indiki Hindistan yox, Hindistan, Pakistan və Banqladeşdən ibarət olan bütün Hindistan yarımadası. Onlar çox həyasızlıqla dünyanın o tərəfindəki bir qarış torpaqdan gəlib bir yarımadanı, çoxlu sərvət və mədənləri olan böyük bir ölkəni zəbt etdilər. Bunun özü çox acınacaqlı bir məsələdir. Onlar nəhayət, oranı rəsmən İngiltərə imperatorluğuna birləşdirdilər. Uzun illər Hindistana İngiltərə kralının naibüssəltənə kimi göndərdiyi şəxs başçılıq edirdi. Hindistan naibüssəltənələrindən biri 150 il öncə, hələ Hindistanda İngiltərə müstəmləkəsinə qarşı mübarizələrin başlanmadığı bir dövrdə demişdi ki, burada bizim birinci məqsədimiz müsəlmanları məhv etməkdir. Çünki müsəlmanlar mahiyyətcə bizə düşməndirlər, hindular isə belə deyillər. Bu, müstəmləkənin təcrübəsidir.

          3- Müstəmləkənin İslam cəmiyyətlərində mədəni siyasətləri

          Düşmənlər öncədən hazırladıqları planlarla dini müsəlman xalqların həyatından çıxardılar, İslam ölkələrində dinin siyasətdən ayrılığını təmin etdilər. Nəticədə Qərbin elmi inkişafı bu ölkələri birdəfəyə sənaye ölkələrinə tabe etdirə, onların siyasi və iqtisadi talelərini uzun müddət və islah olunmayacaq şəkildə qərbli soyğunçulara tapşıra bildi.

          Bu gün əksər İslam ölkələri Qərbin şirkət və hökumətlərinin ciblərini öz sərvətləri ilə doldurduqları on illərdən sonra hələ də gerilik vadisində sərgərdan qalmışlar, Qərbin sənayesinə, elminə və məhsuluna möhtac, siyasət dünyasında hələ də onların tüfeylisi və zavallı ardıcılıdırlar. Bu ilk gündən İslamın fundamental prinsipinə - yəni İslam tövhidinə diqqətsizlik səbəbindən yaranmış və zaman ötdükcə artmış böyük zərərdir. Zaman irəlilədikcə, elm kamilləşdikcə, hökumətləri və ölkələri daha imkanlı etdikcə İslam ölkələri daha gücsüz, daha asılı, daha cürətsiz və daha təşəbbüssüz olmuşlar.

          Müstəmləkəçi qüvvələr bütün İslam dünyasında din alimlərini sıxışdırıb səhnədən çıxarmağa çalışdılar. Məqsədimiz son 100-200 ildir. Ondan qabaq digər amillər, yəni zalım şahların, daxili tamahkar diktatorların istibdadı bu işi görürdü. Lakin Avropa dövlətlərinin İrana, Hindistan yarımadasına, ərəb ölkələrinə, Afrikaya, böyük Osmanlı məmləkətinə və digər yerlərə daxil olduğu bu zamandan etibarən müstəmləkə dövrü başlandı. İlk illərdən müstəmləkəçilər düzgün olaraq anladılar və bu məqam üzərində dayandılar ki, din alimlərinin həqiqi simasını ləkələmək, onları zərərsizləşdirmək və mümkün olduğu təqdirdə məhv etmək lazımdır. Uzun illər bu məsələ üzərində işlədilər. Bəzi yerlərdə din alimlərini və ruhaniləri heç bir şəxsiyyəti və hörməti olmayan çox kiçik və zəif bir amilə çevirdilər. Yəni həyati işlər üçün yox, daha çox ölüm-itim məsələlərindən və formal işlərdən ötrü kiçik bir mərkəz formasına saldılar. Ən azı bəzi müsəlman ölkələrində hakim qüvvələr bu işi görə və uzun illər davam etdirə bildilər. Ruhani hətta din də öyrədə bilmirdi. Onlar bütün İslam ölkələrində bu işi gördülər. Əlbəttə, bizim tanıdığımız bəzi ölkələrdə dini elm çevrəsini tamamilə məhv etmək, yaxud təsirini sıfra endirəcək həddə zəiflətmək mümkün deyildi. Buna görə də başqa yollara əl atdılar, onları zalım hökumətlərin fəsad dolu saraylarına bağlamağa çalışdılar.

          Mübarizə dövründə və inqilabın qələbəsindən sonra əziz imamımızın nifrətlə yad etdiyi saray mollaları İslama və müsəlmanlara çox böyük xəyanət etdilər. Dördüncü imam həzrət Səccad (ə) öz dövrünün məşhur bir şəxsinə (Məhəmməd ibn Şahab Zöhriyə) buyurur ki, sən öz boynunu zalımların dəyirmanı üçün oxa çevirmisən. Onların zülm dəyirmanlarının daşları sənin boynunun ətrafında fırlanır. Onlar sənə arxalanıb öz dəyirmanlarını fırladır və zülm edirlər. Azğın rejimlərin zülmlərinə don geyindirən din alimi həmin rejimlərin özündən təhlükəlidir. Cəmiyyətdə hegemonizmin məqsədlərinə xidmət edən ruhani zalımların ən çirkin, ən mənfur qüvvəsi və haqq görkəmi ilə batil mahiyyəti təbliğ etdiyinə görə olduqca təhlükəlidir. Hegemonizm yüz ildən artıq sürən bu son dövrdə pulla tamahlandırmaqla və təzyiq göstərməklə müsəlman ölkələrində bu işi görməyə çalışmışdır. O buna tam müvəffəq olmadı. Çünki bütün İslam dünyasında, xüsusən də İranda islami və elmi çevrə, yəni İslam ruhaniliyi özünün haqlı və qətiyyətli mövqeyində dayandı, bu böyük inqilabla bu uca respublikanı və quruluşu ərsəyə gətirdi, dünyada İslam bayrağını yüksəltdi və İslama ucalıq bəxş etdi.

          Siz dünyada müsəlmanların və İslam ölkələrinin vəziyyətinə, aclıq, yoxsulluq, siyasi zəiflik, məlumatsızlıq, gerilik, siyasi və iqtisadi asılılıq içində olmalarına baxın və özünüzdən soruşun ki, nə üçün belədir. Müsəlmanların və İslam ölkələrinin nəyi çatmırdı?! Təbii qaynaqları az idi?! İnsan resursu çatmırdı?! Coğrafi mövqeyi yaxşı deyildi?! Bunların heç biri deyildi. Deyəcəksiniz ki, bəs nə üçün bu acınacaqlı vəziyyətə düşmüşdür? Cavab budur ki, düşmənlər 100-200 il boyu xalqın məlumatsızlığından və başçıların xəyanətindən sui-istifadə edib onlara mənəvi, mədəni və bunun kənarında iqtisadi və hərbi hücumlar etdi. İslam ölkələrini tədricən gördyünüz bu duruma saldı. Bu, İslam dünyasının təbii vəziyyəti deyil. İslam dünyası Şimali Afrikadan Uzaq Şərqə, İslam dünyasının qərbinin ən uzaq bölgələrinə və hal-hazırda Qərbi-Afrikadan Şərqi Asiyaya qədər əraziləri əhatə edir. Dünyanın ən həssas regionlarından biri də Fars körfəzidir.

 

İkinci hissə: Müstəmləkəçi qüvvələrin İslam dünyasına mədəni hücumunun səbəb və kökləri

          1- İslamın müstəmləkəyə qarşı böyük bir maneə olması

          İslamın olduğu yerlərdə beynəlxalq istismarçı sistem rədd olunur. İslam harada baş qaldırsa, bu, zülmə, təcavüzə, müstəmləkəyə, istismara, xalqın təhqir olunmasına və bugünkü dünyada istismarçı sistemin bütün əlamətlərinə qarşı düşmənlik deməkdir.

İslam düşmənləri, böyük güclər və hegemon qüvvələr İslamı məhv etmək, adını sıradan çıxarmaq və dünyada İslamdan heç bir əsər-əlamətin qalmamasını istəyirdilər. Çünki İslam onların quldurluqlarına qarşı çıxırdı. Amerika İslamdan qorxurdu və qorxur. Dünyanın nüfuzlu oğru və quldurları, yəni qlobal güclər İslamdan qorxurlar və buna görə də onu məhv etmək qərarına gəlmişlər.

Hegemon dünya dedikdə məqsədimiz qlobal siyasi güclər, yəni böyük güclərdən, kiçik və asılı avtoritar rejimlərdən ibarət birlikdir. Onların ən mühüm məqsədlərindən biri İslamı məhv etməkdir, çünki İslam onların hegemonluğuna qarşı çıxır.

Qlobal Hegemonizm nə üçün İslamla bu qədər düşməndir? Çünki İslam onun tamahkarlığı qarşısında böyük bir maneə sayılır. İslam hegemon qüvvələrin soyğunçuluğuna və özbaşnalığına imkan vermir.

İmanı olmayan insanın ümidi də olmaz. İmanı olmayan insan problemlər qarşısında tab gətirməz, yarıyolda qalar, yaxud qayıdar. Siz gördünüz ki, hakim qüvvələr tərəfindən dinsizliyə, materializmə, allahsızlığa və marksist təfəkkürlərə məcbur edilən ölkələr yarıyolda qaldılar, soyğunçu və müstəmləkəçi Qərb onlara qalib gəldi. İslam isə belə deyil. İslami hərəkət daimidir. İslamın insanın yaxşı, gözəl və ədalətli həyatı uğrunda mübarizəsi həmişəlik bir mübarizədir. Məhz buna görə İslamla düşməndirlər və hegemonizmin çantasından İslam və müsəlmanlara qarşı hər gün bir təxribat çıxır.

Dünyanın vəziyyətinə baxın. Bu gün ABŞ və şeytansifət hegemonizm çox qəzəb və şiddətlə İslam əleyhinə mübarizə aparır, əlindən gələn hər bir işi görür. Lakin buna baxmayaraq, Allaha şükür olsun ki, İslamın gücü, İslam əhval-ruhiyyəsi və İslam imanı dünyada günbəgün artmaqdadır. Bu isə hegemonizmi vahiməyə salan amildir.

Müstəmləkəçi qüvvələr özlərinin siyasi, iqtisadi, ictimai və mədəni işğal planlarını hazırlayarkən mühüm bir maneə ilə rastlaşdılar. O maneə xalqların dini inancı idi. Əlbəttə, dini inanclar hər yerdə istismarçıların təcavüzlərinə mane olmur. Təhrif olunmuş, hansısa qüvvələrin əlinin məhsulu olan din təbii olaraq böyük güclərə qarşı çıxmır. İslam müstəmləkəçi dövlətlərin İslam ölkələrinə hərtərəfli və təcavüzkarcasına hücumuna qarşı çıxan bir dinin ən bariz və gerçək nümunəsidir. Onlar öz araşdırmalarında bunu anladılar. Hindistanda, ərəb ölkələrində, İranda bunu sınaqdan keçirdilər. Harada xalqın dini vicdan duyğusu oyanmışdısa, müstəmləkə planları maneə ilə üzləşdi. İranda Tənbəki hadisəsi, İran Məşrutə hərəkatı, Hindistanda ingilislərə qarşı baş verən qanlı hadisələr, on doqquzuncu əsrin ortalarında müsəlman əfqanlarla ingilislər arasındakı toqquşmalar və Seyid Camalın Misirdə ingiltərəliləri qorxudan hərəkəti bu nümunələrdəndir.

Azğın Qərb mədəniyyəti uzun illər heç bir maneə görmədən İslam ölkələrində pozuculuq və fəsad törətməklə məşğul olmuşdur. Təəssüf ki, fəsad içində olan asılı hökumətlər düşmənlərin mədəni və siyasi təxribatları qarşısında xeyirxah bir hökumətdən gözlənilən möhkəm səddi çəkmədilər. Odur ki, Qərb ölkələrinin başçıları siyasi istismar və iqtisadi soyğunçuluq məqsədi ilə İslam ölkələrində dəyərsiz və rəzalət dolu Qərb mədəniyyətini yaymağa başladılar, heç bir şey də onlara mane olmadı.

2- Müsəlman xalqların İslam oyanışının qarşısını almaq

İranda İslam inqilabı qələbə çalanda proqnoz verirdilər ki, bu inqilab müsəlman və hətta bəzi qeyri-müsəlman xalqları İslama yönəldə bilər. Buna görə bütün müstəmləkəçilər işə girişib İslamın mənəvi nüfuzunun qarşısını almağa başladılar. Hegemonizmin İslamın nüfuzuna qarşı geniş və universal fəaliyyətinin yeganə səbəbi budur ki, İslamın və İslam təlimlərinin dünyanın hər hansı bir yerinə yayılması həmin yerdə onların istismarının sona çatması deməkdir. İslam inqilabı tövhidin, Allahdan qeyrisinə bəndəliyin inkarının və Allahdan başqa hər bir kəsin və hər bir şeyin önündə başucalığının düzgün mənasını praktik və real şəkildə hamıya göstərdi. Bu inqilabın qələbəsindən dərhal sonra dünyanın bir çox bölgələrində yaşayan müsəlmanlar şəxsiyyət və ucalıq hiss etdilər, hegemon və zalımlara qarşı çıxdılar, müsəlman xalqların yeni mübarizə dövrü başlandı. Əfqanıstanda müsəlman xalqın möhtəşəm hərəkəti, Fələstində xalq mübarizəsinin başlanması, müsəlman və mübariz Fələstin xalqının sövdəgər təşkilatlara qarşı çıxması, Afrikanın, Asiyanın və hətta Avropanın müsəlman ölkələrində çoxlu İslam hərəkatlarının yaranması İslamın gözəlliyinə, onu xilaskar bildiklərinə görə və ilahi hökmlərin həyata keçməsinə həvəslə baş verdi. İslam Respublikasından öncə dünyanın müsəlman xalqlarını inandırmışdılar ki, İslam onlara ucalıq bəxş etməyə qadir deyil, onlar səadət üçün ya Qərb modelinə, Avropa və Amerika mədəniyyətinə üz tutmalı, ya da marksizmin puç və uydurma nəzəriyyələrinə müraciət etməlidirlər. İranda İslam inqilabının qələbəsi, İslam Respublikasının yaranması və İslamın İran xalqına ucalıq və əzəmət bəxş etməsi Qərb müstəmləkəçilərinin köhnə yalanlarının üstünü açdı, İslamın bir xalqı zəiflikdən, passivlikdən və məzlumluqdan xilas edib ucalığın, şücaətin və özünəinamın zirvəsinə çatdıra, dünyanın maddi gücləri ilə vuruşmağa qadir olan güclü bir quruluş bəxş edə, müstəmləkə və hegemonizmin zülmkar və təhqiredici istismarına son qoya bildiyini əməldə göstərdi.

Böyük güclər İslamla, müsəlmanların oyanışı ilə düşməndirlər; İranla da İslamına görə düşməndirlər. Onların bütün səyi dünyada İslam hərəkatının dirçəlməsinə mane olmaqdır. Sözsüz ki, bu ədavətin başında zalım və təcavüzkar ABŞ dövləti, arxasında isə İslama qarşı qədim düşmənliyi, onunla maraq toqquşması olan və yaxud İslamdan qorxan bütün kiçik və böyük güclər durur. İslam İranı ilə düşmən olmalarının səbəbi budur ki, İslam oyanışı buradan başlandı. Bu gün dünyanın müsəlman xalqları dünyanın harasında olsalar da, ümidlərini bu hərəkətdən və bu qalib inqilabdan alır, addımlarını möhkəmlədir və irəliləyirlər. Əgər burada İslamı məğlub edə bilsələr (bundan Allaha sığınırıq), dünya miqyasında İslam dalğasına qarşı ən böyük qələbələrini əldə etmiş olacaqlar. Bu bir reallıqdır. Odur ki, düşməni tanımaqda səhvə yol vermək, onun İslam və müsəlmanlara qarşı düşmənliyindən əl çəkdiyini düşünmək olmaz.

Bu gün İslam dünyada şeytani qüvvələrin həmişəkindən daha çox nifrət və ədavətinə tuş gəlmişdir. Keçmişdə də İslama qarşı pis münasibətdə olmuşlar. İslam heç zaman dünya hegemonlarının xoşuna gəlməmiş, onlar heç vaxt İslamı bəyənməmişlər. Lakin düşmənlik bu gün dəfələrlə artmışdır. Bu gün şeytani qüvvələr canlı İslamın onlara endirdiyi zərbələri dadmışlar. Qərbin şeytani qüvvələri - yəni ABŞ və onun quyruqları müsəlman bir xalqın Allahın adı ilə ayağa qalxmasının nə demək olduğunu anlamışlar. Buna görə də İslamdan daha çox qorxur və ona daha çox ədavət bəsləyirlər.

Qurani-kərim buyurmuşdur: "Sən yəhudi və xaçpərəstlərin dinlərinə tabe olmayınca onlar səndən razı qalmayacaqlar". Bu söz həqiqətən Quranın möcüzələrindəndir. Yəni müsəlmanlar İslamdan əl çəkməyincə düşmənlər razı qalmayacaqlar. İslamda məqsəd onun diri hökmləri, ruhu və həyati qüvvəsidir. Sözsüz ki, müsəlmanlar İslamın uca əsaslarından xəbərsiz olduqda, onun bəzi zahiri qaydalarına əməl etsələr belə, onunla işləri olmaz və düşmənlik etməzlər. Amma bu daha Peyğəmbərin (s) gətirdiyi və Quranın "insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmət" - deyə buyurduğu İslam olmayacaq.