İmam Hadi(ə)-ın həyatına bir baxış
Şiələrin onuncu imamı Həzrət Əli Ən-Nəqi(ə)-ın həyat yolu.
İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Şiələrin onuncu İmamı - İmam Əliyyən-Nəqi (əleyhissəlam) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (əleyhissəlam), anası isə hörmətli Səmanə xanım olmuşdur. O, elə əvvəldən fəzilətli və təqvalı bir kəniz idi.1 Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” deyirlər.2
İmam Hadi (əleyhissəlam) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz iki il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş, hicrətin iki yüz əlli dördüncü ilində isə Samirra şəhərində şəhadətə qovuşmuş və öz evində də torpağa tapşırılmışdır.[1]
İmam Əliyyən-Nəqi əleyhissəlamın müasiri olmuş xəlifələr
İmam Əliyyən-Nəqi (əleyhissəlam) İmam olduğu müddət ərzində aşağıda adları çəkilmiş Abbasi xəlifələrinin müasiri olmuşdur:
Mə’munun qardaşı Mö’təsim (217–227 h.q);
Mö’təsimin oğlu Vasiq (227–232 h.q);
Vasiqin qardaşı Mütəvəkkil (232–248 h.q);
Mütəvəkkilin oğlu Müntəsir (altı ay);
Müntəsirin əmisi oğlu Müstəin (248–252 h.q);
Mütəvəkkilin digər oğlu Mö’təzz (252–255 h.q).
İmam Əliyyən-Nəqi (əleyhissəlam) adı sonuncu çəkilmiş xəlifənin (Mö’təzzin) hakimiyyəti dövründə zəhərlənərək şəhid olmuş və evindəcə dəfn olunmuşdur.
İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Abbasilər hakimiyyətinin bu mərhələsi onu digər mərhələlərdən ayıran bir sıra xüsusiyyətlərə malik olmuşdur. İndi həmin xüsusiyyətlərdən bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
1. Xilafətin əzəmət və heybətinin itməsi; İstər Əməvilərin hakimiyyəti dövründə, istərsə də Abbasilər dövründə xilafətin özünəməxsus əzəməti olmuşdur. Ancaq İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə xilafətdə türklərin və qulların nüfuz tapmasının nəticəsi olaraq xilafət öz əzəmətini itirmiş, bu ünsürlər onu istədikləri kimi idarə edirdilər. Xəlifə yalnız simvolik bir mə’na daşıyırdı. Ancaq buna baxmayaraq, nə vaxt müxaliflər tərəfindən bir təhlükə hiss edilirdisə, xəlifə və bütün ətrafındakılar onu dəf etmək üçün ümumi bir razılığa gəlirdilər.
2. Saraydakıların əyləncə ilə gün keçirmələri; Abbasi xəlifələri hakimiyyətdə yaranmış boşluqdan istifadə edib kef, əyləncə, eyş-işrətlə məşğul olaraq gecə məclisləri təşkil edirdilər. Hökumət başdan-başa fəsadla dolmuşdu. Tarix onların bu əyləncələrinin hamısını qələmə almışdır.
3. Zülm, haqsızlıq və özbaşnalığın yayılması; Zülm və haqsızlığın yayılması, həmçinin, beytül-malı qarət edib əyləncə və əyyaşlığa sərf etmək camaatı cana yığmışdı.
4. Ələvi qiyamlarının artması. Abbasi xəlifələri hakimiyyətlərinin bu mərhələsində çalışırdılar ki, cəmiyyət arasında Ələvilərə qarşı nifrət yaratmaqla onları tar-mar etsinlər. Ələvilərin hər hansı bir qiyamının kiçik fəaliyyəti müşahidə edilən kimi dərhal amansızcasına onun qarşısını almağa cəhd göstərilirdi. Bunun də səbəbi o idi ki, hökumət cəmiyyətdə yaratdığı qorxuya baxmayaraq, özünü qeyri-sabit, qeyri-qanuni bilib bu kimi qiyamlardan çox qorxurdu. Ələvilərin bu müddət ərzindəki fəaliyyəti belə olmuşdur ki, onlar kiminsə adını çəkmədən camaatı Məhəmmədin (səlləllahu əleyhi və alih) nəslindən seçilmiş bir nəfərin ətrafında toplaşmağa də’vət edirdilər. Çünki qiyam başçıları görürdülər ki, hərbi düşərgə sayılan Samirra şəhərində mə’sum İmamlar tə’qib olunur, belə olduğu halda, onlar müəyyən bir şəxsi (yə’ni hər hansı bir mə’sum İmamı) rəhbər tə’yin etməklə onun həyatını təhlükə ilə üzləşdirər və hətta ölümünə səbəb ola bilərdilər. Bu qiyamlar cəmiyyətdə yaranmış zorakılıq və özbaşınalıqların nəticəsi olub birbaşa onlarla əlaqədar olmuşdur. Məsələn, digər Abbasi xəlifələri ilə müqayisədə Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə nisbətən əlaqəsi olan və hakimiyyəti dövründə şiələr üçün heç bir təhlükə doğurmayan xəlifə Müntəsirin dövründə bir dənə də olsun belə, qiyam baş verməmişdir. Tarixçilər təkcə 219-270 hicri qəməri illəri arasında baş verən on səkkiz qiyamı qeyd etmişlər. Bu qiyamların əksəriyyəti məğlubiyyətlə nəticələnmiş və Abbasi hökuməti tərəfindən yatırılmışdır.
Qiyamların məğlubiyyətə uğramasının səbəbləri
“İmam Sadiqin (ə) həyatı” fəslinin son bəhslərində Zeyd və Məhəmməd “Nəfsi Zəkiyyə”nin qiyamlarının məğlubiyyətinin səbəblərini qeyd etdiyimiz kimi, bu qiyamların məğlubiyyətə uğramasının səbəbini də bir tərəfdən qiyam başçılarının, digər tərəfdən isə tərəfdarlarının zəif olması ilə əlaqələndirmək lazımdır. Qiyam başçılarının hazırladıqları proqramlar kamil olmadığı üçün işlərində çatışmazlıqlar olur və ən əsası isə onların qiyamı tam şəkildə İslami bir qiyam olmurdu. Buna görə də, qiyamlar çox vaxt mə’sum İmamların e’tirazı ilə üzləşməli olurdu. Düzdür, bu qiyam tərəfdarları arasında pakməramlı və əsl şiələr də var idi ki, onlar İslamın ali məqsədləri uğrunda ölümə getməyə belə, hazır idilər. Ancaq bu cür insanların sayı çox az idi və mübarizə aparanlar əsasən, müəyyən bir İslami məqsədi olmayan şəxslər idilər. Onlar mə’ruz qaldıqları zülm və haqsızlıqlar nəticəsində narahat olub mövqelərini dəyişmək fikrinə düşür, lakin məğlubiyyət zamanı, yaxud ölüm təhlükəsində olduqlarını hiss etdikdə, öz rəhbərlərini tənha qoyub ondan uzaqlaşırdılar. Bir daha xatırladırıq ki, əgər bu qiyamların əksəriyyəti mə’sum İmamların e’tirazı ilə üzləşirdisə, onun səbəbi, ya bu qiyamların əsl İslami qiyam olmaması, qiyamçıların, yaxud qiyam başçılarının bə’zi qeyri-İslami hərəkətləri olmuş, ya da onların fəaliyyətinin məğlub olacağını qabaqcadan görmək olmuşdur. Buna görə də, əgər İmam onların qiyamına razılıq versəydi, qiyamın məğlub olacağı təqdirdə şiə və İmamət məsələsinin əsası, həmçinin, şiə məzhəbinin əsas qüvvələri təhlükə qarşısında olardı.
İmam Əliyyən-Nəqi əleyhissəlamın gizli fəaliyyətləri
İmam Əliyyən-Nəqi əleyhissəlamın İmaməti dövründəki Abbasi xəlifələri arasında hamıdan çox Mütəvəkkil o Həzrətlə həmzaman olmuşdur. Buna görə də, onun İmam Əliyyən-Nəqi əleyhissəlamın müqabilindəki mövqeyini araşdırmaq daha məqsədəuyğun olar.
Mütəvəkkil Bəni-Haşimə qarşı çox kobud və düşməncəsinə rəftar edirdi. O, Bəni-Haşimə qarşı daima bədgüman olmuş və onları həmişə müttəhəm etmişdir. Onun vəziri Übeydullah ibn Yəhya ibn Xaqan da, həmişə onun yanında Bəni-Haşimə qarşı töhmətlər qoşaraq onu bu tayfaya qarşı pis rəftar etməyə vadar edirdi. Mütəvəkkil Ələvilərə qarşı zülm və insafsızlıqda sanki bütün Abbasi xəlifələrini ötüb keçmişdi.1 Mütəvəkkilin Əli (əleyhissəlam) və onun övladlarına qarşı misli görünməmiş bir düşmənçiliyi var idi. Əgər bir nəfərin Əli əleyhissəlama rəğbət bəslədiyindən xəbər tutsaydı, bütün mal-dövlətini müsadirə edib özünü də öldürəcəkdi.[2] Elə buna görə də, İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilin hakimiyyəti dövründə öz fəaliyyətini gizli şəkildə aparır, şiələrlə münasibətdə son dərəcə ehtiyatla hərəkət edirdi. Bunu tarixçilərin aşağıda qeyd etdikləri hadisə də bir daha təsdiq edir.
Məhəmməd ibn Şərəf deyir: “Mədinədə İmam Əliyyən-Nəqi (əleyhissəlam) ilə birlikdə yol gedirdim. İmam buyurdu: “Sən Şərəfin oğlusan?” Dedim: ki, bəli. İstədim o Həzrətdən bir sual soruşam. İmam məni qabaqlayıb buyurdu: “Biz indi camaatın çox get-gəl etdiyi küçədəyik, bura sual yeri deyil.”[3]
Bu hədisdən hakim qüvvələrin cəmiyyəti nə qədər çətinlikdə saxlaması və eləcə də, İmam Əliyyən-Nəqi əleyhissəlamın məcburi şəkildə gizli fəaliyyətini açıq-aşkar bəyan etməsi başa düşülür. İmam Əliyyən-Nəqi (əleyhissəlam) uzaq şəhər və kəndlərdə yaşayan şiələrlə də eynilə bu cür hərəkət edirdi. Onların göndərdiyi şər’i vergiləri, hədiyyə və nəzirləri gizlincə qəbul edirdi. Tarix kitablarında qeyd olunmuş bu cür hadisələrdən birinə nəzər salaq:
Məhəmməd ibn Davud Qummi və Məhəmməd Təlhi deyir: “Qum və onun yaxınlıqlarından yığılmış xüms, hədiyyə və nəzirləri İmam Əliyyən-Nəqi əleyhissəlamın hüzuruna aparırdıq. Yolda o Həzrətin köndərdiyi qasid yetişib bizə xəbər verdi ki, geri qayıdaq. O bildirdi ki, indi bunları İmam əleyhissəlama təqdim etmək üçün münasib vaxt deyil. Biz geri qayıdıb bütün yükümüzü də özümüzdə saxladıq. Bir müddət keçdikdən sonra o Həzrətin əmrilə ona çatdırmaq istədiyimiz şeyləri onun öz göndərdiyi dəvələrə yükləyib sarbansız hüzuruna göndərdik. Bundan bir qədər keçdikdən sonra o Həzrətin hüzuruna getdikdə, bizə buyurdu: “Göndərdiklərinizə baxa bilərsiniz.” Biz onlara baxdıqda gördük ki, göndərdiyimiz şeylər olduğu kimi qalıb.”[4] Düzdür, bu hadisənin İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədə, yoxsa Samirrada olduğu müddətdə baş verməsi mə’lum olmasa da (Samirrada hökumətin nəzarəti daha çox olmuşdur), ancaq bu, şiələrin İmama gizli və dövlət mə’murlarından xəbərsiz əlaqələrindən bir nümunədir.
Həmçinin, İmam Cavad (ə) Samirra şəhərinə aparıldıqdan sonra hökumətin ciddi nəzarəti altında olmasına baxmayaraq bir dəfə Qumdan göndərilən beytül-malı gecə vaxtı təhvil aldı. Qabaqcadan duyuq düşmüş cəsusların bu xəbəri xəlifəyə çatdırılması, beləliklə xəlifənin əmri ilə malı müsadirə etmək üçün tapşırıq almış Fəth ibn Xaqanın və digər mə`murların cəhdləri heç bir nəticə vermədi.[5]
Vəkillik əlaqə vasitəsi kimi
Şiə İmamlarının Abbasi xəlifələri dövründə üzləşdiyi böhranlı vəziyyət onları şiələrlə əlaqə saxlamaq üçün başqa bir vasitə axtarmağa məcbur etdi. Bu da İmamların şiələrlə əlaqə vasitəsi təşkil edib müxtəlif şəhər və kəndlərdə vəkillər və nümayəndələr tə’yin etməsindən ibarət olmuşdur. Bu hərəkətdən əsas məqsəd vəkillər vasitəsilə müxtəlif yerlərdən xüms, zəkat, nəzir, hədiyyə və bu kimi şeylərin yığılaraq İmama çatdırılması, həmçinin, şiələrin fiqhi və əqidəvi suallarına İmam tərəfindən cavab verilməsi və vəkillərin bu çətinlikləri siyasi nöqteyi-nəzərdən hazırkı vəziyyətlə uyuğunlaşdırması olmuşdur. İmamların fəaliyyətində bu hərəkətin böyük rolu olmuşdur. Samirra şəhərində ciddi nəzarət altına alınmış İmam Əliyyən-Nəqi (əleyhissəlam) atası İmam Cavad əleyhissəlamın icra etdiyi vəkil və nümayəndə tə’yinetmə işini davam etdirərək müxtəlif şəhər və kəndlərə vəkil və nümayəndələr tə’yin edirdi. Doğru yola yönəlmiş bu vəkillər yuxarıda qeyd olunmuş məqsədləri tam şəkildə tə’yin edirdilər.
İmam Əliyyən-Nəqi (əleyhissəlam) ilə şiələr arasında bilavasitə əlaqənin olmaması vəkillərin məzhəbi və siyasi rolunu gücləndirdi, belə ki, onların, işləri səliqə-səhmana salmaqda məs’suliyyətləri daha da artdı. Vəkillər get-gedə şiələrin işini idarə etməkdə dəyərli təcrübələr əldə edirdilər. Bir çox tarixi faktlar göstərir ki, vəkillər müxtəlif məntəqələrə əsasən, şiələri aşağıdakı dörd qrupa bölmüşdülər:
Bağdad, Mədain və Kufə (İraq) məntəqəsi;
Bəsrə və Əhvaz məntəqəsi;
Qum və Həmədan məntəqəsi;
Hicaz, Yəmən və Misir məntəqəsi.
Bu məntəqələrin hər biri üçün xüsusi vəkil tə’yin edilir, onlar da özlərinə yerli əhalidən işçilər seçirdilər. Bu nümayəndəliyin fəaliyyətini İmam Əliyyən-Nəqi əleyhissəlamın nümayəndələrə verdiyi göstərişlərdə müşahidə etmək olar. Rəvayət olunmuşdur ki, İmam Əliyyən-Nəqi (əleyhissəlam) hicrətin iki yüz otuz ikinci ilində öz məntəqə (Bağdad) vəkili Əli ibn Bilala yazmışdır: “...Mən Əbu Əli ibn Raşidi Əli ibn Hüseyn ibn Əbdürrəbbihin yerinə[6] vəkil tə’yin edirəm. Bu məs’uliyyəti ona görə onun öhdəsinə qoyuram ki, o, bu iş üçün lazımi səlahiyyətə kifayət qədər malikdir. Belə ki, bu işdə heç kəs ondan üstün ola bilməz. Bilirəm ki, o məntəqənin böyüyü sənsən, buna görə də, səni bu işdən xəbərdar etmək istədim. Eyni zamanda sən də ona tabe olmalı və toplanmış şər’i vergiləri ona göndərməlisən. Bütün şiələri bu işdən xəbərdar et və o, öz vəzifəsini layiqincə yerinə yetirsin deyə, onları da ona tabe olmağa və ona kömək etməyə də’vət et...”[7]
Həmçinin, İmam Əliyyən-Nəqi (əleyhissəlam) öz vəkillərindən biri olan Əyyub ibn Nuha yazmışdı: “Ey Əyyub ibn Nuh! Mənim göstərişim sənə çatdıqdan dərhal sonra Əbu Əli ilə müxalifətçilikdən əl çək. Hər ikiniz öz məntəqənizdə öhdənizə düşən vəzifəni yerinə yetirməlisiniz. Belə olduğu halda, öz vəzifənizi mənimlə məsləhətləşmədən də yerinə yetirə bilərsiniz. Ey Əyyub, mənim göstərişimə əsasən, bundan sonra Bağdad və Mədain camaatından heç bir şeyi (şər’i vergini) qəbul etmə və onlardan heç birinə mənimlə görüşməyə icazə vermə! Əgər sənin öz məs’uliyyət çərçivəndən kənar olan bir şəxs sənə şər’i vergi versə, ona de ki, aparıb öz məntəqə vəkilinə versin.
Ey Əbu Əli! Sənə də göstəriş verirəm ki, eynilə Əyyuba verdiyim göstərişi yerinə yetirəsən.”[8]
İmam Əliyyən-Nəqi (əleyhissəlam) Əbu Əli ibn Raşidin vasitəsilə Bağdad, Mədain və Kufədəki şiələrinə də bir məktub göndərir. Məktubda deyilir: “...Mən Əbu Əli ibn Raşidi Hüseyn ibn Əbdürrəbbih və digər keçmiş vəkillərimin yerinə vəkil tə’yin edirəm. O, mənim yanımda artıq Hüseyn ibn Əbdürrəbbih vəzifəsini daşıyır. Şər’i vergilərin toplanması baxımından digər vəkillərin də ixtiyarını ona verərək, bu işə layiq olduğuna görə onu sizin işlərinizi idarə etmək üçün tə’yin edirəm. Siz şər’i vergilərinizi ona verin. Öz əlaqənizi əsla onunla pozmayın və ona qarşı çıxmaq fikrini başınızdan çıxarın. Allaha itaət etməyə, əmlakınızı təmizləməyə tələsin, bir-birinizin qanını tökməyin, xeyir işlərdə, təqvada bir-birinizə əl tutun. Allah rəhmətinə nail olmaq istəyirsinizsə, təqvalı olun! Hamılıqla Allahın ipindən (dinindən) yapışın və müsəlman halında ölün. Ondan (Əbu Əlidən) itaət etmək mənə itaət etmək, onun sözündən çıxmaq mənim sözümdən çıxmaq deməkdir. İşinizi elə bu cür davam etdirin, Allah da sizə xeyir verər və Öz mərhəməti sayəsində vəziyyətinizi yaxşılaşdırar. O, (Allah) həddən artıq səxavətli, bəndələrinə münasibətdə isə həddən artıq mehribandır. Biz və siz Onun himayəsi altındayıq. Bu məktubu öz xəttimlə yazıram. Sonsuz şükr və həmd təkcə Allaha məxsusdur.”[9]
Bağdad ətrafındakı Hamiya kəndinin sakini Əli ibn Cə’fər də İmam Əliyyən-Nəqi əleyhissəlamın vəkillərindən biri idi. Onun fəaliyyəti barədə Mütəvəkkilə xəbər çatmış, Mütəvəkkil onu tutaraq həbs etmişdi. Uzun müddət həbsdə qaldıqdan sonra azad olmuş, sonra da İmam Əliyyən-Nəqi əleyhissəlamın sifarişi ilə Məkkəyə gedib orada yaşamağa başlamışdır.[10]
İmam Əliyyən-Nəqi əleyhissəlamın nümayəndələri arasında İbrahim ibn Məhəmməd Həmədaninin də adını qeyd etmək lazımdır. İmamın ona yazdığı məktubda deyilir: “Göndərdiyin şər’i vergilər gəlib çatdı. Allah səndən qəbul etsin, şiələrimizdən də razı qalsın və onları dünya və Axirətdə bizimlə bir yerdə qərar versin...”
Bu məktubdan açıq-aşkar mə’lum olur ki, İmam, İbrahimi nümayəndə tə’yin etmiş və (ola bilsin ki, öz vəzifəsindən əlavə) şiələrdən toplanmış şər’i vergiləri də, o Həzrətə çatdırırmış. İmam Əliyyən-Nəqi (əleyhissəlam) onun bu fəaliyyətini təqdirəlayiq bilib mövqeyini möhkəmlətmək üçün ona yazır: “Nəzr ibn Məhəmməd Həmədaniyə[11] bir məktub yazıb tapşırdım ki, həm sənə e’tiraz etməsin, həm də sənə qarşı çıxmasın. Sənin mənim yanımda olan mövqeyini ona bildirdim. Əyyub ibn Nuh Fərraca da eynilə bu tapşırığı tapşırdım.[12] Həmçinin, Həmədandakı şiələrimizə məktub yazıb onlara tapşırdım ki, sənə itaət etsinlər. Həm də onlara bildirdim ki, mənim o məntəqədə səndən başqa nümayəndəm yoxdur.”[13]
Bir sözlə, nümayəndələrin apardığı fəaliyyət, xüsusən də, Mütəvəkkilin hakimiyyəti dövründəki fəaliyyətləri göz qabağındadır. Mütəvəkkil Ələvilərlə düşmənçiliyi olan şəxsləri özünə tərəf cəlb edərək onları, Ələvilərin gizli şəkildə apardığı fəaliyyətini dayandırmağa sövq edirdi. O, şiələri tutub həbs etmək məqsədilə bir sıra nizami hərəkətə əl atır və özü də bu hərəkətini çox ciddiyyətlə həyata keçirirdi. Onun bu hərəkəti İmamın Bağdad, Mədain və Kufədəki bə’zi vəkillərinin ölümünə, bə’zilərinin isə həbs edilməsinə gətirib çıxarır.[14] Mütəvəkkilin bu hərəkəti vəkillik əlaqəsinə ciddi sarsıntılar varid etsə də, İmam Əliyyən-Nəqi (əleyhissəlam) öz gözəl təcrübələri nəticəsində bu əlaqəni daima fəal saxlayırdı.
İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədən Samirraya gəlməsi
Mütəvəkkil İmam Əliyyən-Nəqi əleyhissəlamı öz nəzarəti altına almaq üçün ata-babalarının yolunu davam etdirir, nəyin bahasına olursa olsun, fikrini o Həzrət barədə rahat etmək istəyirdi. Bundan qabaq Mə’munun İmam əleyhissəlamın fəaliyyətini nəzarət altına almaqda işlətdiyi metodu müşahidə etdik. Onun İmam Cavad (əleyhissəlam) ilə qohumluq əlaqəsi yaratmasına baxmayaraq, o hətta Həzrətin evinin daxilində belə, onu nəzarət altında saxlaya bilmir. İmam Cavad (əleyhissəlam) şəhid olduqdan və İmam Əliyyən-Nəqi (əleyhissəlam) İmamət məqamına yetişdikdən sonra da bu planı həyata keçirməyin nə qədər lazım olduğunu həmin dövrün xəlifəsi çox yaxşı başa düşürdü. Çünki İmam Mədinədə qalıb xəlifənin nəzarətindən uzaq olsaydı, onda bu zalım hökumət üçün çox ciddi təhlükə yarada bilərdi. Buna görə də, xəlifə (Mütəvəkkil) bu təhlükə ehtimalının qarşısını almaq məqsədilə öz palnını həyata keçirməli idi. Belə ki, Mədinə hakiminin xəlifəyə verdiyi mə’lumat onu həddən artıq nigaran edir və nəticədə Mütəvəkkil o Həzrəti Mədinədən Samirayya gətizdirir.
Mədinə hakimi Abdullah ibn Məhəmməd Haşimi xəlifəyə göndərdiyi məktubda İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədə topladığı sosial baza haqqında mə’lumat verərək onu bərk qorxuya salır.[15] Ancaq İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilə bir məktub yazaraq Abdullahın dediklərinin yalan olduğunu bildirərək ondan xəlifəyə şikayət etdi. Mütəvəkkil də bir çox siyasətçilər kimi ikibaşlı bir işə əl ataraq bir tərəfdən Abdullah ibn Məhəmmədi işdən çıxarır, digər tərəfdən də öz katibinə tapşırır ki, İmam Əliyyən-Nəqi əleyhissəlama bir məktub yazsın. O, öz məktubu ilə zahirdə İmama olan əlaqəsini göstərmək istəyir, həqiqətdə isə məqsədi İmamı öz nəzarəti altına almaq idi. Az sonra Mütəvəkkilin İmama göstərdiyi təzyiqlər və onun üçün yaratdığı müşkülat barədə söhbət edəcəyik. Mütəvəkkilin İmama yazdığı məktub aşağıdakı məzmunda olmuşdur: “Allahın adı ilə! Şükürlər olsun Allaha ki, xəlifə səni yaxşı tanıyır, sizin şəxsiyyət və Peyğəmbərə (səlləllahu əleyhi və alih) olan qohumluğunuzu nəzər alır. Onun yeganə məqsədi Allahın və sizin razılığınızı cəlb etməkdir. O əmr verdi ki, sizin istəyinizə əsasən, sizə qarşı hörmətsizlik etmiş şəhərimizin ordu başçısı və İmam cüməsi Abdullah ibn Məhəmməd işdən çıxarılıb onun yerinə Məhəmməd ibn Fəzl işə tə’yin edilsin. Ona tapşırılmışdır ki, Allaha, Peyğəmbərə (səlləllahu əleyhi və alih) və Əmirəl-mö’mininə (Mütəvəkkilə) yaxın olmaq istəyirsə, sizə itaət edib sizə qarşı hörmətlə yanaşsın. Xəlifə (Mütəvəkkil) sizinlə əhdini təzələmək üçün sizi görmək arzusundadır. Əgər xəlifəni görmək istəyirsinizsə, öz ailə və dostlarınızla birlikdə onun yanına gələ bilərsiniz. Səfər ixtiyarı sizin öz əlinizdədir. Yolda istədiyiniz yerdə dayana bilərsiniz. İstəsəniz xəlifənin xadimi Yəhya ibn Hərsəmə sizin karvanı bura gətirib sizə qulluqçu olması ilə fəxr edər. Çünki siz bizim yanımızda böyük hörmətə maliksiziniz. Biz də öz növbəmizdə sizə böyük ehtiramla yanaşarıq. Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh.”[16]
Şübhəsiz ki, İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilin fikrindəki pis məqsəddən xəbərdar idi. Ancaq Samirraya getməkdən başqa çarəsi yox idi. Çünki Mütəvəkkilin də’vətini qəbul etməmək o Həzrətdən şikayət edənlər üçün qəti bir sübut ola bilər, eyni zamanda Mütəvəkkili daha da qəzəbləndirib o Həzrətə daha artıq təzyiqlər göstərməsi üçün bir bəhanə ola bilərdi. İmam Əliyyən-Nəqi əleyhissəlamın sonralar Samirrada buyurduğu “Məni Mədinədən güclə Samirraya gətirdilər”[17] cümləsi o Həzrətin Mütəvəkkilin məqsədindən xəbərdar olduğuna və məcburiyyət qarşısında qalaraq bu səfərə çıxdığına bir sübutdur. Bir sözlə, İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilin o Həzrəti Samirraya də’vət etməsi məktubunu aldıqdan sonra Yəhya ibn Hərsəmə ilə Samirraya getməli olur.
Mütəvəkkilin köməkçilərinin xəbərdarlığı
İmam Əliyyən-Nəqi əleyhissəlamı Mədinədən Samirraya gətirilməsi məsələsini öhdəsinə götürmüş Yəhya ibn Hərsəmə bu hadisəni belə izah edir: “Mədinəyə gəlib Əliyyən-Nəqi əleyhissəlamın evinə getdim. Onun evinə getdikdən və camaat onun Samirraya cəlb edilməsi xəbərini eşitdikdən sonra şəhərdə bərk çaxnaşma düşdü. Camaat elə səs-küy saldı ki, o günə qədər o cür səs-küy eşitməmişdim. Mən əvvəl onları sakitləşdirmək üçün and-aman edib dedim ki, arada heç bir pis fikir yoxdur, mən heç də ona əziyyət etmək üçün bura gəlməmişəm. Sonra isə onun evini axtarmağa başladım. Onun özünəməxsus otağında bir neçə Qur’an və dua kitabından başqa heç bir şey yox idi. Bir neçə mə’mur onu evdən çıxartdı, özüm isə onun evdən Samirraya qədər xidmətində durdum. Bağdada gəldikdə ilk növbədə şəhər başçısı İshaq ibn İbrahim Tahiri ilə qarşılaşdım. O, mənə dedi: “Yəhya, bu ağa Peyğəmbər (səlləllahu əleyhi və alih) övladıdır, Mütəvəkkili onu öldürməyə cəlb etsən, bil ki, sənin düşmənin məhz Peyğəmbər (səlləllahu əleyhi və alih) olacaqdır.” Onun cavabında dedim: “Allaha and olsun ki, mən bu vaxta qədər ondan bir pislik görməmişəm ki, Mütəvəkkili onu öldürməyə cəlb edəm.” (Sonra Samirraya tərəf hərəkət etdim.) Samirraya gəldikdən sonra hadisəni türk Vasifə[18] danışdım. O da mənə dedi ki, əgər onun başından bir tük əskik olsa, sən cavabdehsən. İshaq ibn İbrahim və türk Vasifin sözlərindən çox təəccübləndim, Mütəvəkkilin sarayına daxil olub ona tə’zim etdikdən sonra gördüm ki, xəlifə də ona çox hörmətlə yanaşır.[19]
İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirraya gəlişi
Mütəvəkkilin göstərişinə əsasən, İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirraya gəlişi üçün tə’yin edilmiş gün, o Həzrət üçün hələ yer hazırlanmaması bəhanəsi ilə tə’xirə salınır və o Həzrət bir gecə “Xanus-səvalik” (kimsəsizlər karvansarası) adlanan bir yerdə qalmalı olur. Bu hərəkətdən məqsəd siyasi baxımdan bir növ İmamı zəhmətə salaraq təhqir etmək olmuşdur. Səhəri gün o Həzrət üçün bir ev tə’yin olunur. Bundan sonra İmam həmin evdə qalmağa başlayır.[20] İmam Əliyyən-Nəqi (əleyhissəlam) bu şəhərdə zahirdə azad olsa da, əslində elə bil ki, həbsdə saxlanılırdı. Çünki o Həzrətin qaldığı yer, onun yanına gəlib-gedənlər və bütün işləri daima nəzarət altında idi.
Məsihi həkimi və Bəxtişuyun şagirdi Yəzdad, İmam Əliyyən-Nəqi əleyhissəlamın güclə Samirraya gətirilməsinə işarə edərək deyir: “Əgər qeyb aləmindən xəbəri olan bir nəfər varsa, o da məhz odur (İmam Hadidir). Onu bura gətizdirməkdə məqsəd camaatın ona tərəf meyl etməsinin qarşısını almaqdır. Çünki onun olması ilə öz hakimiyyətlərini təhlükə altında görürdülər.”[21]
Mütəvəkkilin İmam Əliyyən-Nəqi əleyhissəlamın camaat arasında olan mə’nəvi nüfuzundan qorxmasını o Həzrətin qalması üçün tə’yin edilmiş yaşayış yerindən başa düşmək olar. Mütəvəkkilin o Həzrəti bu qədər nəzarət altında saxlamasına baxmayaraq, yenə də onu öz hökuməti üçün ciddi bir təhlükə hesab edir və qorxurdu ki, İmamın dost və tərəfdarları onunla gizli əlaqə saxlayıb hökumət əleyhinə qiyam planı hazırlayaraq bu işi həyata keçirmək üçün pul və silah toplayıb camaatı da bu işə cəlb edərlər. Xəlifənin ərtafında olanlar da, bə’zi vaxtlar onu İmamın və dostlarının qiyam ehtimalından xəbərdar edirdilər. Buna görə də, Mütəvəkkil vaxtaşırı İmamın evini yoxlatdırır, axtarış aparanların hər dəfə əliboş qayıtmalarına baxmayaraq, Mütəvəkkil yenə də nigaran idi və qorxu içərisində yaşayırdı. İndi gəlin həmin məqamlardan birini nəzərdən keçirək.
Şərab məclisi bir-birinə dəyir
İmam Əliyyən-Nəqi əleyhissəlamın bu sözünün tə’sirindən Mütəvəkkil elə ağlayır ki, saqqalı tamamilə islanır. Məclisdə oturanlar da ağlayırlar. Mütəvəkkil əmr edir ki, içki (şərab) məclisini yığışdırsınlar. İmama isə dörd min dirhəm pul verərək hörmətlə evinə qaytarır.1
İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilin zindanında
Mütəvəkkilin qəlbində İmam Əliyyən-Nəqi əleyhissəlama qarşı böyük kin-küdurət var idi və həmişə o Həzrəti incitmək fikrində olmuşdur. İmamın Samirrada olması həqiqətdə onun zindanda qalması demək idi. Çünki o Həzrət Mədinədən Samirraya gəldiyi ilk vaxtlarda Mütəvəkkil onu həbs edir. Səqər ibn Əbu Dələf deyir: “İmam Əliyyən-Nəqi (əleyhissəlam) Samirraya gətirildikdən sonra onun əhvalından xəbər tutmaq üçün yanına getdim. Mütəvəkkilin qapıçısı Zərrafi məni görüb dedi ki, gəl içəri. İçəri keçdikdən sonra məndən soruşdu ki, nə üçün gəlmisən? Dedim ki, xeyirdir. Dedi: “Otur.” Oturdum, ancaq yaman qorxuya düşdüm və fikrə gedərək özlüyümdə dedim ki, səhv eləmişəm (ki, belə bir təhlükəli işə əl atıb İmamın görüşünə gəlmişəm).
Zərrafi camaatın işini həll edib oradakıları yola saldı. Ara sakitləşdikdən sonra məndən soruşdu ki, nə üçün gəlmisən, işin nədir?
Dedim: Xeyir iş üçün gəlmişəm.
— Yoxsa öz ağandan xəbər tutmağa gəlmisən?
— Ağam kimdir? Mənim ağam xəlifədir.
— Sus, həqiqət sənin ağanladır. Qorxma, mən də səninlə həmfikirəm və onu İmam bilirəm.
(Bunu eşitcək) Allaha şükr etdim. Sonra o mənə dedi: “Onu görmək istəyirsən?” Dedim ki, bəli. Dedi ki, bir az otur, qoy qasid getsin. Qasid getdikdən sonra məni xadiminə göstərərək dedi: “Bunu Əliyyən-Nəqi əleyhissəlamın saxlanıldığı otağa apar, özün isə qayıt.”
İmamın hüzuruna yetişdikdə, gördüm ki, o Həzrət bir həsirin üstündə oturub, qarşısında isə bir qəbir qazılmışdır. Salam verdim. Buyurdu ki, əyləş. Oturduqdan sonra məndən soruşdu ki, nə üçün gəlmisən? Dedim ki, gəlmişəm sizdən bir xəbər tutam. Sonra qəbrə baxıb ağladım. İmam buyurdu: “Ağlama, bu çətinlikdən mənə bir zərər dəyməz.” Allaha şükr etdim. Sonra o Həzrətdən bir hədisin mə’nası barədə soruşdum. İmam cavabımı verdikdən sonra buyurdu: “Bəsdir, dur get, qorxuram sənə bir zərər dəyə!”[22]
Bu hadisə bir tərəfdən Mütəvəkkilin İmam Əliyyən-Nəqi əleyhissəlama qarşı təzyiqlərinin nə qədər ciddi və ağır olduğunu, digər tərəfdən isə İmamın hətta xəlifənin xüsusi və ən yaxın adamlarının da yanında nüfuz tapmasını çatdırır. Mütəvəkkil ömrünün son günlərində öz xadimi Səid ibn Hacibə əmr edir ki, İmamı öldürsün, ancaq İmam Əliyyən-Nəqi (əleyhissəlam) buyurur ki, iki gün keçməz Mütəvəkkili öldürərlər. Həqiqətən də, elə bu cür oldu.[23]
Mütəvəkkilin şiələrə qarşı təzyiq və cinayətləri
Mütəvəkkil Abbasi xəlifələri arasında ən çox cinayət törədənlərdən biri olmuşdur. O, Həzrət Əli (əleyhissəlam), onun ailə və şiələrinə qarşı ürəyində həddən artıq kin-küdurət bəsləyirdi. Onun hakimiyyət dövrü şiə və Ələvilər üçün ən pis dövrlərdən biri sayılır. Mütəvəkkilin törətdiyi bütün cinayətləri qeyd edə bilməyəcəyimizi nəzərə alaraq məcbur olub bə’zi cinayətlərinə qısaca da olsa, işarə edirik.
1)–Mütəvəkkilin hakimiyyəti dövründə Ələvilərdən bə’zisi ya həbs edildi, ya da axtarışda oldu. Buna misal olaraq (İmam Həsən əleyhissəlamın nəvələrindən olmuş) Məhəmməd ibn Saleh və (Təbəristanda qiyam qaldırmış Həsən ibn Zeydin təbliğçilərindən olan) Məhəmməd ibn Cə’fərin adını qeyd etmək olar.[24]
2)–Mütəvəkkil hicrətin iki yüz otuz altıncı ilində əmr verir ki, şəhidlər ağası İmam Hüseyn əleyhissəlamın məqbərəsi və onun ətrafında olan binalar (tikililər) sökülərək əkin sahəsinə çevrilsin.[25] Eyni zamanda o Həzrətin ziyarətinin qarşısını almaq məqsədilə, o yaxınlıqda gözətçilər saxlanılsın.
İmam Hüseyn əleyhissəlamın qəbrini heç bir müsəlman sökməyə hazır olmadığı üçün bu işi əsli yəhudi olan Dizəc adlı bir şəxs yerinə yetirir. Mütəvəkkil İmam Hüseyn əleyhissəlamın qəbrinin ziyarət edilməsini qadağan edərək bildirir ki, əgər bir nəfər ora ziyarətə gedərsə, mütləq cəzalandırılacaq.[26] O qorxurdu ki, İmam Hüseyn əleyhissəlamın məqbərəsi hökumət əleyhinə bir qərargaha çevrilib o Həzrətin şəhadəti xilafətin zülmlərinə qarşı yönəldilmiş qiyamlara ilham bağışlasın. Ancaq o Həzrətin şiə və dostları (o Həzrəti sevənlər) bir an olsun belə, o müqəddəs qəbrin ziyarətindən qalmır və min bir müsibətə, əzab-əziyyətə qatlaşaraq yenə oranı ziyarət etməyə gedirdilər. Mütəvəkkilin ölümündən sonra şiələr yenə əl-ələ verib İmam Hüseyn əleyhissəlamın məqbərəsini yenidən bərpa etdilər.[27]
İmam Hüseyn əleyhissəlamın məqbərəsinin sökülməsi müsəlmanları bərk qəzəbləndirdi. Bağdad əhalisi bütün küçələrə, divarlara, məscidlərə Mütəvəkkilin əleyhinə şüarlar yazmağa, mübariz şairlər isə onun əleyhinə şe’rlər yazaraq onu tənqid etməyə başlayırlar. Bu şe’rlərdən birinin məzmununu sizin nəzərinizə çatdırırıq: “And olsun Allaha ki, əgər Bəni-Üməyyə öz Peyğəmbərinin (səlləllahu əleyhi və alih) qızının oğlunu (yə’ni nəvəsi İmam Hüseyn əleyhissəlamı) zülm nəticəsində şəhid etmişsə, indi onun atasının nəslindən olanlar (Bəni-Abbas) Bəni-Üməyyənin cinayəti kimi bir cinayət törətmişlər. Bu, öz canıma and olsun ki, Bəni-Abbas tərəfindən uçurulmuş Hüseyn əleyhissəlamın qəbridir. Onlar İmam Hüseyn əleyhissəlamın qətlində iştirak etmədikləri üçün təəssüflənir, ona görə də, indi onun qəbrinə təcavüz etməklə onun sümüklərinə daraşmışlar.”[28]
3) Mütəvəkkil öz hakimiyyəti dövründə İbn Səkkit[29] kimi İslam aləminin böyük şəxsiyyətini və Əhli-beytə (əleyhimussəlam) sadiq olan bir sıra şəxsləri qətlə yetirmişdir. İbn Səkkit İmam Cavad əleyhissəlamla İmam Əliyyən-Nəqi əleyhissəlamın vəfalı dostlarından, tanınmış şiə ədib və şairlərindən biri olmuş, lakin Mütəvəkkil onu, Əli əleyhissəlamın tərəfdarı olduğu üçün qətlə yetirmişdir. Bir gün Mütəvəkkil öz iki oğluna işarə edərək İbn Səkkitdən soruşur: “Sənin üçün mənim bu iki oğlum daha sevimlidir, yoxsa Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam)?” Bu yersiz müqayisədən bərk əsəbləşən və qanı cuşa gələn ibn Səkkit dayanmadan deyir: “Allaha and olsun ki, mənim nəzdimdə Əli əleyhissəlamın nökəri Qənbər də, səndən və bu iki oğlundan üstündür.” Öz qüdrət və imakanatına, öz nəfsinə uymuş Mütəvəkkil əmr edib onun dilini çıxartdırır.[30]
4) Xətib Bağdadi Mütəvəkkilin Əhli-beyt (əleyhimussəlam) tərəfdarlarına verdiyi işkəncələrə işarə edərək yazır: “Mütəvəkkil Nəsr ibn Əli Cəhzəmiyə Həzrət Əli (əleyhissəlam), xanım Zəhra (səlamullahi əleyha), İmam Həsən (əleyhissəlam) və İmam Hüseyn əleyhissəlamın fəzilətinə dair bir hədis dediyinə görə min şallaq vurdurur. Bununla da, ondan əl çəkmir, axırda onun sünni olduğu barədə şəhadət verib Mütəvəkkilin əlindən qurtarırlar.[31]
5) Mütəvəkkil öz mənliyini satmış şairlərə külli miqdarda pul verib onları Abbasi hökumətinin qanuni hökumət olması barədə və eləcə də, Əhli-beyt (əleyhimussəlam) əleyhinə şe’rlər yazmağa məcbur edirdi.[32]
6) Mütəvəkkil Şakiriyyə adlı yerdə yeni ordu təşkil edərkən əsasən Suriya, Əlcəzair, Cəbəl, Hicaz və Ənbada Ələvilərin ziddinə ad çıxarmış şəxslərdən istifadə edir.[33]
7) Mütəvəkkil Misir hakiminə əmr edir ki, Misirdə olan bütün Ələviləri İraqa sürgün etsin. Misir hakimi də onun əmrini yerinə yetirir. Sonra isə Mütəvəkkil onların hamısını hicrətin 236-cı ilində Mədinəyə köçürür.[34]
8)–Mütəvəkkil idarələrdə işləyən bütün şiələri işdən çıxartmaqla onların camaatın yanındakı mövqeyini zəiflədirdi. Misal üçün İshaq ibn İbrahimin işdən çıxarılmasını qeyd etmək olar. Mütəvəkkil onu şiə olmasına görə Cəbəl vilayətindəki Samirra və Seyrəvan şəhərlərinin hakimliyindən çıxarır. Bir çox başqa şəxslər də, bu səbəbə görə öz mövqelərini itirməli oldular.[35] Mütəvəkkil bu cür hərəkətləri ilə öz hökumətinə qarşı şiələr tərəfindən ehtimal verilən hər hansı bir hərəkatın qarşısını alsa da, ancaq onların gizli fəaliyyətlərini dayandıra bilmədi. Bundan öncə də qeyd etdiyimiz kimi, tarix göstərir ki, İmam Əliyyən-Nəqi (əleyhissəlam) öz şiələri ilə gizli əlaqə saxlayırmış.
Şiələrə qarşı iqtisadi çətinlik
Mütəvəkkil şiələri zəiflədib onların mübariz qüvvələrini aradan götürmək üçün onlara qarşı iqtisadi təzyiq siyasətini işə salır. Şiələr o vaxta qədər hələ bu cür iqtisadi çətinliklə üzləşməmişdilər. Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra şiələr daima iqtisadi çətinlik içərisində olmuşlar. Bu sahədə siyasi məqsəd daşıyan və əsas məqsədi Əli əleyhissəlamın və Bəni-Haşimin iqtisadi mövqeyini zəiflətmək olan, Fədəyin Həzrət Zəhradan (səlamullahi əleyha) alınmasından başqa, İslam tarixində bir çox hallara da təsadüf olunur. Bunlardan biri də, Müaviyənin şiələrə, xüsusən də, Bəni-Haşimə qarşı işlətdiyi siyasət olmuşdur. Müaviyənin İmam Hüseyn əleyhissəlamdan Yezid üçün bey’ət alması məqsədilə irəli sürdüyü siyasətlərdən biri, özünün Mədinəyə səfəri zamanı (başqalarından fərqli olaraq) beytül-maldan Bəni-Haşimdən olanlara heç bir hədiyyə verməməsi olmuşdur. Onun bu işdən məqsədi o olmuşdur ki, bəlkə İmam Hüseyn əleyhissəlamı maddi çətinliyə salıb bey’ət etməyə məcbur edə.[36] Başqa bir nümunə isə (ikinci Abbasi xəlifəsi) Mənsur Dəvaniqinin iqtisadi təzyiqi olmuşdur. Mənsur camaatı acından qırmaq, cəmiyyəti müflisləşdirmək proqramını çox geniş miqyasda icra edirdi. Onun isə bu işdən məqsədi, camaatın ac qalaraq ona tabe olması, ona göz dikməsi, bunun da nəticəsində, həmişə öz qarınlarını doyuzdurmaq fikrində olub böyük ictimai məsələlər haqqında düşünməyə macal tapmaması olmuşdur. O, bir dəfə saray adamlarının toplaşdığı məclisdə yürütdüyü bu siyasətə işarə edərək demişdir: “Öz itini ac saxla, qoy həmişə çörək üçün sənin ardınca düşsün.”[37] Bu ifadə eyni zamanda müsəlman millətinin Bəni-Abbasın gözündə nə qədər aşağı səviyyədə olduğunu göstərir. Bu iqtisadi çətinlikdə şiə və Ələvilər daha çox təzyiqə mə’ruz qalmışlar. Çünki onlar zalım xəlifələrə qarşı yönəldilmiş hərəkatın önündə dururdular. Harun ər-Rəşidin hakimiyyəti dövrü də, bu işdə istisna edilmir. Çünki o da müsəlmanların beytül-malını qəsb edərək onu kef, əyləncə və eyş-işrət məclislərinə sərf etməklə şiələri öz hüquqlarından məhrum edir və bu vasitə ilə onların mübariz qüvvələrini zəiflədirdi. Deməli, şiələr bu cür çətinliklərlə əvvəldən tanış olmuş, ancaq bundan əvvəl qeyd etdiyimiz kimi, Mütəvəkkilin dövründəki iqtisadi çətinlik daha geniş olmuş və aşağıdakı cəhətlərinə görə digər dövrlərdən fərqlənmişdir:
1) Mütəvəkkil şiələrə qarşı o qədər maddi təzyiq göstərir ki, deyilənlərə görə Mədinə şəhərindəki Ələvi qadınların namaz qılmağa bir yaxşı paltarları olmamış, əyinlərindəki bir ədəd köhnə paltarı növbə ilə geyib namaz qılardılar. Onlar Mütəvəkkil ölənə qədər bu cür çətinlik içərisində olmuşlar.[38]
2) Mütəvəkkil Ömər ibn Fərəc Rüxxəcini Məkkə və Mədinə şəhərlərinə hakim tə’yin edir. O, camaatı Əli əleyhissəlamın nəslindən olanlara (Ələvilərə) kömək etməkdən, əl tutmaqdan çəkindirərək bu işə elə diqqət yetirirdi ki, camaat canlarının qorxusundan onlara kömək etməkdən əl çəkir və nəticədə onların vəziyyəti çox acınacaqlı hala düşürdü.[39]
3) Mütəvəkkil Ələvilərin mülkü olan Fədəyi[40] müsadirə edir. Rəvayətdə qeyd olunmuşdur ki, o vaxt Fədəyin gəliri iyirmi dörd min dinara çatırmış. Mütəvəkkil onu öz dostlarından olan Abdullah ibn Ömər Bazyara bağışlayır[41].
4) Mütəvəkkil Misir hakiminə Ələvilərlə aşağıdakı şərtlər əsasında davranmağı əmr edir:
a) Ələvilərdən heç birinə mülk verilməsin, həmçinin, onlara ata minmək və Fustat şəhərindən digər şəhərlərə getmək qadağan edilsin.
b) Ələvilərdən heç birinə bir nəfərdən artıq qul saxlamaq icazəsi verilməsin.
v) Bir Ələvi ilə qeyri-Ələvi mübahisə edərsə, hakim ilk növbədə qeyri-Ələvinin şikayətinə qulaq assın və Ələvinin şikayətini isə heç dinləmədən onun əleyhinə hökm versin.[42]
Zinətli saray və məclislər
Şiələrə qarşı yönəldilmiş bu çətinliklərlə yanaşı, Mütəvəkkil beytül-malı qəsb edərək zinətli və əzəmətli saraylar tikdirməkdə, kef məclisləri təşkil etməkdə həddini aşmışdı. O, çoxlu saraylar tikdirir və onların tikintisinə külli miqdarda pul sərf edirdi. Buna misal olaraq, Şah, Gəlin, Şəbdaz, Bədi, Qərib və Bürc saraylarını nümunə göstərmək olar. Təkcə Bürc sarayının tikilməsi üçün o, bir milyon yeddi yüz min dinar pul xərcləmişdi.[43] Həmçinin sarayların ən böyük və qəşənglərindən biri olan, Burkuva adı ilə məşhur olmuş sarayın tikilməsi üçün iyirmi milyon dirhəm pul xərcləmişdi.[44] Eləcə də, əyləncə məqsədi ilə tikdirilmiş Cə’fəri, Məlih, Qərv, Muxtar və Heyr saraylarının da hər biri milyonlarla dirhəmə başa gəlmişdi. Tarixçilər bunların hamısını qələmə almışlar.[45]
Mütəvəkkil, oğlu Abdullah əl-Mö’təzzi sünnət etdirmək istəyərkən, həddən artıq çox və ağılasığmaz miqdarda pul xərcləyir. Tarixçilər bu barədə çox geniş mə’lumat vermişlər. Nümunə üçün indi bu məqamlardan bə’zilərinə nəzər salaq.
Uzunluğu yüz dirsək, eni isə əlli dirsək[46] olan eyvan üçün həmin ölçüdə bir xalça hazırlanmış, qonaqlar üçün qızıldan hazırlanıb lə’l-cəvahirlə bəzədilmiş dörd min stul düzülür. Mütəvəkkilin əmrilə camaatın başına səpmək üçün ayrılmış iyirmi milyon dirhəm pulu qadın, xadim və kənarda oturanların, üzərində şənlik və sünnət məclisinin şəkli döyülmüş bir milyon dirhəm isə bərbər, dəllək və xüsusi xidmətçilərin başına səpilir. Həmin gün Mö’təzzi sünnət edən dəlləkdən soruşurlar ki, nahara qədər nə qədər pul yığmısan? O cavab verir ki, zinətli əşya, lə’l-cavahir və üzükdən əlavə, səksən neçə min dinar pul qazanmışam.
Sünnət məclisinin bütün hesabatını Mütəvəkkilə verdikdə, səksən altı milyon dirhəmə çatmışdı.[47]
Bunlar Mütəvəkkilin beytül-maldan boş yerə və kef məclislərinə xərclədiyi pullardan bir qismidir. Onun bütün kef məclislərini şərh etmək isə bu qısa bəhsimizə sığmaz. Əlavə olaraq bir məqama da işarə edək. Süyuti yazır: “Mütəvəkkilin sarayda dörd min kənizi olmuş və o, onların hamısı ilə əlaqədə olmuşdur.”[48]Görkəmli tarixçi Məs’udi isə belə yazır: “Mütəvəkkilin hakimiyyəti dövründəki kimi heç vaxt pul xərclənməmişdi.”[49]
Tarixi bir sənəd
Ali-Bəviyyənin müasiri olmuş görkəmli yazıçı Əbu Bəkr Xarəzmi (vəfatı 383 ya da 393 h.q) Abbasilərin şiələrə qarşı təzyiqləri və şiələrin məzlumluğuna dair yazdığı bir məktubda Mütəvəkkilin törətdiyi cinayətlərə toxunaraq bu biabırçı şənlik barəsində də, qeyd etmişdir. O deyir: “Hidayət rəhbərlərindən biri, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən olan bir şəxs vəfat etdikdə, heç kəs onun dəfninə gəlmir və qəbri də (bir dəfə də olsun) ağardılmır. Ancaq Bəni-Abbasın bir təlxəyi öldükdə, bütün qazılar, hakimlər onun dəfninə gəlir, onun üçün əza məclisləri qururlar. Dəhrilər[50] (dünyaya inanlar) və yunan filosofları onların şərrindən uzaqdırlar. Onlar (Bəni-Abbas) şiə bildikləri hər hansı bir şəxsi qətlə yetirir və oğlunun adını Əli qoymuş adamın qanını tökürlər. Şiə şairi Peyğəmbər (səlləllahu əleyhi və alih) canişini barədə şe’r dedikdə dilini kəsir, şe’rlər divanını cırıb tullayırlar. Harun və Cə’fər Mütəvəkkil, Əli əleyhissəlamın övladlarını söyən Abdullah ibn Müs’əb Zübeyr, Vəhəb ibn Vəhəb Buxturi, Mərvan ibn Həfsə Əməvi, Əbdülməlik ibn Qüreyb Əsməi və Bukkar ibn Abdullah kimi adamlara mükafat verirdi. Min ay (Bəni-Abbasın hakimiyyətdə olduğu müddətdə) Həzrət Əli əleyhissəlama nalayiq sözlər dedilər, ancaq biz bir an olsun belə, onun nəsihətinə şəkk etmədik.
Ələviləri yeməkdən məhrum edir, ancaq Misir, Əhvaz, Hicaz, Məkkə və Mədinənin bütün gəlirləri İbn Əbu Məryəm Mədəni, İbrahim Museli, İbn Cami Səhmi, Zəlzəl Zarib və Bərsuma Zamir[51] kimi çalıb-oxuyanlara sərf olunurdu. Mütəvəkkilin on iki min kənizi, ancaq Əhli-beyt seyyidlərinin yalnız bircə zənci kənizi olmuşdur. Bütün xərac vergiləri təlxəklərə, sünnət məclislərinə, it və meymun oynadanlara, Məxariq və Ələviyyə kimi xanəndələrə, Zərzər və Əmr ibn Banə kimi aktyorlara xərclənirdi. Fatimə (səlamullahi əleyha) övladlarına bir tikə çörək və bir içim suyu çox bilirdilər. Hansı ki, onlara xüms halal, sədəqə isə haram edilmiş və onları sevib hörmətlərini saxlamaq vacib buyurulmuşdur. Onlar kasıblığın şiddətindən az qala ölsünlər. Biri qılıncını girov qoyur, digəri isə paltarını satırdı. Onların günahı babalarının Peyğəmbər (səlləllahu əleyhi və alih), atalarının Peyğəmbər (səlləllahu əleyhi və alih) canişini, analarının Fatimə (səlamullahi əleyha), analarının anasının Xədicə (səlamullahi əleyha), əqidələrinin Allaha imanlı və yol göstəricilərinin Qur’an olmasıdır. İmam Hüseyn əleyhissəlamın məqbərəsini yerlə yeksan edib şumlayanlar, o Həzrətin qəbrini ziyarət edənləri (ucqar) şəhərlərə sürgün edənlər barədə mən nə deyim?...”[52]
Mütəvəkkilin öldürülməsi və Müntəsirin hakimiyyətə gəlişi
Nəhayət, Mütəvəkkil bir gecə sarayda əyləncə məclisində məst olub qaldığı halda, oğlu Müntəsirin çoxdankı planı əsasında türklərin həmkarlığı ilə vəziri Fəth ibn Xəqanla birlikdə (hicrətin iki yüz qırx yeddinci ili şəvval ayında) qətlə yetirildikdən sonra Müntəsir hakimiyyətə gəlir.[53]
Mütəvəkkilin qətlə yetirilməsi aşağıdakı plan əsasında qurulmuşdu. Onun Übbadə Müxənnəs adlı bir şərab dostu var idi. Saçı tökülüb keçəl qalmış Übbadə, Mütəvəkkilin məclisində paltarının altında qarnına balış bağlayıb onun qarşısında rəqs edərdi. Xanəndələr isə hamı bir səslə “bu keçəl kişi gəlib müsəlmanların xəlifəsi olmaq istəyir” - deyə səs-səsə verirdilər. Bu işlə onlar Həzrət Əli əleyhissəlama işarə edərək onu təhqir edirdilər.[54] Mütəvəkkil isə şərab içərək sərxoş halda gülürdü. Günlərin birində Übbadə yenə də həmişəki kimi təlxəklik ilə məşğul olarkən, Müntəsir də orada idi. O, bu hadisəni görüb narahat oldu və işarə ilə Übbadəni təhdid etdi. Übbadə qorxusundan sakit oldu. Mütəvəkkil soruşdu: “Nə olub?” Übbadə qalxıb hadisəni olduğu kimi danışdı. Bu vaxt Müntəsir ayağa qalxıb dedi: “Ey Əmirəl-mö’minin! Übbadə oynunu çıxardığı və camaatı ona güldürdüyü şəxs sənin əmioğlun, sənin nəslinin böyüyü və sənin fəxrindir. Özün onun qanını içirsənsə, iç, ancaq bunun kimi itlərə onun qanını içməyə icazə vermə!” Mütəvəkkil istehza ilə xanəndələrə deyir ki, hamı birlikdə aşağıdakı məzmundakı şe’ri oxusunlar: “Bu gənc əmioğlusundan ötrü qeyrətə gəlmişdir. Bu gəncin başı anasının ... olsun.”[55] Bu hadisədən sonra Müntəsir çoxdan hazırladığı planı türklərin köməkliyi ilə həyata keçirərək atasını qətlə yetirir.
Müntəsir atasından fərqli olaraq Əli (əleyhissəlam) və onun övladlarına olan məhəbbətini aşkar edərək camaata İmam Hüseyn əleyhissəlamın qəbrinin ziyarətinə getməyə icazə verir və atasının hakimiyyəti dövründə qorxu içərisində yaşayan Ələvilərə aman verir.[56] Üstəlik o, daha üç gözəl addım atır:
1) Fədəyi Ələvilərə qaytarır.
2) Ələvilərə vəqf olunmuşları özlərinə qaytarır.
3) Mədinə valisi Saleh ibn Əlini Bəni-Haşim tayfasından olanlarla pis rəftar etdiyinə görə işdən çıxardır, onun yerinə Əli ibn Hüseyni bu vəzifəyə tə’yin edərək ona Bəni-Haşimə qarşı hörmətlə rəftar etməyi tövsiyə edir.[57] Lakin Müntəsirin hakimiyyət dövrü qısa müddətli olduğu üçün ondan sonra yenə də çətinliklər başlayır.
İmam Əliyyən-Nəqi (əleyhissəlam) saray fəqihləri ilə üz-üzə
Abbasi xəlifələrinin əsas siyasəti camaatın diqqətini saray fəqihlərinə (alimlərinə) cəlb etmək və onların verdiyi fətvaları rəsmi fətva e’lan etmək olsa da, lakin İmam Əliyyən-Nəqi (əleyhissəlam) Samirrada olduğu müddət ərzində neçə dəfə saray fəqihləri arasında fətva müxtəlifliyi baş verməsi nəticəsində onlar məcbur olub İmama müraciət etmiş, o Həzrət isə öz İmamət elmi sayəsində aydın sübutlarla məsələnin həqiqətini üzə çıxarmış və nəticədə saray fəqih və alimləri o Həzrətin elmi qarşısında baş əyməli olmuşlar. İndi bu cür məqamlardan ikisini oxucuların diqqətinə çatdırırıq.
Zina etmiş məsihinin cəzası
Bir gün müsəlman qadınla zina etmiş məsihi bir kişini Mütəvəkkilin hüzuruna gətirirlər. Mütəvəkkil onun üzərində şər’i hədd icra etmək istəyir. Lakin məsihi dönüb müsəlman olur. Baş qazı Yəhya ibn Əksəm deyir: “Onun müsəlman olması, onun bütün günahını aradan apardı və ona heç bir hədd icra edilməməlidir.” Fəqih və alimlərdən bə’ziləri dedilər ki, onun haqqında şər’i hədd üç dəfə icra olunmalı, bə’ziləri isə başqa cür hökm verdilər. Verilən hökm və fətvaların müxtəlif olması Mütəvəkkili İmam Əliyyən-Nəqi əleyhissəlama müraciət etməyə məcbur edir. Məsələni İmama dedikdə, o Həzrət buyurur ki, ona ölənə qədər şallaq vurulmalıdır. İmam Əliyyən-Nəqi əleyhissəlamın verdiyi bu fətva Yəhya ibn Əksəm və digər fəqih və alimlərin ciddi narazılığına səbəb oldu. Onlar dedilər: “Heç bir ayə və hədisdə bu cür fətva yoxdur.” Sonra da Mütəvəkkilə dedilər ki, İmama bir məktub yazıb bu fətvanın istifadə edildiyi əsası öyrənsin. Mütəvəkkil də onların dediyi kimi edir. İmam Əliyyən-Nəqi (əleyhissəlam) məktubun cavabında yazır: “Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, [Rəbbimizə] qoşduğumuz şərikləri [bütləri] isə inkar etdik.” Amma əzabımızı gördükləri zaman iman gətirmələri Allahın Öz bəndələri barəsində öncə olub keçmiş (tətbiq edilmiş) adətinə, qayda-qanununa müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Onlar elə oradaca ziyana uğradılar (məhv oldular).”[58]
Mütəvəkkil İmamın verdiyi fətvanı qəbul edərək zina etmiş məsihinin həddinin o Həzrətin verdiyi fətvaya uyğun olaraq icra edilməsini tələb etdi.[59]
İmam Əliyyən-Nəqi (əleyhissəlam) bu ayəni qeyd etməklə onlara başa salmaq istəyirdi ki, kafirlərin (müşriklərin əzabı görərkən) iman gətirmələri Allahın əzabını onlardan götürmədiyi kimi bu məsihinin də müsəlman olması şər’i həddi onun boynundan götürmür.
Mütəvəkkilin nəzri
Bir dəfə Mütəvəkkil bərk xəstələnir. O nəzir edir ki, əgər sağalsa, Allah yolunda çoxlu qızıl sikkə paylayacaq. Sağaldıqdan sonra fəqih və alimləri yığıb soruşur ki, “çoxlu” hesab olmaq üçün neçə qızıl sikkə verməliyəm? Onlar müxtəlif fətvalar verirlər. Mütəvəkkil yenə məcbur olub İmam Əliyyən-Nəqi əleyhissəlama müraciət etməli olur. O Həzrət buyurur ki, “çoxlu” hesab olmaq üçün səksən üç qızıl sikkə verməlisən.
Fəqih və alimlər İmamın bu fətvasından təəccüblənib deyirlər ki, ondan soruşun, görək bu fətvanı hansı əsasa görə deyir?
Mütəvəkkil İmam Əliyyən-Nəqi əleyhissəlamdan verdiyi fətvanın əsası barədə soruşduqda, o Həzrət buyurur: “Allah-taala Qur’anda buyurmuşdur: “Allah sizə [müsləmanlara] bir çox yerlərdə kömək etmişdir.”[60] Bütün Əhli-beytimiz də buyurur ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) dövründə səksən üç döyüş olmuşdur.”[61]
İmam Əliyyən-Nəqi (əleyhİssəlam) və müxtəlif firqələr<