Həzrət Əli(ə) həyatı
“Onlar boyun olduqları nəziri verər və dəhşəti hər yeri bürüyəcək gündən qorxarlar. Onlar özlərinin yemək istədiklərinə baxmayaraq, yeməyi yoxsula, yetimə və əsirə yedizdirərlər” (İnsan surəsi, ayə 7-8).
Əli bin Əbu Talib iri gözlü, qarayanız, möhkəm əzələli, iri bədənli, yaraşıqlı saqqalı olan, bəstəboy, çox bilikli, bəlağətli, son dərəcə cəsur, qorxmaz, igid cəngavər, mərd, mərhəmətli, səxavətli, şirindil, istiqanlı bir adam olmuşdur. Onun bu sifətləri demək olar ki, bütün müsəlmanlara mə’lumdur. Abdullanın oğlu Məhəmməd babası Əbdülmüttəlibin vəfatından sonra bir müddət əmisi Əbu Talibin evində yaşadı. Onun əmisi qüdrətli və güclü adam idi. Allahın iradəsilə Əbu Talib və Xüveylid qızı Xədicə bir ildə vəfat etdilər. Məhəmməd bu ili “hüzn ili” adlandırdı.Əli təqribən səkkiz yaşında olanda əmisi oğlu Məhəmməd onu öz evinə apardı. Belə ki, Əbu Talibin ailəsi böyük idi, özü də kasıb dolanırdı. Beləliklə, Əli uşaq yaşlarından əmisi oğlu Məhəmməd bin Abdulla ilə birlikdə yaşadı. O, Xədicə və Məhəmmədin əl-Lat və əl-Üzza tayfasından fərqli bir tərzdə ibadət etdiklərini görəndə soruşdu: “Bu nədir?” Məhəmməd ona dedi: “Bu Allahın Özünə layiq bildiyi və elçilərini onu təbliğ etməyə göndərmiş olduğu bir dinidir. Səni də bir olan, şəriki olmayan Allaha imana, ibadətə, əl-Latı və əl-Üzzanı inkar etməyə çağırıram”. Əlini heyrət bürüdü, sonra bir qədər fikrə getdi, çox götürqoy elədi, tərəddüd etdi. Əli əmisi oğlundan xahiş etdi ki, bir az gözləsin, qoy bu vaxtadək eşitmədiyi bu məsələ barədə atası Əbu Taliblə də məsləhətləşsin. Əli bu yeni din barədə o qədər fikirləşdi ki, axırda Allah təala onu İslama yönəltdi. Bu vaxt Əli hələ uşaq idi və o, azyaşlılar içində ilk müsəlman oldu. İslama də’vət yeni başlanan vaxt Əli bu yeni dinin vacib əməllərini gizli şəkildə yerinə yetirirdi. Əli İslam ayinlərini hələ uşaq yaşlarından icra etməyə başladı. Qüreyşin müsəlmanlara təzyiqi şiddətləndikcə onların öz dininə bağlılığı da artır, bu dini müdafiə əzmi güclənirdi. Bu din yolunda onlar bütün əziyyət və məşəqqətlərə dözürdülər. Qüreyş istəyirdi ki, bütün Haşim nəsli Məhəmmədi öz çağırışından çəkindirsin. Qüreyşlilər bu nəslə qarşı elə ağır iqtisadi blokada e’lan etdilər ki, Məhəmməd Qütbün yazdığına görə, o zaman bu barədə belə deyirmişlər: “Bu blokada zamanı Haşim övladları ağac yarpaqları yeyib dolanmışlar”.Qüreyşin müsəlmanlara daha şiddətli əzab-əziyyət verdiyini görən Peyğəmbər müsəlmanlara müşriklərin zülmündən, onlara qarşı güc və təzyiq işlətməsindən qaçıb öz dinləri ilə Yəsribə köçməyə icazə verdi. Peyğəmbər əmisi oğlu Əlini və həmçinin Əbu Bəkr əs-Siddiqi özü ilə Məkkədə saxladı. Peyğəmbər Əbu Bəkri hicrət səfərində özünə yol yoldaşı və sirdaş olmaq üçün saxladı. Əli isə qəhrəmanlıq, qorxmazlıq, fədakarlıq, şücaət və igidlik tələb edən bir işi görmək üçün qaldı. Bu zaman Əli hələ yeniyetmə yaxud erkən gənclik yaşlarında idi. Lakin Əli hələ uşaqlığından peyğəmbərlik süfrəsində tərbiyə almış, çox erkən yaşından qəhrəmanlıq və cəngavərlik tə’limi görmüşdü. Belə bir işi Qüreyşin bu şücaətli haşimi övladından başqa kim görə bilərdi?Qüreyş alçaq, xəbis və iyrənc bir sui-qəsd hazırlayıb öz cavanlarına tapşırdı ki, onlardan biri Məhəmmədi yataq otağında və ya sübh namazı qılmağa gedərkən vurub öldürsün. Bu zaman Allah Öz Peyğəmbərinə hicrət etmək əmri verdi. Həmçinin, Məhəmməd Əliyə onun yatağında yatmaq əmri verdi. Əli qorxu hissi keçirtmədən və tərəddüd etmədən özünü öz Peyğəmbərinə və sevimlisinə fəda edərək onun yatağına girdi. Axı Əbu Talib oğlu Əli bunu necə etməyə bilərdi?! O, Allaha itaət, Onun peyğəmbərinə məhəbbət hissi ilə boya-başa çatmışdı. O bilirdi ki, özünü qurban verməyin mə’nası nədir, fədakarlığın vaxtı haçandır!İgid Əli bu bu qəhrəmanlığı göstərdi. Allah Qüreyş cavanlarının gözlərini bağladı, qəlblərini kor etdi. Onlar Məhəmmədin necə çıxıb ketdiyini nə gördülər, nə də hiss etdilər. Məhəmməd artıq mağaraya çatmışdı. Günəş şəfəq saçmaq ərəfəsində olanda quldur dəstəsi Məhəmmədin evinə basqın etdi, pərdəni qaldıranda yataqda yatanın Əli olduğunu gördülər. Onlar çaşıb qaldılar, mə’yus oldular. Onları peşimançılıq hissi bürüdü, başa düşdülər ki, bu elə biabırçı bir məğlubiyyətdir ki, onlar üçün əbədi biabırçılıq rüsvalıq olacaq.Əli bin Əbu Talibin vəziyyəti isə tamamilə bunun əksinə idi. Bu hadisə bu qəhrəmanın gəncliyinin ilk baharında yazdığı parlaq bir səhifə, onun qəhrəmanlıq tarixinin parıltısı və nadir igidlik nümunəsi idi. O, Allah təalanın əl-Bəqərə surəsində buyurduğu bu mübarək kəlama layiq hərəkət etmişdi: “İnsanlardan eləsi vardır ki, Allahın razılığını qazanmaq üçün özlərini fəda edərlər. Allah Öz bəndələrinə qarşı çox mehribandır” (əl-Bəqərə, 207).Peyğəmbər Mədinəyə çatanda Əli bin Əbu Talib əmisi oğlunda olan əmanətləri öz sahiblərinə qaytardı. Bu işi bitirdikdən sonra Mədinəyə hicrət edib əmisi oğluna qoşuldu və yeni müsəlman cəmiyyətinin yaradılması işində iştirak etdi. Peyğəmbər mühacirlərlə ənsarlar, daha sonra yerli Övs və Xəzrəc qəbilələri arasında qardaşlıq əlaqələrinin əsasını qoydu. Bundan sonra müsəlmanlar öz düşmənlərinə müqavimət göstərmək üçün hərəkata başladılar. Onların ilk yürüşü Bədr oldu. Qəhrəman Əli bin Əbu Talib Təbukdan başqa bütün yürüşlərdə iştirak etmişdir. Təbuk yürüşünə gedəndə isə Peyğəmbəri onu Mədinədə öz yerinə qoymuşdu.Bu döyüşlərdə Əli bin Əbu Talib misilsiz qəhrəmanlıq, cəngavərlik, igidlik, cəsarət və şücaət nümunələri nümayiş etdirib öz xarakterinin iki cəhətini büruzə vermiş oldu:Birincisi, misilsiz qəhrəmanlıq, nadir bir cəsarət, şücaət və igidlik idi. Bu keyfiyyətlərin hamısı Əli bin Əbu Talibin adı ilə qoşa çəkildiyindən düşmənlər ondan qorxurdular. Qüreyşin Bədr döyüşündə irəli çıxartdıqları ondan Rəbiə oğlanları Şeybə və Ütbə, habelə Vəlid bin Ütbə kimi cəngavərləri və igidləri Əlini görəndə dəhşətə gəldi və qorxuya düşdülər. Qüreyşin bu cəngavərlərinin nəsibi Haşimi qəhrəmanına qurban olmaq oldu. Xəndək döyüşündə Əmr bin Vüddə irəli çıxıb müsəlmanlara meydan oxuyaraq deyirdi: “Kim mənimlə qılıncla döyüşər? Kim mənimlə qılıncla döyüşəcək?” Əli bin Əbu Talib gözlənmədən irəli çıxıb onu məhv etdi.Xeybər yürüşü zamanı müsəlman haşimi igidi Əli bin Əbu Talib elə qəhrəmanlıq və igidlik nümunələri göstərdi ki, bütün tarix kitabları və mənbələr bəhs edir. O, müsəlmanların bayraqdarı idi. Bir yəhudi döyüşçü aldadıcı hərəkətlə bizim igid qəhrəmanımızın qalxanını vurub sala bildikdə Əli bin Əbu Talib ağır bir qapını götürüb ondan qalxan kimi istifadə etdi. Bu, fəth edilən qalanın qapısı idi.Əli bin Əbu Talib öz adı ilə yanaşı çəkilən misilsiz qəhrəmanlığı və parlaq surəti ilə tanınmışdır. Hər bir müsəlman – hətta qeyri-müsəlman da – onun simasında bizim ərəb-islam ümmətimizin övladlarının tərbiyəsi işində misilsiz bir nümunə, təqlid edilməyə layiq bir obraz görür. Bu, hər hansı bir iftira, yalan və zülmkarlıqdan uzaq təvazökar, igid, cəsarətli bir adamın obrazıdır. Bu elə xeyirxah və yaradıcı bir qüvvədir ki, ondan özünü, əzizlərini, vətənini qorumaq, təcavüzkar kafirlərin qarşısını almaq, onların iti caynaqlarını kəsib kütləşdirmək, onları öz qazıdıqları quyuya salmaq, qürurlarını qırmaq, qüdrətlərini zəiflətmək üçün istifadə edilir. Bu nə gözəl bir surət, nə nəcib bir qəhrəman imiş.İkinci cəhət özünü birincinin təbii nəticəsi kimi biruzə verir. Amma öz nəticəsi e’tibarilə birincinin əksidir. Haşimi qəhrəmanı Əli bin Əbu Talib onunla vuruşanlara üstün gəlmiş, onunla döyüşənləri qətlə yetirmişdir. Başqa cür ola da bilməzdi! Müsəlmanlarla kafirlərin onların öz ucbatından hər hansı bir münasibətlə üz-üzə gəldiyi və Əli bin Əbu Talibin iştirak etdiyi hər bir mövqe Əlinin pak əli ilə qətlə yetirilmiş düşmən meyitləri ilə dolu olardı. Bu ölənlər özlərindən sonra çoxsaylı yetim uşaqlar, övlad itirmiş analar, dul arvadlar qoyub gedirdilər. Həmin həlak olanların əmioğlanlarının, dayıoğlanlarının, kürəkənlərinin sayını göstərən dəqiq rəqəmi heç bir statistika əməliyyatı müəyyənləşdirə bilməz. Onların hər birinin zehnində müsəlman qəhrəmanı Əli bin Əbu Talibə qarşı belə bir qərəzli his baş qaldırmışdı ki, Əli onun atasını, əmisini, yaxud dayısını öldürmüş və ya onun bacısının dul qalmasına səbəb olmuş, onun filan gün, yaxud filan döyüşdə endirdiyi hər hansı bir zərbə ilə bibisi və ya xalası yeganə övladından məhrum olmuşdur, yaxud da dostu və ya qonşusu ölmüşdür. Bu təsəvvür həmin şəxslərdən çoxunda bu qorxmaz igidə qarşı nifrət hissi doğurmuş, onların qəlblərini kin-küdurətlə doldurmuşdu. Lakin o, bütün bunlardan uzaqdır. O, yalnız haqqı müdafiə edərkən, batilə qarşı mübarizə apararkən və yaxud da təhqirə cavab verərkən adam öldürmüşdür. Xeybər döyüşündə Əmr bin Vüddün misalında bunu gördük. Bə’zən da Əli ya özünü, dinini ya da sevimlisi Məhəmmədi qoruyarkən adam öldürmüşdür.Necə ola bilər ki, müsəlmanlar hamılıqla, xüsusilə oğlan uşaqları və yeniyetmələr Əlini sevməsinlər? O, hələ balaca ikən İslamı qəbul edən ilk şəxsdir, çox erkən yaşlarından İslama də’vətin məs’uliyyətini daşımış və ağırlığına dözmüşdür.Necə ola bilər ki, böyüməkdə olan müsəlman nəsli Əlini sevməsin? Axı Əli cavan yaşında ən heyrətamiz igidlik nümayiş etdirmişdir, özünü qurban verməyin ən parlaq səhnələrini və fədakarlığın ən bariz nümunələrini göstərmişdir. O, Peyğəmbərin yatağında yatdığı gün şücaət və cəsarətin ən aydın mənzərələrini yaratmışdır. Mə’lumdur ki, Qüreyş Peyğəmbərə qarşı sui-qəsd hazırlamışdı. Tayfanın rəhbərləri və şeyxləri belə qərar çıxarmışdılar ki, bir nəfər Allahın salavatı və salamı olmuş elçisini yataqda ikən öldürsün. İgid qəhrəman Əli qorxu bilmədən və ehtiyat etmədən Peyğəmbərin yatağında yatdı! Necə ola bilər ki, hər bir müsəlman onu sevməsin?! O, Allahın bütün bəşəriyyətə bir mərhəmət kimi hədiyyə etdiyi Məhəmmədin əmisi oğludur. Bəli, o onun əmisi oğlu, iman qardaşı, Allahın Elçisinə nəvələr bəxş edib onun yeganə davamçısı olan qızı Fatimə əz-Zəhranın əri olmuşdur.Necə ola bilər ki, hər bir müsəlman onu sevməsin?! Axı o, Peyğəmbərin sevimli nəvələri Həsənin və Hüseynin atasıdır. Hər bir müsəlman, alim və qəhrəman Əlini sevir. Bəli… biz hamımız onu sevirik, çünki Allahın peyğəmbəri onu sevirdi. Peyğəmbəri sevən Əlini də sevər. Ağlı və dərrakəsi olan müsəlman Allah peyğəmbərini nə qədər ürəkdən sevir, onun əmrlərinə nə qədər mütiliklə tabe olur! Müsəlmanların ilk xəlifəsi Əbu Bəkr əs-Siddiq də Əlini sevmiş, dindən üz döndərənlərlə müharibələrdə Mədinənin himayəsini ona həvalə etmişdir. Ömər ibn əl-Xəttab da onu o qədər sevmişdir ki, onunla məsləhətləşmədən heç bir məsələ haqqında fətva verməzmiş. Buna görə də o zaman adamlar deyirlərmiş: “Əbu Həsənin (yə’ni Əlinin – tərc.) lehinə olmadığı məsələ həll olunmaz!” Bu sözlər zaman keçdikcə dillərdə dolaşıb zərbi məsələ çevrilmişdir.Bəli, İbn əl-Xəttab onu sevmiş, öz ölümündən qabaq müsəlmanların xəlifəsi olmağa onun da namizədliyini irəli sürmüşdür. Məgər bu belə deyil?!Necə ola bilər ki, müsəlmanlar – onların hamısı – Əli bin Əbu Talibi sevməsinlər?!Lakin mən xahiş edirəm, israrla tələb və tə’kid edirəm ki, bu məhəbbət kamil, yetkin və şüurlu olsun, Allah peyğəmbərinin Əli bin Əbu Talibə bəslədiyi məhəbbət kimi olsun. Elə bir məhəbbət olsun ki, Əli bin Əbu Talibin özü də ondan razı qalsın, onun surəti yaddaşlara İslamın qorxmaz, igid və cəsarətli qəhrəmanının təmiz surəti kimi həkk olunsun. Bu məhəbbət Peyğəmbərin mö’minlərin anası Ümm Sələmənin rəvayət etdiyi hədisində belə təsvir edilir: “Peyğəmbər deyərdi: “Münafiq Əlini sevməz, mö’min isə ona nifrət edə bilməz”.Gəlin insanları İslamın və ərəblərin əzəmətli qəhrəmanı Əli bin Əbu Talibin düşmənlərinin cidd-cəhdlə biruzə verdikləri kor və çılğın məhəbbətdən çəkindirək.Qoy hər bir müsəlman zahirində mərhəmət vəfa, daxilində isə əzab və Cəhənnəm odu görünən bu məhəbbətdən çəkinsin!Bu məhəbbət o qədər sadəlövhdür ki, öz mahiyyəti e’tibarilə öz balasının üzündən milçəyi qovmaq üçün daş atıb balasını öldürən ana ayının məhəbbətinə bənzəyir.Xristianların bə’ziləri də Məsih İsaya olan məhəbbətdə ifrata vardılar və zərər yetirdilər. Onların bu hərəkətinin nəticəsində Məsih Allah təalanın ona vermiş olduğu və onun özünə mə’lum olan məqamından kənara qoyuldu.Gəlin gənc müsəlman nəslinə Haşimi qəhrəman Əli bin Əbu Talibə məhəbbət hissi aşılayarkən hissiyyatımızın belə məhəbbətə çevrilməsindən çəkinək.Əli bin Əbu Talib Allahın peyğəmbərinin qızı Fatimə əz-Zəhra ilə evlənmişdir. Bu vaxt müsəlman cəngavəri Əlinin yaşı heç iyirmi beşə çatmamışdı. O qədər kasıb idi ki, onun haqqında deyirdilər ki, guya o öz qalxanını Osman bin Əffana dörd yüz dirhəm müqabilində girov qoymuş, yaxud satmışdır. Osman biləndə ki, Əli bu pulu Peyğəmbərin qızı Fatiməyə evlənmək üçün başlıq verəcək qalxanı ona qaytarır. İki nur sahibi Osman bin Əffan qalxanı ona ona görə qaytardı ki, o bu qalxanın igid qəhrəman Əli bin Əbu Talibin əlində olanda İslamın və müsəlmanların himayədarı olduğunu bilirdi. Bu qalxanla İslama meydan oxuyan neçə-neçə düşmənlə qılınc döyüşünə girmiş, ona uzanan neçə-neçə əli kəsmişdi?!Fatimə kasıb Əliyə ərə getdi, öz bacıları Zeynəb, Rüqiyyə və Ümm Gülsüm kimi varlı adamlara ərə getmədi. Fatimənin kasıb Əliyə başqaları ilə müqayisədə üstünlük verməsini atası Məhəmməd də bəyənmişdi.Allah təalanın əli bu nəcib izdivaca xeyir-dua vermiş, ona hamilik etmişdir. Mə’lumdur ki, Əli bin Əbu Talib Məhəmmədin evində böyümüşdür. Fatimə gözlərini açanda onu görmüş və uşaq ikən onu sevmişdi. Onlar bir-birini hələ kiçik yaşlarından sevmişlər. Allah təala bu xoşbəxt ailəyə gözəl və pak bir zürriyyət qismət etməklə bu pak ər-arvada öz ne’mətini bəxş etdi. Həsənin dünyaya gəlməsi hicrətin üçüncü ilində müsəlmanların böyük Bədr döyüşündə qələbəsi ilə bir vaxta düşdü. Sonra Hüseyn, Zeynəb və Ömər bin əl-Xəttabın evləndiyi Ümm Gülsüm dünyaya gəldilər. Bu övladlar bu pak evə səadət, bolluq və sevinc gətirdilər.Əli bin Əbu Talib həmişə öz sevimlisi və əmisi oğlu Məhəmmədin işinə yarayırdı. Hətta xəstələnəndə və qızdırma içində olanda Əli və Fatimə onu bir an tərk etməmiş və o dəfn olunanadək onun yanında olmuş, o öz ruhunu onun (ruhun – red.) Xaliqinə təslim edənədək Bəni Haşim nəslindən olan başqa qohumlarla birlikdə ona qulluq etmişlər.Bəni Saidənin talvarında Əbu Bəkrə bey’ət ediləndə Əli bin Əbu Talib əmisi Abbasla orada olmamışlar. Onlar Peyğəmbərin cənazəsini bu dünyadakı son mənzilində dəfn etməyə hazırlamaqla məşğul idilər. Onun vəfatının gətirdiyi hüzn hər şeydən ağır idi. Onları burada vəfat edənə ehtiram göstərilməsinin vacibliyi ilə yanaşı, Peyğəmbərin ölümündən duyduqları kədər hissi saxlamışdı.Bildiyiniz kimi, Əli bin Əbu Talib Əbu Bəkrlə və Ömər əl-Faruqla şəxsən yaxınlıq etmişlər.Əlinin haqqında bu sözü əl-Faruq, yə’ni Ömər demişdir: “Əli bizim hamımızdan yaxşı hökm çıxarır”.Əli bin Əbu Talib müsəlman cəmiyyətində öz rolunu çox gözəl şəkildə yerinə yetirdi. Allahın elçisinin əshabələrindən olan bu adamları yalnız Allahı və Onun peyğəmbərini razı salan işlər maraqlandırırdı. Dünya onlara Axirəti unutdura bilmirdi, mənsəb onlar üçün yalnız məs’uliyyət və məşəqqət demək idi. Onlardan hər biri özünü rəiyyətin ən kiçik fərdlərindən biri hesab edirdi. Lakin Allah təala onların üzərinə bu rəiyyət üçün ən böyük məs’uliyyət daşımaq kimi çox ağır bir yük qoymuşdu.Müsəlmanlar Osman bin Əffanı xəlifə seçəndə Əli bin Əbu Talib əvvəllər Əbu Bəkr əs-Siddiq, Ömər əl-Faruq və habelə Allah elçisinin dövründə olduğu kimi indi də İslam və müsəlmanlar qarşısında öz vəzifəsini həmən dərəcədə və həmən gözəl səviyyədə yerinə yetirməkdə davam etdi. Sadiq müsəlmandan cəmiyyətə daim arası kəsilmədən xeyir gələr.Cinayətkar düşmənlər Osman bin Əffanın evini mühasirəyə alanda Əli bin Əbu Talibin oğlanları Həsən və Hüseyn onun ölümdirim mübarizəsinə qalxmış müdafəçiləri sırasında idilər. Lakin iki Haşimi qəhrəmanının şücaəti bu çoxsaylı kafirlərin qüvvəsinin qarşısını almaq üçün kifayət etmədi. Allahın hökmü mütləq və qaçılmaz idi. Həsən və Hüseynin qəhrəmanlığına baxmayaraq, Osman ruhunu öz Xaliqinə təslim etdi.Bundan sonra müsəlmanların bütün başçıları Əlini xəlifə seçib ona bey’ət etdilər. Ona bütün müsəlmanlar bey’ət etdilər… Bəs Əli bin Əbu Talib müsəlmanlar üçün necə xəlifəlik etdi? Bunu aşağıda görəcəksiniz…
ƏLİ BİN ƏBU TALİB MÜSƏLMANLARIN XƏLİFƏSİ KİMİ
İbn Abbas Əli bin Əbu Talib haqqında demişdir: “O, Allahpərəstliyin (imanın) sığınacağı, səxavət dəryası və ən böyük məhəbbətin təbliğatçısı idi”.Müsəlmanların xəlifəsi Əli bin Əbu Talib rəiyyətin rahatlığı qayğısına qalır və bunu öz valilərindən də tələb edirdi. Onun öz valilərinə etdiyi nəsihətlərdən bə’ziləri: “Adamlarla insafla davranın, onların ehtiyaclarını ödəyin, unutmayın ki, ehtiyac rəiyyətin səbr kasasıdır. Heç kəsin yaralı yerinə toxunmayın, arzusunu ürəyində qoymayın. Bir dirhəmə görə heç kəsə qırmanc vurmayın”.O öz valilərindən birinə belə yazmışdı: “Öz işçilərinin əməllərinə göz qoy. Onları yoxlayıb işə götür. Onlara qərəzli yanaşıb addımbaaddım izləmə. Pak ailələrdən, çoxdan müsəlman olmuş nəsillərdən olanlara üstünlük ver. Bu adamlar daha çox əxlaqlı, az israfçı olurlar. Hər işin sonunu diqqətlə izlə, sonra onların işini dərindən yoxla. İnandığın adamlardan onlar üzərinə nəzarətçilər qoy…”İmam ət-Təbəridən rəvayət edirlər ki, Əli bin Əbu Talib Xəlifə Osman bin Əffan dövründə vəzifədə olmuş bütün valiləri işdən azad etmişdi. Ola bilsin ki, məhz bu qərar Müaviyə bin Əbu Süfyanın və Şam əhlinin Əli bin Əbu Talibə bey’ət etməkdən qabaq onun qarşısında Osmanı qətlə yetirib gizlincə Əlinin ordusuna soxulmuş və orada gizlənən qatillərdən Osmanın intiqamını almaq səbəb olmuşdu. Onların arasındakı münasibətlərin olduqca gərginləşməsi məşhur Siffin döyüşünə gətirib çıxardı. Müaviyə bin Əbu Süfyanın əl atdığı dillər əzbəri olmuş əsgərlərin Qur’an səhifələrini nizələrin ucunda göyə qaldırmağı hekayətindəki tədbiri olmasaydı, döyüş az qala Əli bin Əbu Talibin qələbəsi ilə bitəcəkdi. Onlar Qur’an səhifələrini göyə qaldırmaqla sanki Qur’an əsasında hökm çıxarılmasını tələb edirdilər. Xəlifə Əli bin Əbu Talib öz adamlarının əksəriyyətinin istəyinə cavab olaraq bu mühakimə təklifini qəbul etməyə məcbur oldu. Bu məşhur mühakimə əhvalatında xəlifə Əli bin Əbu Talibi və onun adamlarını Əbu Musa əl-Əş’əri, Müaviyəni və onun əsgərlərini isə Əmr bin əl-As təmsil edirdi. Hər iki vəkil öz aralarında belə qərara gəldilər ki, müsəlmanların qanını axıtmamaq üçün hərə öz vəkili olduğu başçının vəzifədən kənar edilməsi təklifini irəli sürsün. Beləliklə, Əbu Musa əl-Əş’əri Əli bin Əbu Talibin iste’fası təklifini e’lan etdi. Ondan sonra halda Əmr bin əl-As öz təklifini e’lan etdi. O, Müaviyə bin Əbu Süfyanın hakimiyyətdə qalmasını təsbit etdi. Bu hadisə barədə çoxlu hekayətlər, saysız-hesabsız dedi-qodular və bir-birinə zidd olan rə’ylər və rəvayətlər var. Lakin onun onların məzmunu və məqbul xülasəsi, məncə, aşağıdakılardan ibarətdir. Hər şeydən əvvəl müsəlman xəlifəsi Əli bin Əbu Talibin ordusunda parçalanma baş verdi. Öz adamlarını yaxşılıqla əvvəlki əvvəlki vəziyyətlərinə qaytarmaq üçün özünü ölümün qucağına atan Əli hətta onlarla döyüşməyə məcbur oldu. Onlar isə əks tərəflə döyüşməkdən başqa heç bir şərti qəbul etmədilər. Beləliklə, Əlinin əleyhinə çıxmış xaricilərə qarşı aparılan Nəhrəvan döyüşü baş verdi.Bu doğrudan da, sözün tam mə’nasında və bütün ölçüləri ilə üzücü bir kədər idi ki, İslam qeyrətini çəkən, müsəlman gənclərinin qanının axıdılmasına ürəyi yanan hər bir müsəlmanın qəlbini ağrıdırdı. Bu mənzərəni seyr edən müsəlman iki islam sərkərdəsinin qarşı-qarşıya durduğunu görə bilərdi: bir tərəfdə müsəlmanların xəlifəsi olan Əli bin Əbu Talib idi ki, Peyğəmbər onun haqqında demişdir: “Harun Musa üçün kimdirsə, sən də mənim üçün osan”. Əli o adam idi ki, bütün varlığı ilə İslama bağlı idi və özünü İslama həsr etmişdi. O, İslam yolunda neçə-neçə qurbanlar vermiş, nə qədər əziyyətlərə dözmüşdü.O biri tərəfdə Müaviyə bin Əbu Süfiyan idi ki, o, vəhyi qələmə almış katiblərdən biri idi. O, çox ağıllı və zəkalı bir adam idi. Onun bu sözləri dillər əzbəri olmuş zərbi məsələ çevrilmişdir: “Məni insanlara bir nazik tük də birləşdirsə, o tük qırılmaz; onlar o tükü tarım çəksələr, mən boşaldaram, boşaltsalar, mən tarım çəkərəm”.Lakin Allahın iradəsi belə imiş. Bundan başqa fitnəkarlıqların və İslamın düşmənlərinin (onlar isə çoxdurlar) tə’siri islam dövlətinin hər bir bucağına gedib çatmışdı. İslama qarşı fitnəkarlıq geniş vüs’ət almış, düşmənlərin sayı çoxalmışdı. Müsəlmanlar arasında döyüşlər ara vermirdi. Sanki ixtiyar bu iki sərkərdənin – xəlifə Əli bin Əbu Talibin və Müaviyə bin Əbu Süfyanın əlindən tamamilə çıxıb getmişdi.Bundan sonra islam ümmətinin xəlifəsi Əli bin Əbu Talib Kufədə yerləşdi. O öz adamlarını bir yerə toplaya bilmədi, onların sözləri bir-biri ilə düz gəlmədi. Habelə onlardan bə’ziləri qətlə yetirilmiş yoldaşlarının qisasını almağı tələb edirdilər… Bu hal bir qədər davam etdi. Hicrətin 40-cı ilində Ramazan ayının 17-də cümə günü sübh çağı xəlifə Əli bin Əbu Talib adəti üzrə fəcr namazı qılmağa çıxdı.Əksər tarixi mə’lumatlarda deyildiyi kimi, o gün həmin bu vaxtda Əbdürrəhman bin Mülcəm Əli bin Əbu Talibi xəyanətlə öldürdü. Müsəlmanların xəlifəsi üç gün öz evində bu cinayətkar qılınc yarasının ağrılarına müqavimət göstərdi və bu ağrıların acılarından əziyyət çəkdi. Onun yanında oğlanları Öz evində Həsən bin Əli bin Əbu Talib, onun doğma qardaşı Hüseyn, ailə üzvləri, qohumları, yaxınları, tərəfdarları və köməkçiləri vardı.Əli bin Əbu Talibin ölümqabağı vəsiyyətlərindən: “Ey Əbdülmüttəlib övladları! Əmirəlmö’minin qətlə yetirildi deyə müsəlmanların qanını tökməyin! Mənə görə yalnız qatilimi öldürün… Onu öldürəndə əziyyət verməyin… Mən Peyğəmbərdən bu sözləri eşitmişəm: “Özünüzü quduz itə belə əziyyət verməkdən saxlayın!”Gördüyün kimi, müsəlmanların xəlifəsi Əli bin Əbu Talib Əbdürrəhman bin Mülcəmin qılınc yarasından ölüm yatağına düşəndə belə müsəlmanların qanının axıdılmasına razı olmamışdır.Lakin zərbə öldürücü idi. Allah Öz hökmünü vermişdi. Xəlifə Əli bin Əbu Talib ruhunu onu yoxdan var Edənə təslim edəndə 63-ə yaxın yaşı vardı. Ondan beş ilə qədərini müsəlmanların xəlifəsi olmuş, yarım əsrdən artıq bir dövr ərzində islam mücahidi olmuş, onu müdafiə etmiş, onun yolunda ağır əzabəziyyətə dözmüş, özünü təhlükələrə mə’ruz qoymuş, ruhunu ovcunda daşımış (ölümdən qorxmayıb ruhunu təslim etməyə daim hazır olmuş – red.) və özünü Allahın bu hənif dininə və onun Allahın bütün insanlara bir mərhəmət kimi göndərdiyi elçisinə fəda etmişdir…Bundan da gözəl əməl ola bilərmi?! Bundan da yaxşı mükafat ola bilərmi?!İslam uğrunda mübarizə aparmış bu islam mücahidinə Cənnət müjdəsindən yüksək nə mükafat vermək olardı? Bu nə gözəl mükafatdır!