Birlikdə olunan dua qəbuldur
Duanın ədəblərindən biri də birlikdə dua etməkdir. Ola bilməz ki, 40 nəfər dua etsin və onların duası qəbul olmasın.
Nə qədər çox adam dua etsə, bir o qədər dua təsirli olar. Əgər 40
dənə pak ürək “Ya Allah” desə, necə ola bilər ki, dua qəbul olmasın.
Mübahilə hadisəsində Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm
tək gəlmədi, İmam Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-salam ilə
birlikdə gəldi. Allah-Taala birlikdə edilən duanı çox istəyir, sevir.
İmam Sadiq əleyhis-salam buyurur: Atam İmam Baqir əleyhis-salam mühüm
hacəti olanda evdəkilərin hamısını, hətta kənizləri və qulları bir yerə
yığıb deyirdi: “Mən dua edirəm, siz də amin deyin!”
Məqsəd budur ki, dua birlikdə olunsa çox gözəl olar. İstər hamı birlikdə dua oxuya, istərsə də bir nəfər dua oxuya qalanları amin deyə.
Həzrəti İmam Zeynəl Abidin əleyhis-salam ramazan ayının axırıncı günü kənizləri və qulları bir yerə yığıb, onların arasında duraraq buyurardı: “Mənim üçün dua edin və Allahdan mənim bağışlanmağımı istəyin”
Rəvayətdə buyururlar: Əgər dua etmək üçün 40 nəfər olmasa, 10 nəfər bir yerə cəmləşin. Hər biriniz 4 dəfə dua edin. Əgər 10 nəfər olmazsa, 4 nəfər bir yerdə yığılın və hər biriniz 10 dəfə dua edin. Əgər bir nəfər olsan 40 dəfə dua et!
Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb