İtirilmiş nemət
Noy 04, 2015 16:44 Asia/Baku
Dünya həyatının müvəqqətiliyi, keçiçiliyi haqqında çöx yazılıb, düşünülüb.
Həyat davam etməsi üçün mütləq nəyisə ayağının altında ya pillə ya da qurban edər. Çiçəklər solmasa (halbuki onların gözəlliyi bahar mövsümünün yaraşığıdı) meyvələr ağacda formalaşıb yarana bilməz. İnsan uşaqlığını-dünyanın ən məsum gözəlliyini itirməsə gəncləşməz, yaşa dolmaz, kamilləşməz. Bu Məhərrəm ayında İmam Hüseyn (ə) müsibətinə göz yaşı tökərkən əsrlərdir davam edən bu təziyəyə heyran qalmamaq mümkün deyil. Niyə əsrlərin, yüz illiklərin girdabında itmədi bu hadisə?!... Axı dünya tarixinin başlandığı nöqtədən bəri neçə min insan qırılıb, neçə min faciə törədilib. Niyə bu hadisə? Niyə İmam Hüseyn(ə) hadisəsi məktəb hesab olunur? Bu gün bu hadisə göz yaşı tökmək üçün mövcud deyil. Göz yaşı orada olmamağın fərağını yaşamaqdır. Göz yaşı insanlığın ölməsinə axıdılır. Göz yaşı insanoğlunun vəfasızlığına axıdılır. Çünki insanoğlu orada insanlara rəsul, xilasedici olaraq göndərilmiş şəxsin övladlarına qıyacaq qədər azmış insanların olmasının fərqindədi. Bəs İmam Hüseyn (ə) özü ... O, özü ölümü bilə-bilə seçdi. Zillətin qarşısında susmağı, ədalətsizliyi qəbul etmədi. Halbuki dünya nemətlərlə doludu və ən ümdəsi can ən şirin nemətdi. Hansı birimiz gələcək bir ümmətin yaşaması və haqqı batildən ayırmaları üçün özümüzü fəda edərdik?! Çünki ağlın və məntiqin qəbul etmədiyi bir iş eşqlə asan olar. Yalnız eşq insanı elə bir yola sürükləyər ki, ondan vaz keçə bilməzsən. İnsanoğlu dünya nemətlərinə aşiqdir. Onun aşiq olduğu nemətlərin içərisində haqq, ədalət və Allah eşqi bəzən ən axrıncı yerlərdə durur. Çünki onların qəbul edilməsi və dərk edilməsi insanı sevdiyi nemətlərdən ya məhrum edər, ya da ondan zövq almağa imkan verməz. Biz bu eşq məktəbində dünyadan vaz keçərək özünü şəhid olaraq görə bilən bir qəhrəman görürük. Bu əsrlərdir ona görə mövcuddur ki, dünya durduqca haqq tapdanacaq və haqqı müdafiə edənlər üçün bir örnək vardır. Bir eşq məktəbi vardır ki, ha cəhd etsək yalnız göz yaşlarımızla ona layiq olmağa çalışarıq. Əgər bu gün dünyanın harasındasa ölçüsündən asılı olmayaraq kiçik ya böyük haqq tapdanırsa və ona göz yumub keçiriksə, sükut ediriksə deməli bu eşq məktəbindən heçnə öyrənməmişik. Qayıdım yazının əvvəlindəki nemətlərin əldə olunması məsələsinə. İnsan övladı hər an ölümlə üzbəüzdü. İtirdiyimiz gəncliyimiz bizə təcrübə olaraq geri dönər, halbuki heç onu itirmək istəmərik. Hər yaşanan an bizi ölümə doğru bir addım yaxınlaşdırar. İnsanoğlu bir yol qət edir. İtirə-itirə, qazana-qazana getdiyi bu yolun son dayanacaq nöqtəsində əllərində bircə öz əməlləri qalar. Və bu əməllər ya onun utancına səbəb olmuş belini əymişdir ya da üz ağlığı ilə qamətini şax tutmuşdur. İmam Hüseyn (ə) məktəbi bizə bunu öyrədir. Ağıl və məntiqin heç vaxt qəbul etməyəcəyi eşqi öyrədir. O eşq ki, sabah bizi Qiyamət günü üz ağlığı ilə onların yanında edər. O eşq ki, şərəf və ləyaqətin daim öndə tutulmasını, zillətli nemətlərdən uzaq olmağı bizə öyrədər. İmam Hüseyn başqalarından fərqli olaraq bu həqiqəti görürdü. Dünyanın aniliyini, müvvəqətiliyini bilirdi. O məktəbin eşq məktəbi olmasını.../İslamazeri/