Dilin bəlalarını tanıyaq
Allah Təala buyurur: “İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”.
Allah Təala Quranda dil nemətinə işarə etmişdir. “Rəhman (dünyada
maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan,
axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:) (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur'anı (əvvəlcə
yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi
ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi. (Yaradılmışların
ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi
baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)”. (“Rəhman” 1-4).
Dil - insanların bir-biri ilə rabitə qurması üçün ən yaxşı vasitədir. Adətən insanlar dil vasitəsilə öz fikirlərini bir-birinə ötürə bilirlər. Dil insanın mərifətinin meyarı və ağılının tərəzisidir.
İmam Əli (ə) buyurur: “Hər kəsin şəxsiyyəti dilinin ardındadır”.
Dilin faydaları olduğu kimi, ziyanları da az deyildir. Onları tanımaq lazımdır ki, dili kontrol etmək mümkün olsun. Qurani-Kərimdə deyilir: “Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!”. (“Hucurat” 11).
Allah Təala başqa ayədə buyurur: “İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. (“Huməzə” 1).
Bir nəfər Həzrət Peyğəmbərə (s) deyir ki, nicat yolu hansıdır? Buyurur: “Dilini saxla”.
Başqa biri sual verir ki, hansı şeydən daha çox qorxum? Onun dilini tutub buyurur: “Bundan. İnsanları ən çox cəhənnəmə daxil edən şey - dilləri və şəhvətləridir”.
İmam Əli (ə) buyurur: “Allaha and olsun ki, inanmıram bəndə dilini qorumasın və faydalı təqva əldə etsin”.
Həzrət Peyğəmbər (s) buyurur: “İnsanların bir çoxu günaha və dil bəlasına görə cəhənnəmə gedərlər”.
/Dəyərlər.org/