Yuxu – Allahın qüdrətinin nişanəsi və insanlar üçün bir nemət
Yuxu elə bir fenomendir ki, hələ qədim zamanlardan bəri insanların diqqətini özünə cəlb etmişdir.
Alimlər, psixoloqlar və filosoflar üçün mühüm bir mövzu olmuşdur.
Yuxu hər bir canlının ehtiyac duyduğu haldır. Onun sayəsində insanın bütün zahiri bədən üzvləri hərəkətdən qalar və əzələlər istirahət edər.
Qurani-Kərim də insanların yuxu görməsindən və onun qəribəliklərindən söz açmışdır. Yuxu – Allahın qüdrətinin nişanələrindəndir. Sadiq və şəffaf yuxuları görməməzliyə vurmaq olmaz. Bu yuxularda həqiqət vardır. Ancaq bəzi yuxular şeytanın (lən) vəsvəsəsi olar ki, bu yuxulardan Allaha pənah aparmaq lazımdır.
“Sizin gecə və gündüz (beynin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan) yuxunuz və Onun fəzlindən (ruzi və yaşayış ehtiyaclarını təmin etmək üçün imkanlar) aramanız da Onun nişanələrindəndir”. (“Rum” 23).
“Misbahul-munir”də oxuyuruq: “Yuxu – bir növ ağır bihuşluqdur ki, insanın qəlbinə hücum edər. Ona görə də deyilir ki, yuxu bəladır. Çünki yuxu ölümün qardaşıdır”.
Yuxunun həqiqəti haqqında bəyan edilən nəzəriyyələr:
- O zaman ki, qan beyindən bədənin aşağı hissələrinə çatar, beyin öz fəaliyyətinin bir hissəsini tətil edər. Bu zaman beyin yuxuya gedər.
- Yuxu, o toksinlərdir ki, gündəlik səy və çalışma, bədənin maddələr mübadiləsi nəticəsində bədəndə meydana gələr və beynin çox hissəsini işdən saxlayar.
- İnsan beynində və əsəb mərkəzində xüsusi bir nöqtə vardır ki, həmin nöqtənin təhrik olması yuxunun yaranmasına səbəb olar.
İmam Sadiq (ə) buyurur: “Bütün varlıqlar yatırlar, məgər izzət və cəlal sahibi olan Allahdan başqa. (Hətta) mələklər belə yatırlar”.
Yuxu hər bir canlı varlığın ehtiyac duyduğu bir haldır ki, sağlamlığı təmin etmək və yorğunluğunu aradan aparmaq üçün zəruridir. Yuxu bədənə qüvvət verər və itirdiyi enerjini geri qaytarar. Ruh və əsəblərin sakit olmasına və hüzura çatmasına səbəb olar.
Bu, elə bir ehtiyacdır ki, hər bir canlı onu ödəməlidir. Onu tərk etmək mümkünsüzdür. Mütaliələr göstərir ki, yuxudan məhrum olmaq insan bədəninə və sağlamlığına böyük zərbələr vurar. Kifayət qədər olmayan yuxu isə bədənin müxtəlif toksinlərə və mikrobların hücumuna qarşı müqavimətini zəiflədər. O insanlar ki, kifayət qədər yatmırlar əsəbi, nigaran, iztirablı olarlar.
Dərin yuxuya malik olmamaq da insan ruhuna və cisminə mənfi təsirlər qoyar. Əgər yuxu olmasaydı, insan ruhu və bədəni tez bir zamanda solar və əldən düşərdi.
Beləliklə deyə bilərik ki, yuxu – Allahın qüdrətinin nişanələrindən olub, biz insanlar üçün bir nemətdir. Əgər yuxu olmasaydı tez qocalar, əldən düşər və iş keyfiyyətimiz aşağı olardı. Yuxu bizlərə axirətdən və qeyb aləmindən xəbərlər gətirir, Allahın varlığını bizə xatırladır, bəzən də həqiqətləri bizə göstərərək gələcəyə qarşı hazırlıqlı olmağımıza səbəb olur.
Yuxu – ölümün qardaşıdır. Həqiqətən də belədir. Çünki Məsumlarımızın (ə) buyurduğuna görə insanın ölümü – yuxu kimidir, sadəcə bu yuxudan ayılmırsan.
/Deyerler.org/