Okt 14, 2015 15:53 Asia/Baku
  • İnsanların qəlbində sönməz Kərbəla çırağı
    İnsanların qəlbində sönməz Kərbəla çırağı

İman sahiblərinin qəlbində İmam Hüseynin (ə) şəhadəti ilə bağlı xüsusi bir hərarət var.


İldən-ilə Aşura məktəbinin yaşadılması ilə bağlı həm kəmiyyət, həm də keyfiyyət artır. Bu artım yalnız bizim məmləkətimizdə müşahidə edilmir. On beş, iyirmi il öncə İraqda Kərbəla ziyarətinə gedənlər bunu çox yaxşı bilirlər. Çox az sayda insan böyük çətinliklər, təzyiqlərlə ziyarətə gedirdi. O qədər çətinlik, o qədər repressiya, o qədər sıxışdırılma var idi ki, insanlar beş-on nəfərdən çox ziyarətgaha buraxılmırdı. Onilliklərlə Səddam kimi diktatorlar öz missiyalarını həyata keçirir və zəlil halda aradan gedirlər. Bundan sonra cəmi bir neçə ay bəs edir ki, növbəti Məhərrəm-Səfər və Aşurasında bütün dünyanın gözü oraya yönəlir. Zəvvarların sayı milyonlara çatır. Dünyanın bütün yerlərində eyni proses müşahidə olunur. Harada ki, Aşuraya qarşı nəsə işlər görüləcək, müvəqqəti olaraq, zahirdə aradan getmiş kimi görsənə bilər, lakin insanların qəlbində bu, heç bir zaman itməyəcək.
Bu, necə baş verir? Bu, nə məsələdir ki, xalq aşağıdan yuxarı, elliklə bu məktəbi yaşadır? Kişilər, xanımlar, yaşlılar, cavanllar – bütün dərk edən təbəqələr bu məktəbi yaşadır. Bəzi şeylər olur ki, o yaşlı üçün aktual olur, bir məsələ olur ki, cavanlar üçün aktual olur və s. Lakin, Aşura elə bir məktəbdir ki, yaşından, sosial durumundan, imkanlarından asılı olmayaraq, hər bir insan üçün aktualdır. Burada məsələ çox köklüdür. Belə ki, insanların qəlbində bu məsələ var və imanlarının nəticəsidir. Həzrət Peyğəmbər (s) dəfələrlə bildirir ki, iman sahiblərinin qəlbində İmam Hüseynin (ə) şəhadəti ilə bağlı xüsusi bir hərarət var və o, insanı hərəkətə gətirər. Qiyamətə qədər həmin hərarət sönməz və soyumaz…


Əgər İmam Hüseyn (ə) olmasaydı…


İkinci önəmli məsələ isə budur ki, dinin mövcudluğu bu məsələlərə bağlıdır. İnsan gerçək inanclılıq yaşatmaq istəyirsə, o, fərqində olur ki, İmam Hüseyn (ə) olmasaydı, İslam adına yalnız dekarasion qalmış olardı. İmam Hüseyn (ə) olmasaydı, İslamın cövhərindən heç bir şey qalmazdı. Bir Ramazan ayında bu məsələ var ki, Ramazan ayında oruc tutanın nəfəsi zikrdir. Oruc tutanın bütün işləri ibadətdir. Oruc tutanın vəziyyəti elədir ki, hətta yatsa da, yenə ibadət halındadır. Eyni məsələ Məsum İmamlardan (ə) məhərrəm ayı ilə bağlı da göstərilib. Əhli-beyt (ə) bildirir ki, məhərrəm ayının əzadarları üçün də bu durum, by mənəvi yüksəliş var. Oruc tutan yemək yemir, su içmir, orucu pozan digər işləri görmür, əzadar isə isə iradəvi olaraq İmam Hüseynin (ə) və onun pak ardıcılları üçün kədərdə olur. Buna görə də əzadarın bütün varlığı ibadi hala gəlir. Əzadarın aldığı hər nəfəs zikrə çevrilir.
Bu yüksəklik nədən qaynaqlanır, haradan mənbələnir? Əba Əbdillah (ə) Aşura günü öz vəzifəsini icra etməsəydi, İslam adına kamil din qalmayacaqdı. Müsəlman toplumları üçün tamamlanmış nemət həyata keçməyəcəkdi. İslam və dindarlıq bəyənilmiş hala çatmamış olacaqdı. İmam Hüseyn (ə) öz hərəkatı ilə imanı yaşatdı, dini məhv olmağa qoymadı. Bu yolda öz canını verdi. Əzadar da öz iradəsi ilə bu məktəbi yaşadır, faktiki olaraq, bu hərəkatı davam etdirir.


 


Teqlər