Rəbiül-əvvəlin 12-17- Vəhdət həftəsi və ya islami həmrəylik
Vəhdət həftəsi və ya islami həmrəylik
Müsəlman
dünyasında İslam Peyğəmbəri Məhəmməd ibn Abdullahın (s) mövludu günü
qeyd edilir. İran İslam İnqilabının rəhbəri Ayətullah Xomeyninin elan
etdiyi bu günün mahiyyəti ilə bağlı göründüyü qədər çoxları
məlumatsızdır. Bunun da səbəbi var. Çünki Məhəmməd salavatullahın doğum
günü ilə bağlı iki fərqli fikir mövcuddur. Bulardan biri Peyğəmbərin
rəbiul-əvvəl ayının 12-də, digəri isə 17-də dünyaya gəldiyini deyir
(Həzrəti Peyğəmbərimiz Məhəmməd salavatullah milad təqvimi ilə 571-ci il
aprel ayının 20-də Məkkədəki Bəni Haşim məhəlləsində yerləşən atası
Abdullahdan qalma evdə dünyaya göz açıb – V.T.). Ona görə də İslam
alimlərinin fikrinə əsaslanan müsəlmanlar bu iki günün daxil olduğu
həftəni vəhdət həftəsi kimi qeyd edirlər. Amma bütün bunlar müsəlman
olaraq insanların öz peyğəmbərlərinin mövludu günü ilə bağlı məlumatsız
olmasına əsas vermir. Xüsusilə də indiki ali dini təhsil alanların
sayının artdığı bir vaxtda Peyğəmbərimizin doğum gününü bilməmək bir
müsəlman kimi hər birimizə başıaşağılığı gətirir. Vəhdət həftəsinin məhz indiki məqamda qeyd olunması və tam mahiyyəti
ilə qəbul edilməsi çox zəruridir. Çünki neçə ildir islam torpaqlarında
qan qurşağa çıxır, müsəlmanların və tapındıqları dinin terrorçu obrazı
yaradılıb. Heç olmaya özünə müsəlman deyən terrorçu, intiharçı və sair
bədnam ünsürlər peyğəmbərin xatirinə bu bir həftə ərzində «atəşkəs» elan
etsin və dünyaya dinimizin heç də qana susamış olmadığını
isbatlasınlar. Peyğəmbərin mövludu ölkələrdə Yeri gəlmişkən, bir sıra müsəlman ölkələrində Peyğəmbərin doğum günü
ən yuxarı təbəqələrdə qeyd edilir və möhtəşəm tədbirlərlə müşayiət
olunur. Məsələn, qardaş Türkiyədə və bu ölkənin dünyanın hər yerində
tikdirdiyi məscidlərdə xüsusi mərasimlər keçirilir, xütbələr oxunur.
Türkiyənin özündə qeyri-rəsmi şəkildə bayram şənlikləri təşkil olunur,
geniş tədbirlər düzənlənir. Hətta həmin şənliklərə prezident, baş nazir
və nazirlər, millət vəkilləri, dövlət və hökumət məmurları da
qatılırlar. İranda da Məhəmməd salavatullahın doğum günü təntənəli şəkildə qeyd
olunur. Hicri-Qəməri təqvimə əsasən, hər il Rəbiyyül-əvvəl ayının 12-də
Məhəmməd Peyğəmbərin doğum günü kimi qeyd edilir. Amma şiələr bu bayramı
həmin ayın 17-də keçirirlər: “Ona görə də hər iki tarixi bir araya
gətirmək məqsədilə həmin tarixi həftə İranda Vəhdət həftəsi
(həfteyi-vəhdət) elan olunub. Burada məqsəd odur ki, heç olmasa, ildə
bir dəfə bu müqəddəs günlərdə sünnilərlə şiələr vəhdətdə olsunlar,
birlik nümayiş etdirsinlər. Küveytdə Məhəmməd salavatullahın mövludu günü böyük təntənə ilə
keçirilir, amma qeyri-rəsmi. Buna baxmayaraq, Peyğəmbər salavatullahın
doğum tarixi ölkədə istirahət günü qeyd olunub. Bir neçə gün ərzində
Küveyt xalqı təntənəli şənliklər keçirir, maarifləndirici tədbirlər
təşkil olunur. Məhəmməd salavatullahın mövludu günü Misir xalqı üçün çox
əhəmiyyətlidir. Ölkənin hər yerində həm rəsmi, həm də qeyri-rəsmi
tədbirlər təşkil olunur. Bundan əlavə, Peyğəmbərimizin mövludu bir həftə
ərzində Misir mətbuatının gündəmindən düşmür. Alimlər bir araya gəlməlidir Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Yakın Ortadoğu Universiteti
ilahiyyət fakültəsinin dekanı Yusuf Suiçməzin qənaətincə, müsəlmanlar
arasında həmrəyliyin və vəhdətin yaranması çox yaxşıdır. Çünki müasir dövrümüzdə, ümumiyyətlə, insanlığın vəhdətə
ehtiyacı var. Müsahibimizin fikrincə, təriqətləri birləşdirmək mümkün
olmasa da, onların bir-birinə hörmətlə davranmasını təmin etmək olar:
«Hətta əgər birləşəcəklərsə də, əvvəlcə bir-birinə hörmət göstərməyi
bacarmalıdırlar. Bu da insan haqq və azadlıqlarına hörmət təməlli bir
din anlayışını inkişaf etdirmək yolu ilə mümkündür». Y.Suiçməzin
sözlərinə görə, bunun üçün ilahiyyətçi alimlərin bir araya gələrək
mükəmməl bir layihə işləməsi lazımdır. Çünki bu məsələni siyasətçilərin
öhdəsinə buraxmaqla, işi daha da çətinləşdirmək olmaz.